Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun və Zöhrə!: [18 noyabr 1925-ci il]

Salam-duadan sonra sənin kağızın gəldi yetişdi uşağların naxoşluğu bizi daha artıq mükəddər edir. Həva xüsusunda buralar onlar üçün çox gözəl olardı, ələlxüsus yayda "Tesmi və Bakuryani" kimi yerlərə aparılarsa idilər çox böyük mənfəət olardı məncə sən genə necə ki, əvvəlki kağızımda yazmışdım, kömək üçün bizim səfarətimizə müraciət et, zatən oradan cavab alınca bir-iki ay çəkər. Viza aldıqdan sonra yazda da gəlmək olar.

Mənim dəxi ikmali-təhsilə getmək məsələm ilin axırında qəti surətdə müəyyən olacaqdır, ilin axırından ibarət iyun ayıdır ki, o vəxt məktəbimiz tətil edir. Məni ikmali-təhsilə məcbur edən özümün arzumdan əlavə, içərisində yaşadığımız şəraitdir ki, axırda Azərbaycanda musiqi təhsili işləri başında bir nəfər də olsa azərbaycanlı durmalıdır ki, o surətlə Maarif Komissarlığı öz musiqi təlimi proqramını daha asanlıqla yeridə bilər.

Ondan əlavə mənim yoldaşlarım hamısı öz yarımçıq qalmış təhsillərini indi ikmalə yetirib biri direktor, biri incinar və sairə olduğları halda mənim bu xüsusda geridə qalmağım mənə çox ağır gəlir və bir də əlimdə diplom olmamağ işlərimə mane olur. Qərəz çox ümüd edirəm ki, ya Maarif Komissarlığı vasitəsilə və ya öz rizam və xahişimlə bu sənə axırında ikmali-təhsilə gedə bilərəm.

Fəqət bu gün bütün fikrimiz sizin korluq çəkməyiniz üstündədir. Hər gah buraya gəlsəydiniz, əlbəttə, arxayınlıq hasil olardı, əmma indiki təbiblər uşağlara səyahəti məni edirlər, onda, əlbəttə, gözləmək lazım gələcəkdir. Hər halda mən sizə ayda 25 dollardan az olmamaq şərtilə pul göndərməyə davam edəcəgəm. Mən sənə iki gün bundan əqdəm (Cəmal vasitəsilə) 25 dollar göndərdim. Əvvəl istədim ki, beş danə ingilis funtu göndərim, fəqət dedilər ki, dollar yaxşıdır. Sən yaz görək sizin üçün orada dollar almaq mənfəətdir və ya ingilis funtu sərfədir?

Baqi nənəm bu saət sağ və salamətdir və kcyfı də kökdür, sizin gəlmək əhvalınızı söylədim, dedi təki sağlıq olsun, uşağlardan və özlərindən muğayat olsunlar, genə də görüşərik.

Zülfüqar göndərən pulun sənə çatmaması məni çox təəccübləndirir. Tapşırdım ki, bu xüsusda isprafka etsin. Niyazinin oraya göndərilmək məsələsinə bir o qədər də əhəmiyyət vermə. Yazırsan ki, dəva-dərman göndərəsən. Burada hər bir dəva və dərman mövcuddur və öylə şeylərə bu halda heç bir ehtiyacımız yoxdur.

Cəmala tapşırmışam ki, istədigin kitabları sənə göndərsin. Mənim şəklimə gəlincə əgər ondan sənə bir maddi kömək olarsa, o halda göndərə bilərəm, vəilla lüzumi yoxdur. Əlbəttə, cavab yaz görüm. Kağıznan və pul sənə çatdımı və təkrar gələn xüsusunda öz fikrini yaz. Sizə hər ay pul göndərəcəyəm, arxayın ola bilərsən, az olsa da genə də zənn edirəm ki, bu köməkligi dəgər. Yaza qədər qalmağ fikrində olsan özün üçün müəyyən bir iş tap ki, bir də qalan kəm-kəsimizi düzəldə biləsiniz. Baqi nənəm, Məleykə, Abhəyat və sair qohumlar hamısı sizə çox-çox salam-dualar göndərib, uşağların üzlərindən öpürlər. Ceyçik ilə Timuçinə söylə ki, sən onları aldatıyorsan. İnşallah, bir gün olar ki, görüşərik.

Mənim tərəfimdən onları öp. Baqi əddua.

Bəradərin Üzeyir. 18.XI (1925)

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 364-365.