Ordan-burdan: [İran ixtişaşına dair]
Əmir Bahadırı-Cəng və Şeyx Fəzlullah.
Şah pəncərənin qabağında oturub fikir edirdi və bığını bururdu. Əmir Bahadırı-Cəng də aşağıda əyləşmişdi.
Bu haman o zaman idi ki, məclisin dağılmağına və cahangirxanların, mələkəlmütəkəlimeynlərin də boğulmağına bir-iki gün qalmışdı.
Şah soruşdu:
- Bəs nə tövr edək ki, istibdadı saxlayaq?
Əmir Bahadırı-Cəng cavab verdi:
- Müctəhidləri görmək lazımdır.
Şah yenə soruşdu:
- Müctəhidlər nə qayıra bilərlər?
Əmir cavab verdi:
- Hərgah müctəhidlər bir dəfə desələr ki, məşrutə şəriətə görə haramdır, bütün İran məşrutədən əl çəkər.
Şah dedi:
- Bəs nə tör müctəhidləri bu işə vadar etmək olar?
Bu halda Əmir Bahadır-Cəng "Faust" operasından Mefestofelin, yəni İblisin bu sözlərini oxudu:
"Dünyada bütün bəni növi bəşər
Müqəddəs büt olan pul üçün əlləşər".
Şah qandı ki, vəzir nəyə işarə edir və tez onun cibini qızıl ilə doldurub, dedi ki, di durma tez ol!
Əmir Bahadır-Cəng qızılları cibinə doldurub otaqdan çıxdı və düz Şeyx Fəzlullahın yanına getdi.
Tehran müctəhidi Şeyx Fəzlullah fisincanplovu yeyib və çayını içib qəlyan çəkməyə məşğul idi.
Xəbər verdilər ki, Əmir Bahadır-Cəng onun görüşünə gəlibdir. Müctəhid ayağa durdu və dedi ki, buyursun.
Əmir Bahadır-Cəng içəri daxil oldu, əvvəlcə salamlaşıb, sonra bir qədər durdular. Sonra şeyx oturmağı təklif etdi. Əmir Bahadır oturdu. Şeyx onu gözləyib özü də oturdu. Bu surətdə Əmir Bahadır təzim üçün yerindən qalxdı, sonra oturdu. O halda şeyx də təzim üçün bir qədər durdu, sonra oturdu. İndi Əmir Bahadır durdu, sonra oturdu. Ona müqabil şeyx durdu, sonra oturdu. Qərəz, bunlar tərəzinin gözləri kimi biri qalxır, biri enir, axırda müsavi oldular.
Əmir soruşdu:
- Ağanın əhvalı necədir?
Şeyx baş əyib ərəbcə beş altı söz söylədi və o da Əmirin əhvalını soruşdu.
Əmir cavab verdi ki, lillahil həmd, yaxşıyam, ancaq dövlətin dərdi, mənim canımı bərk sıxır. Camaat şahı tovlayıb hökuməti əlinə alıbdır. Şah da gendən baxa-baxa qalıbdır.
Şeyx başa düşmədi ki, Əmir və deyir. Amma yenə ona bir cavab vermək üçün söylədi ki, bəli, madam ki, insan anadan təvəllüd elədi, onun başı olar şah və qalan əzaları da rəiyyət. Məgərinki gözlər və ruh, yəni gözlər olar vəzir, ruh isə ruhanilərdən ibarətdir və ərəbcə bir neçə söz söylədi.
Əmir soruşdu ki, ağa, siz ki, bütün aləmi islamın böyüyü, rəisi ruhanisisiniz və bütün aləmi islam, istər Hindistanda olsun, istər Əfqanıstanda olsun, sizin sözlərinizə gərək müti olsunlar (bu yerdə şeyx əlini saqqalına aparıb bir dəfə seyqəl çəkdi). Aya siz məşrutəyə nə nəzərlə baxırsınız?
Şeyx əmr etdi ki, çay gətirsinlər və qəlyanı tazalasınlar. Ondan sonra üzünü Əmirə tutub dedi:
- Məşrutə əsli ərəb sözüdür. Özü də məful babindən gəlir. Məsələn şərətə, şərətu, şərətunə və hüvə, şaritunə, vələm məşrutunə! Zəmani ki, bir məmləkətdə məşrutə elan olundu, haman saət o yerin adamları bir məclisdə təcəmmö edərlər və təcəmmöün də bir neçə qaydası vardır ki, əvvəl ruhanilər, bəd əyan, sonra büzürgan və biləxərə tüccarlar cərgə-cərgə düzülüb dövlət işlərindən söhbət edərlər və çox gözəl sözlər danışarlar və deyərlər ki, heç bir kafirin ixtiyarı yoxdur ki, bila məşrutə İran torpağında bir işə iqdam etsin.
Əmir Cəng yenə soruşdu:
- Aya məşrutə dini islamə müqayirdir, ya nə?
Şeyx cavab verdi:
- Xeyr, müqayir dəyildir.
Əmir Bahadır başını aşağı saldı və əlini cibinə uzadıb, dedi:
- Aya padşah əmr versə ki, məşrutə olmasın, o surətdə ona nə deyərlər?
Şeyx cavab verdi:
- O surətdə şah xilafi şəriət iş görmüş olar.
Əmir Bahadır şeyxin üzünə baxıb və dəsmal çıxartmaq bəhanəsilə cibində olan pulları çıxartdı...
Zər və simin sədayi-mübarəki şeyxin cəmi müqəddəslərinə əks əndaz olan kimi üzü təğyir tapıb dedi:
- Əmma!
Əmir Bahadır ürəyində güldü və dedi: "Boş damarın əlimdədir lotu. İndi bu saat səni tərsinə danışdıracağam!".
Bərkdən dedi:
- Buyurdunuz ki, "əmma"... - və yaxşı oturmaq bəhanəsilə qurcalanıb ciblərini tərpətdi, qızılın səsi aşkar eşidildi.
Şeyx dedi:
- Bəli, əmma... əmma! Bir də məsləhət var! Məsələn, əgər biz baxaq görək ki, şah istəyir məşrutə olmasın, o surətdə bir məsləhət qurmaq lazımdır.
Əmir Bahadır-Cəng tez əlini cibinə salıb dedi:
- Şah sizə bir balaca hədiyyə göndərmişdir. İndi yadıma düşdü! - Və əlini cibinə salıb qızılları ortaya çıxartdı.
...On dəqiqədən sonra Şeyx Fəzlullah Əmir Bahadırı yola salıb belə deyir:
- Məşrutə də var, məşrutə də var. Məsələn, o məşrutə ki, bu saat kafirlər qurublar, bizim üçün qətiyyən haramdır. Ona binaən, həmin məclis ki, kafirlərin məşrutəsinə təqliddir, biz müsəlmanlardan ötrü it əti kimi haramdır!
Əmir Bahadır arxayın olub çıxdı. Və gəlib şahı dəxi arxayın etdi. Sabahı günü Tehranda top səsi eşidilirdi.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 24-25.
