Gələcəyi unutmayalım
Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir.
Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir.
Gələcək qeydinə qalmayıb, vaxtlarını münaziə və münaqişədə keçirən knyazlar və hökmranlar bir vaxt Rusiyanı inqiraz uçurumunun təhlükəli kənarına yetirmişdilər. Lakin bəsirətli və istiqbali-milləti gözləyən mininlər, pojarskilər Vətəni o təhlükədən geri çəkdilər. Rusiyanın gələcəyinə can qurban edəcək qədər çalışan Pyotr Kəbirin səy və cəhdi sayəsində zəif Rusiya əzəmətli, qüvvətli, qonşu qorxuzan bir padşahlıq oldu.
Gələcəyi üçün ciddi surətdə çalışmağa bel bağlamış Yaponiya bugünkü qüvvət, qüdrət və şöhrətə nail oldu. İranı bu təəssüflü hala salan istiqbala qarşı göstərilən soyuqluq və qeydsizlik deyilmi?
Hər bir millətin bir gələcəyi vardır. Bu gələcəyin də yaxşı və yamanlığı millətin özündəndir.
Biz indi görürük ki, bizim sələflərimiz bizdən ötrü nə tövr gələcək hazırlayıbdırlar. İçimizdə olan müxtəlif əməllər, fəna rəftarlar, axırımıza çıxacaq qədər bizi bezar edən pis-pis hərəkətlər hamısı sələflərimizin adətləri imiş ki, bu günə qədər içimizdə davam edib, tərəqqi və taalimizə böyük sədd olmuşdur. Əgər, sələflərimizin işlərinə dürüst diqqət edərsək, belə bir nəticəyə gələ bilərik ki, sələflərimiz bizi yox etmək, yer üzündən götürmək istəyirmişlər. Biz dəxi, əlbəttə, sələflə rimizə iqtida edərsək, gələcək xələflərimiz üçün çox bir əsəfli istiqbal hazırlarıq ki, bəqasi məşkuk və dəvamı iştibahlı olar.
Biz bu gələcəyimizi əziz tutub da onun təmini üçün çalışmalıyıq. Biz elə bir meydan hazırlamalıyıq ki, övladımız orada kəsbi-qüvvət etməyə, bari, bizdən qalmış mümaniələrə düçar olmasınlar.
Biz elə bir münbit yer hazırlamalıyıq ki, gələcək adamlarımızın əmin, arxayın yaşayıb da getdikcə tərəqqi və təkamülünə böyük bir təkan olsun. Biz indiyə qədr ömür sürmüşük, indidən sonra da ömür sürməliyik...
Çifayda.
İndi işlərimizə baxanda və indiki mövqeyimizi nəzərə aldıqda, gələcəyimizin halı çox məxşuş görünür. Rusiya inqilabı, ümumiyyətlə və erməni-müsəlman iğtişaşı xüsusilə bizdən ötrü böyük bir zərbə oldusa da və bizi qəflət yuxusundan oyandırdısa da, görünür ki, bir dəfə göz açmağa ixtifa edib, təkrar mürgüləməyə başladıq...
Başladığımız işlərin, bulunduğumuz təşəbbüslərin ən böyüyü idareyi-ruhaniyyə islahilə Dövlət dumasına vəkil seçmək idi. Bu böyük və ən mühüm işlərin ikisi də namüsaid olub, nəticələri də ikisi bir yerdə heçə bərabər oldu. Nə etməli? Təəssüf deməklə bir şey olmaz. Yaxşısı budur ki, keçmişdə göstərdiyimiz qeydsizliklər ilə bacarıb, nəfibərdar olaq. Hər halda çalışaq, lakin işə əhəmiyyət nəzərilə baxaq ki, çalışmağımızdan da bir şey hasil ola bilsin.
Qonşuluğumuzda olan iki millətin gələcək üçün nə cur və nəzər ilə çalışmalarını görürük. Qonşularımız elm cəhətincə bizdən artıqdırlar.
Onların qeyrət və himməti dəxi bizdən artıqdır. Bizlər də bunlar kimi ciddi surətdə çalışmasaq, yəqin ki, axırda bunların müqabilində heç mənziləsində qalarıq.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 240-241.
