Nuri-didə Ceyhun və Zöhrə!: [1 oktyabr 1925-ci il]
Salam-duadan sonra bizlər sağ və salamət gəlib Bakıya varid olduğ, indi öz işlərimizə məşğul varıq. Digər tərəfdən sizin barədə eyzən çalışmağda davam edirik. İşlərin tövri boylə göstərir ki, sizlər buraya qayıtmalısınız. Burada olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı boylə məsləhət görürlər ki, siz buraya gələsiniz.
Sən buraya gələn kimi qulluğ işi də düzələr və biz də axırda bir görüşərik. Musanın sənin üçün orada qulluğ düzəltmək fikri pis fikir degildisə də fəqət mən boylə görürəm ki, Musa bu fikrini qövldən felə keçirincə nəinki aylar, bəlkə illər də gəlib keçər, çünki bu saət Musanın başı o qədər qatışıqdır ki, mən onu bir aydır ki, nə evində, nə də qulluğ yerində görə bilirəm, hətta telefon ilə də danışa bilmiyorəm, çünki heç bir yerdə yoxdur... Axırda bu günlərdə yoldaşlardan Əliheydər ilə görüşüb işi bu qərara qoyduğ ki, biz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə müraciət edək ki, sizin buraya gəlməginizə izn alan kimi sizə məlum edərik. O halda siz də gələrsiniz. Əliheydər yoldaş söz verir ki, siz gələn kimi yaxşı qulluğ sahibi olarsan və bizə qarşı göstərilən hörmət sənə dəxi göstərilər.
Əliheydər yoldaşın bu sözü bizdən və səndən ötrü böyük bir sübutdur. Çünkü onun bir kərə söz verməgi kifayətdir.
Əlbəttə, sizin buraya gəlməginiz lazımdır, cünki əvvəla mən oxumağa getsəm də, ancaq bu ilin axırında gedəcəgəm və saniyən, anam qocalıbdır, sizi və uşağları görmək istəyir və salisən, daha bir o qədər qürbətdə qaldınız bəsdir, indi də Vətənə qayıdıb bir iş sahibi olmağ lazımdır ki, həm uşağlarınız barəsindən arxayın olarsınız, həm də Azərbaycana bir mənfəət yetirəsən və bir də buranın yaşayışı bu saət cox gözəldir, hər kəs öz işində-gücündə, ələlxüsus biz ki, günlərimizi həqiqət çox yaxşı keçiririk. Ona görə siz indidən yola hazırlaşsanız yaxşı olar ki, sonralar soyuğlar düşər, uşağlar üçün çətin keçər. Gələndə də Moskva tərəfilə gələrsniz ki, daha yaxşı yoldur.
Qərəz bu günlərdə izn və viza alıb sizə göndərəcəyik ki, əlbəttə, durmayıb gələsiniz, o vəxt nə sayaq gəlməgin tövrünü dəxi müfəssəl sənə yazıb bildirəcəyik və yol xərci barəsində dəxi tədbirlər görüləcəkdir. Baqi yəqin bilin ki, məsləhət boylədir yəni gəlməkliginiz vacibdir. Bizim tərəfdən, baxüsus nənəm, Məleykə və hamılıqca uşaqların üzlərindən öpüb və deyərsiniz ki, bu yaxınlarda Bakıya gedib hamı ilə görüşərlər.
Bəradərin Üzeyir. l.X.(1925)
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 362-363.
