Üzeyir Hacıbəyli

Qara Qarayev. Unudulmaz müəllim, böyük sənətkar

Qara Qarayev. Unudulmaz müəllim, böyük sənətkar

Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir. Zaman bu böyük istedadın qurduğu əzəmətli binanı sarsıtmaqda nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik.

Azərbaycan opera sənətinin inkişafı, öz qüdrətli istedadını xalqa sərf etmiş Üzeyir Hacıbəyovun adı ilə qırılmaz tellərlə bağlıdır. Hacıbəyov bütün Yaxın Şərq aləmində ilk opera olan "Leyli və Məcnun", eləcə də ən yaxşı sovet operalarından biri olan, Azərbaycan mədəniyyətinin gözəl incilərindən sayılan "Koroğlu"nun müəllifidir.

Gözəl bəstəkarımızın yaradıcılıq yolu heç bir zaman dinclik bilməyən, daim musiqi yaradıcılığının yüksəkliklərinə can atan, öz sənətkarlığını yorulmadan cilalandırmağa çalışan böyük bir istedadın inkişafını əks etdirən parlaq nümunədir. Musiqişünaslarımız Üzeyir Hacıbəyov irsinin öyrənilməsi sahəsində xeyli iş görmüşlərsə də, onun təxminən 50 il əvvəl yazılmış ilk əsərləri ilə həyatının son dövründə yazdığı əsərlərin, xüsusən "Koroğlu" operası, o cümlədən xalq musiqisinin təbiətinə nüfuz etmək nümunəsi olan, öz gözəlliyi ilə hamını heyran edən "Firuzə" operası arasındakı məsafəni hələ də lazımınca, aydın tədqiq etməmişlər. Bu mənalı yaradıcılıq yolunu hərtərəfli öyrənmək lazımdır.

Üzeyir Hacıbəyovun ilk yaradıcılıq addımları müvəffəqiyyətlə qarşılanmış və xalq tərəfindən bəyənilmişdir. "Leyli və Məcnun" operası dərhal ürəklərə yol açmış və o zaman hələ çox gənc olan bəstəkara şöhrət qazandırmışdır. Lakin bu müvəffəqiyyətlər müəllifi aludə etməmişdir. Bütün həqiqi yaradıcılar kimi, o da yeni, daha mükəmməl bədii vasitələr axtarmış, öz istedadını inkişaf etdirmək üçün yeni yollar tapmağa çalışmış, öz qarşısında yeni-yeni çətin və mürəkkəb yaradıcılıq vəzifələri qoyaraq rus və Qərbi Avropa musiqisinin opera nümunələrini diqqətlə öyrənmiş, hər cür ağır zəhmətə qatlaşmışdır.

Unutmaq olarmı ki, dünya şöhrəti qazanmış "Arşın mal alan" musiqili komediyasının müəllifi Üzeyir Hacıbəyov tələbə həyatının çətinliklərinə baxmayaraq, öz təhsilini davam etdirir, sənətkarlığını təkmilləşdirir, musiqi dilinin saflığına və aydınlığına nail olmağa çalışırdı. Yaradıcılıqda rahatlıq bilməyən, milli sənətin inkişafı üçün daim yeni yollar axtaran, öz istedadına həmişə son dərəcə tələbkar olan Üzeyir Hacıbəyov bizim bəstəkarlarımız üçün unudulmaz bir nümunə olmalıdır.

Üzeyir Hacıbəyov həyatının son günlərinədək xalqdan ayrılmamış, yaradıcılıqda özünə dost bildiyi xalq musiqi ustalarına heç bir zaman yuxarıdan baxmamışdır. Öz musiqi dilini zənginləşdirmək, yeni bədii ifadə vasitələri tapmaq məqsədini izləyən bəstəkar xalq sənətinin həyat bulağından daim su içmişdir. Eyni zamanda öz əsərlərində heç bir zaman xalq nəğmə və muğamlarını eynən təkrar etməmiş, xalq musiqisinin mahiyyətini ifadə etmək üçün özünün orijinal yaradıcılıq üslubunu yaratmağa səy göstərmişdir. O, xalqın musiqisindən istifadə edərkən onu yeni bir keyfiyyətlə, zənginləşdirilmiş bir şəkildə xalqa qaytarmaq məqsədini izləmişdir. Müqayisəli dillə desək, o, tonlarla musiqi dəmir külçəsini işləyərək xalq musiqi dühasının qramlarla qızılını əldə etməyə çalışmışdır.

Hacıbəyovun böyük yaradıcılıq qəhrəmanlığı özünün ən mükəmməl ifadəsini onun ölməz "Koroğlu" operasında tapmışdır. Bu operanın saysız-hesabsız gözəlliklərindən bu gün biz onun hər cür süni bər-bəzəkdən, zahiri dekorativ yaraşıqdan uzaq olub, öz müdrik aydınlığı və sadəliyi, incəlik və saflığı ilə fərqlənən musiqi realizmini və inandırıcılığını, parlaq sənətkarlıqla birləşən xalq ruhunu xüsusilə qeyd etməyi lazım bilirik.

Moskvada keçiriləcək Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü ərəfəsində istər-istəməz 1938-ci ildə keçirilən birinci ongünlük gözümüzün qabağında canlanır. Üzeyir Hacıbəyovun həm musiqisi, həm də onun ongünlüyə hazırlıq prosesində göstərdiyi qayğıkeşlik və məsuliyyət bu ongünlüyün, demək olar ki, canı, ürəyi idi. O günlərdə Üzeyir Hacıbəyov hər bir xırda işə böyük qayğı ilə yanaşır, cavan aktyorlara, çalanlara, oxuyanlara, bəstəkarlara vaxt sərf edib, onlara yol göstərirdi. Onun öz musiqisi ongünlük proqramında çox böyük yer tuturdusa da, o həmişə böyük təvazökarlıq göstərir və qeyd edirdi ki, ongünlük Azərbaycan xalqının ongünlüyüdür, onun əsərləri isə Kommunist Partiyasının və Sovet hökumətinin qayğısı sayəsində Azərbaycan xalqının qazandığı böyük mədəni nailiyyətlərin cüzi bir hissəsidir.

Görkəmli musiqi ustasının, gözəl insanın, qayğıkeş müəllim və dostun surəti bizim xatirimizdə məhz bu cür, müdrik və sadə, böyük və təvazökar bir surət kimi yaşayır.

Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 290-292.