Üzeyir Hacıbəyli

Vəzirlər proqramı

Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.
Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə "qanun"ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.
Binaəleyh vəzirlər proqramı bildirir ki, müvəqqəti qanunlar tərtib olunacaqdır. Söz yoxdur ki, sonra vəzirlər heyəti müvəqqəti qanun sazlıq vəzifəsini məclisə həvalə edib özü isə doğrudan doğru olan icraat vəzifələrinə mübaşir olacaqlar.
Müstəbid dövlətlərdə olduğu üzrə Osmanlıda dəxi vergi və alacaq işlərinin böyük nizamsızlıq və ədalətsizlik ilə icra olunduğu məlum idi. Köhnə üsul üzrə icra olunan vergi işlərindən dövlət xəzinəsi bir o qədər qazanmırdı, nə qədər ki, məmurlar qazanırdılar, binəva əhali isə, vergi ağırlığı altında əzilib, qüvvətdən düşürdü. İştə vəzirlər proqramı vergi üsulinin islahini vəd edib də ədalət ilə yığılacağını və bütün məmləkətdə maliyyatın tərəqqisinə qeyrət ediləcəyini bildirir.
Artıq şayani təqdir və təhsin burasıdır ki, xəstəlik mikrobları kimi əhalinin canına daraşmış bir çox müftəxor məmurlar əzi edilib və lazım olan məmurların maaşı və məvacibi müntəzəm surətdə verilib də bu surətlə idareyi-mülkiyyə islah olunacaqdır.
Hər bir əmrdə iqtisadə riayət olunacağını və idareyi-əskəriyyədə dəxi israfdan çəkiniləcəyini işarə edib də vəzirlər proqramı orasına 
diqqət yetirir ki, dövlətin qoşun və flotunun tənzim və təqviyyəsi üçün lazım olan səy və qeyrət müzayiqə edilməyəcəkdir. Osmanlı düvəli- müəzzəmədən sayılır. O surətdə düvəli-müəzzəmənin hər biri malik olduğu bəri və bəhri qüvvət Osmanlıda da olmalıdır. Bu gün menşikovların və çörçillərin: "Almaniyaya hörmət lazımdır" - deyə bağırmaları Almaniyanın son dərəcə müntəzəm quru və su qüvvəsinə malik olmağı sayəsindən irəli gəldiyini Osmanlı vəzirlər heyəti bilir. Proqramda işarə olunan vətənpərvərlik hissi də vəzirlər heyətinin ağzından çıxan sözlər olduğuna alqışlar edib də, bizlərdə "hazır ol cəngə, əgər istərsən sülh və səlah" və Avropada "müsəlləh sülh" adlanan, iqtizayi-zəmanəyə görə söylənən sözləri xatirimizə gətiririk.
Nəşr və tözii maarif içində vəzirlər heyəti xidmətlərdə bulunacağını proqramda göstərir. Osmanlı məmləkətində hər dürlü məktəblərin istibdad zəmanında dəxi kafi dərəcədə olduğunu iqrar edənlər var idi.
Lakin o məktəblərdə də istibdad hökm-fərma olduğuna görə həqiqi maarifə xidmət görünmürdü. İndi isə haman məktəblərin Avropa üsulu üzrə təchiz və tənzim ediləcəyi qətiyyən ümid olunur.
Proqram deyir ki, sair dövlətlər ilə Osmanlı dövləti münasibəti sülhükaranadə olmağa səy edib də öz şən və heysiyyətini əbqayə çalışacaqdır.
Osmanlıda osmanlıların özləri məhrum olan bəzi hüquqa əcnəbi təbələrinin malik olduğu məlum idi.
Proqramda işarə olur ki, dövlətlərin razılığı ilə bu müstəsna hüquqlar ləğv ediləcəkdir. Ən axırda proqramda deyilir ki, məmləkətin idarəsi hər bir halda qanuni əsasini iqtiza edən islahat hər yerdə icra olunacaqdır.
Sultan həzrətlərinin amal və arzusu layiq surətdə təqdir və arai-ümumiyyə tərəfindən təqviyyə olunacağını vəzirlər ümid edir. Bizə məlum olduğu üzrə sultan həzrətlərinin amal və arzusu - öz dili ilə bir cəm qəfir və bütün diplomatiya korpusu hüzurunda deyildiyi kimi - təbəsinin səadət və rəfahətidir.

                                                                                                                                                         Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 16-17.