Üzeyir Hacıbəyli

Ordan-burdan: [Duma yaxınlaşır]

Bir "inteligentin" xəyalı
Pah-pah Duma yaxınlaşır! Görəsən bizlərdən kimi seçəcəklər! Allahın altında məni seçə idilər!. Nə tövr edim ki, məni seçsinlər?.. Nə kələk qurum? Kimi "padkupit" eyləyim...
Ox! Ölməzdim bir o günü görsəydim ki, mən dumaya deputat seçilib, Peterburq deyibən bir gedirəm!.. Deyirlər ki:
Dərin dərya kəsi biqəm nəbaşəd,
Əgər başəd bəniadəm nəbaşəd
Amma yox: Mənciyəzi dumaya vəkil seçsinlər. Əgər desəm ki, bir qəmim var atam mənim şeytan olsun! Zarafat deyil, canım. Dumada vəkil olmağın bir gör necə ləzzəti var: əvvəla budur ki, bu murdar, zəhlətökən, nəhus vəhşi yerdən çıxıb gedib Peterburq kimi obrazovannı yerdə oturursan, qulaqların pis-pis müsəlman sözü eşitmir, gözlərin pis-pis müsəlman üzü görmür. Əşi bu xaraba qalmış yerdə mənim kimi adamlar bir az çox qalsa vallahi ki, çərlər, dərd, vərəm gətirər! Adam hər yerdə vəhşilik, qanmazlıq, gördükcə ermənilərin, rusların yanında lap əriyib yerə keçir! Gündə görürsən "iznakom"larım mənə deyirlər ki, "posluşay, Qasanbek Camaliç! bu müsəlmanlar qəribə vəhşidirlər! Deyirəm canım, doğrudur. Deyirlər ki, "Yeyboqu" sizin müsəlmanlardan adam olmayacaqdır. Nahaq yerə sairlərinə də "meşat" eyləyirlər. Yaxşı olardı ki, bunları Amerika zənciləri kimi qırıb qurtara idilər! Deyirəm vallahı onda mən çox sevinərdim və sizə də çox "balaqadarit" elərdim, hanı bir elə iş...
Qərəz... hə, bu belə! Bu bir ləzzət ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan.
İkincisi odur ki, böyük bir ad qazanarsan. Yevropada, Rusiyyətdə və hər bir abrazavannı yerdə sənə hörmət elərlər ki, dumaya çilensən, adını qəzetələrdə yazarlar, sənin barəndə hər yerdə danışarlar, xülasə, bilərlər ki, bəli, sən də dünyada varsan.
Üçüncüsü budur ki, sənə orada həmişə allahın verən günü on dana manat nəqd pul verəcəkdirlər ki, heç yatsan da "Yuxuna girməzdi! Bir vaxt var idi ki, mən ayda on manat pul alıb yazı yazmaqdan belim bükülmüşdü. Elə indi də gündə ikicə manat pul alıram. Amma orada mənə verəcəkdirlər gündə on manat pul! Özümün də işim bu olacaqdır ki, gedib padşah imarətində kəmali-istirahət ilə əyləşib, vəzir-vəkillərin danışığına qulaq asacaqam. Güni-yovmiyyədə on dana manatımı alıb, doludaracayam cibimə. İndi, iş buradadır ki, mən bu on manatdan hər gün xərcləyəcəyəm, ha çox xərcləsəm, manat yarım, nu, iki manat; cibimdə qalacaqdır düz səkkiz manat, gündə səkkiz manat, pul ayda eylər düz iki yüz qırx manat.
İndi fərz eyləyək ki, məsələn, altı aydan sonra genə "krayni partiyalar" dələduzluq edib, dumanı dağıtdırdılar. Onda iki yüz manat pul altı aydan sonra eylər neçə manat? Altı dəfə iki yüz, eyləsin min iki yüz, altı dəfə də qırx, eyləsin iki yüz qırx, o da min iki yüz - eylər düz min dörd yüz qırx manat! Bu məndən ötrü çox puldur. Allah bərəkət versin, min dörd yüz qırx manat az pul deyil! Mən bu pulu banka versəm ölənətən məni rahat görər!.. İndi bəlkə dumanı bir il qovmadılar, yainki lap tamam beş il qaldı! Əgər bir il olsa, bu min dörd yüz qırx manat eləyər, iki il olsa, iki min səkkiz yüz həştad manat, amma beş il olsa, vay Allahı! Bədənim tərləyir. On dörd min dörd yüz manat pul eylər!!! Onda di gəl, mənim keyfim gəl!!! "Sobstvenni dom", "sobstvenni ekipaj", "saderjanka", "quvemanka", "elektriçestvo", "Yevropa", "muzıka" pah atanla yeri, adam fikir elədikcə əndamı tərləyir! Yox, canım boğazıma gəlsə də gərək çalışam ki, dumaya məni seçsinlər, yoxsa vallahı ki, burada qalsam bağrım çatlar!".
Doğrudur, kişinin bağrı çatlar!

                                                                                                                                                Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 256-258.