Üzeyir Hacıbəyli

Ordan-burdan: [Bir şvesarlı ilə bir müsəlmanın söhbəti]

Müsəlman. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?
Şvesarlı. Bəli, adamdırlar, necə?
Müsəlman. Heç, elə-belə soruşurdum. Deməli sizdə də bəy, xan, dövlətli və qüvvətli adamlar var?
Şvesarlı. Bəli, hamısı var!
Müsəlman. Bəs sizin o kasıblarınız və zəifləriniz, zadınız nə təhər dolanırlar?
Şvesarlı. Kasıblarımız öz kəsbinə məşğuldur, zəiflərə də qüvvətli adamlar kömək eləyirlər...
Müsəlman (təəccüblə). Necə yəni?
Şvesarlı. Necə "necə yəni?"
Müsəlman. Axı, sən deyirsən ki, zəiflərimizə qüvvətli adamlarımız kömək eləyir, onda bəs, deməli, siznən bizim aramızda asimanü zəmin təfavüt var!
Şvesarlı (təəccüblə). Necə yəni?
Müsəlman. Necə "necə yəni?".
Şvesarlı. Axı sən deyirsən ki, zəif adamlarımıza qüvvətlilərimiz kömək eləyirsə, sizinlə bizim aramızda asimanü zəmin təfavüt var. Bəs, onda deməli, sizin işiniz tərsinə düşüb.
Müsəlman (təəccüblə). Necə yəni?
Şvesarlı. Necə "necə yəni?".
Müsəlman. Axı, sən deyirsən ki, sizin işiniz tərsinə düşüb nədir, nədir sizin qüvvətli adamlarınız zəif adamlarınıza kömək eləyir. Amma bizimki eləmir, halbuki, "avandına" düşən elə əsil bizimkidir. Çünki zəif yaranıbdır ki, zəif olsun, qüvvətli də yaranıbdır ki, qüvvətli olsun. Daha burada kömək, filan yəni çi?
Şvesarlı. Necə "necə yəni kömək, filan yəni çi?"
Müsəlman. Necə "necə yəni kömək filan yəni çi"?
Şvesarlı. Axı, sən deyirsən ki, zəif, zəif yaranıb, qüvvətli də qüvvətli. Kömək, filan da lazım deyil. Bəs, deməli, onda dünya elə bir sinif adamlardan ötrü yaranıbdır?
Müsəlman. Necə yəni?
Şvesarlı. Necə "necə yəni?"
Müsəlman. Axı, sənin sözündən bu çıxır ki, guya qüvvətli gərək zəifə kömək edə, bəs, yaxşı, bəlkə onda birdən qüvvətli kömək elədi, zəif də qüvvətləndi, onda nə?
Şvesarlı. Necə yəni?
Müsəlman. Necə "necə yəni?".
Şvesarlı. Axı, sən deyirsən ki, bəlkə zəif qüvvətləndi, onda nə? Elə bizim də istədiyimiz zəifin qüvvətlənməsi deyilmi?
Müsəlman. Necə yəni?
Şvesarlı. Necə "necə yəni?"
Müsəlman. Axı, sən deyirsən ki, bizim də istədiyimiz zəifin qüvvətlənməsidir. Deməli, onda siz allahsız iş görmək istəyirsiniz?
Şvesarlı. Necə yəni?
Müsəlman. Necə "necə yəni?"
Şvesarlı. Axı, sən deyirsən ki, onda allahsız iş görmək istəyirsiniz. Deməli, sizlərdə zəif qüvvətlənsə vay qüvvətlinin halına, halbuki bizlərdə zəif qüvvətlənsə qüvvətli də rahət olar.
Müsəlman. Necə yəni?
Şvesarlı. Necə "necə yəni?"
Müsəlman. Axı, sən deyirsən ki, sizlərdə zəif qüvvətlənsə, qüvvətli də rahat olar. Sözün doğrusu, görünür ki, siz çox qəribə tayfasınız?
Şvesarlı. Xeyr, qəribə tayfa sizsiniz ki, zəif adamlarınızın qüvvətlənməsindən qorxursunuz.
Müsəlman. Xeyr, qəribə tayfa, sizsiniz ki, öz xeyri-şərinizi bilmirsiniz!
Şvesarlı. Ha, ha, ha, ha!..
Müsəlman. Zəhrimar!..

                                                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 321-322.