Dumada müsəlman fraksiyasi
Əgər bir əcnəbi Peterburqa gəlib "duma" üzvlərinə tamaşa etmək xahiş edərsə, söz yoxdur ki, ruslardan savayı sair millətlərin nümayəndələrinə dəxi xüsusi bir nəzərlə baxmağı əhəmiyyətsiz görməz və o cümlədən biz Rusiya müsəlman mabuslarını görüb, zənnimcə, xəyalından təqribən bu fikri keçirər:
"İştə, bunlardır ki, iyirmi-otuz milyonluq bir camaatın paymal olmuş hüququnu müdafiə etmək vəzifəsini öhdələrinə alıb, ifasını özləri üçün iqtidarları dairəsində bilibdirlər".
Aya bu fikirdən sonra həmin əcnəbi, Rusiyada vaqe olan seçki nizam və qanunlarını bilümum və seçki icrasının bilxüsus, müvafiqi-arzu olunmadığını dəxi nəzərə alarmı, almazmı... Buna hökm etmək çətindir.
Amma, bizlərdən ötrü həqiqətdir ki, Rusiyada seçki işləri, ələlxüsus, birinci duma buraxıldıqdan sonra, min cürə təhdidat içində vaqe olduğuna görə dumaya həqiqi, millət məbusları göndərib, onların əsil millət nümayəndələri olacaqlarından əminlik hasil etmək çox müşküldür.
Söz yox ki, çoxdan bəri təşkil edib və nizama düşüb məşhur bir partiya namini daşıyan firqələr əlləşib, vuruşub öz üzvlərindən hansı birini olsa da dumaya salandan sonra arxayın olub, yerlərində rahat otura bilərlər.
Amma biz müsəlmanlar arxayın ola bilmərik. Çünki indiyə qədər bizim içimizdə amal və əfkarı müəyyən və əqidə və məqasidi məlum bir firqə hələ əmələ gəlməyibdir. Odur ki, dumaya göndərdiyimiz məbusların vaqedə nə əqidə və nə fikir və nə məqsəd sahibi olduqlarını biz özümüz dəxi bilməyirik. Və ola bilsin ki, bir çoxumuz onları heç əbədi tanımayır və bir dəfə də olsa, dəxi adını eşitməyibdir.
Hərçənd duma açılıbdır və ümum müsəlmanlar tərəfindən müxtəlif yerlərdən seçilmiş vəkillər əlan Peterburqdadırlar və bundan sonra durub camaat arasında "predvıbornaya aqitasiya", yəni seçkiyə hazırlaşmaq söhbətləri açmaq gecdir, amma zənnimizcə bizim camaat üçün hər vaxt, hər nə deyilsə mənfəətdən xali olmaz; buna görə, indi də olsa bu sözləri söyləməyi artıq bilməyirəm ki: Vəxta ki bir məmləkətdə (vükəlayi-milliyyə), yəni, ümuri-idarə məmləkətində camaatın vəkil olub, iştirak etmək qaydası tətbiq olundu, həmin millət o gündən başlayıb, öz gələcək məbuslarını nişan etməlidir. Fəqət, ola bilər ki, məbusluğa layiq olan nişan edilmiş adamlar hökumət əvamirinə görə məbusluq haqqından məhrum edilmişlərdən olsunlar. O surətdə əlac ona qalır ki, məbus ocaqları, şübhəsiz, görünən adamları tanıyıb, bilmək, əqidə və məsləkindən xəbərdar olmağı millət özü üçün fərz hesab etsin və bacardıqca onunla yaxınlaşıb, əsil nümayəndə olacağından əmin və arxayın olsun. Əsasən, özünü millətə tanıtmaq məbusluq arzusunda olan şəxslərin borcudur; lakin buna bir o qədər ürək bağlayıb, rahət oturmaq olmaz. Çünki belə bir mühüm olan millət işlərində cüzi bir etinadsızlığın nəticəsi nə qədər böyük olsa, sonradan-sonraya peşman olmağının nəfi bir o qədər də az olar...
Lakin biz əminik ki, dumanın müsəlman məbusları bizim bu sözlərimizdən heç bir vaxt rəncidəxatir olmazlar, çünki bu sözlərdən məqsədimiz onların əsil millət nümayəndələri olacaqlarından qəti ümid olmaq fikri deyildir. Gələcək, hələ qabaqdadır, binaənəleyh, ümidimiz dəxi qabaqdadır və bir də vaxti ki, onlar millət məbsu olub Peterburqa gedibdirlər, şübhəsizdir ki, özlərində məbusluq gücü hiss etdiklərinə görə, bu ağır vəzifəni öhdələrinə götürübdürlər və ona görə də əsla millət nümayəndəsi olmaq indi, əsasən, onların özündən asılıdır.
Bizim arzumuz dəxi bunların əsil nümayəndəliyi layiq olmalarıdır və o səbəbə və işdə onları tanıdığımız, bildiyimiz vasitələri göstərməyi özümüzə fərz bilib, tövsiyə edirik ki, onlar öz vəzifələrinə artıq diqqət yetirsinlər.
Ən əvvəl biz müsəlmanların məbuslarına lazım olan xüsusi "bir fraksiya" təşkil edib, orada öz millətləri olan ümumi müsəlmanların siyasi, iqtisadi və sairə ehtiyacatı barəsində müəyyən bir fikir hasil etmək və dumada bu fikri lazım olan yerlərdə yeritmək üçün yenə də "fraksiya"ya məlum bir xətt-hərəkət qəbul edib o xüsuslarda müzakirə və müqavilələrdən sonra ümumi qararlar qoymaq və o qərarlara müvafiq dumada iş görməkdədir.
Və bu "fraksiya" (məclisini) tərtib etdikdən sonra məbuslara fərz olan bir də müsəlman mətbuatına dürüst diqqət yetirmək və mətbuatın millət ilə məbus arasında doğrudan-doğruya vasitə olduğunu bir an unutmayıb, orada yazıları hər zaman səmi etibarə almaqdadır.
İçəri Rusiyadan getmiş olan məbusların içində yalnız bir nəfəri təhsili-ali görmüş olduğunu nəzərə alıb, "Tərcüman" və "Vəqt" rəfiqimiz onlara təklif edirlər ki, müsəlman baş bilənlərilə əlaqədar bulunmaq və onlardan təlimat və düsturüləməl əxz etmək üçün bir büro təşkil etsinlər və rusca bir qəzet çıxarmağa başlasınlar.
Biz isə, Qafqazdan göndərilmiş məbusların içində üç-dörd nəfər təhsili-ali görmüş camaat işlərində iştirakları ilə məşhur olan məbusların həmin müsəlman "fraksiyasında" mövcud olacaqlarını nəzərə alıb, "Tərcüman" və "Vəqt" rəfiqimizin təkliflərini vacib ədd etməyiriksə də yenə nəfdən xali görməyirik və şayani-diqqət bilirik.
Hər halda, biz ümidvarıq ki, dumaya getmiş ümumi müsəlman məbusları əsil millət nümayəndələri olduqlarını isbat edib və məqsədi-alinin hüsuluna doğruluq ilə xidmət edəcəkdirlər ki, hüququ ayaqlanmış, hər bir təzyiq və ədalətsizliklərə hədəf olmuş bir millətin müdafiəsi lazımdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 271-273.
