Ordan-burdan: [Eynüddövlə, yəni dövlətin gözü]
"Dövlətin gözü" Təbriz üstə gedib bir şey bacarmadı; ona binaən şah təkcə oturub fikir edirdi ki, bu səfər Təbriz üstə bir ayrı adam göndərib adını da Səmiiddövlə, yəni dövlətin qulağı qoysun. Çünki doğrudan da bəzi vaxt göz görə bilməyən işi qulaq çox yaxşı görür. Məsələn, deyib şah məsəl üstə fikir edirdi.
Dəlallüddövlə içəri daxil olub dedi:
- Padşah sağ olsun, ərzim var!
Və bu əhvalatı nəql etdi ki, Bakı şəhərində olan iranlılar budur iki gündür ki, tətil edib, konsulxanaya yığılıblar və deyirlər ki, şah məclisi açır açsın - və illah açmasa tətilə davam edib, konsulxanadan çıxmayacağıq.
Şah vahiməyə düşdü və barmağını yuxarı qaldırıb dedi:
- Görünür ki, bunların bir xatası var!
Dəlallüddövlə də şahın sözünə qüvvət verib dedi:
- Mən də o cürə anlayıram. Görünür ki, bunların bir xatası var.
Şah soruşdu ki:
- Sən nədən elə anladın?
Dəlallüddövlə cavab verdi:
- Teleqramın zahirindən!
Şah dedi:
- Mən də teleqramın zahirindən. - Və sonra soruşdu: - Teleqramın zahiri nə tövrdir?
O cavab verdi:
- Şah sağ olsun, teleqramın zahiri çox məzəlidir. Məsələn, ya mənə bir tümən pul ver, ya budur ki, ağaca çıxacağam!
Şah dedi:
- Afərin, mənə də elə görünür. Amma batini qorxuludur.
Dolallüddövlə yenə təsdiq etdi ki, batini qorxuludur.
Şah soruşdu:
- Bəs nə bilirsən ki, batini qorxuludur?
O dedi:
- Əgər Bakı iranlıları bu teleqramla yalnız bir protest göstərmək istəyirdilərsə, lap nahaq yerə zəhmət çəkirlər. Çünki onsuz da biz bilirik ki, məclisin açılmağının nəinki bir Bakı, bəlkə bütün Qafqazda olan iranlıların çoxuna xoş gəlmir və bu da bizdən ötrü birdir. Əgər xoşagəlməməkdən və quru protestdən qorxsaydıq, məclisi çoxdan açmışdıq.
Şah - Amma biz qorxmadıq!
O - Bəli! Ona görə də məclisi açmadıq.
Şah - Bunu da hamı bilir.
O - O cümlədən Bakı iranlıları da.
Şah - Bəs?
O - Bəs, deməli, bunların fikri protest deyil.
Şah - Və illah xalqı güldürürlər! Eləmi?
O - Əlbəttə! Bəs görünür ki, bunların fikri ayrı cürdür və necə ki buyurdunuz bunun yaman xatası var.
Şah - Bizim də qoşunumuz yox.
O - Olsa da, yığmaq üçün pul yox!
Şah - Pul tapmaq üçün də etibar yox!
O - Etibar qazanmağa da üzümüz yox!
Şah - Eynüddövlə, boynunu yerə soxduğum da, bişüur çıxdı! Xub, sən de görüm nədən anlayırsan ki, bu teleqram qorxuludur.
O - Şah sağ olsun, mən bu teleqramın batini məzmununu belə anlayıram: "Biz tətil etdik", - yəni o günü qazandığımız puldan əl çəkib cibimizə qoymadıq, bəlkə bir ayrı yerə qoyduq ki, sonra onu... Səttarxana göndərək! Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda neçə min iranlı var!?
Şah - Afərin, mən də o cürə qanmışam! Bəs konsulxanaya yığılmaq nədir?
O - Şah sağ olsun, "konsulxanaya yığılmaq", yəni deyirlər ki, hamımız cəm olub, Təbrizə getmək istəyirik ki, Səttarxana kömək edək. Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda nə qədər iranlı var?
Şah - Doğrudur! Bəs bunların xatası var! Aya görək nə etməli?
O - Şah sağ olsun, o biri vəzirləri də, Əmir Cəngi də çağıraq, görək nə deyirlər!
Hamını çağırdılar, şura quruldu. Şah əhvalatı onlara elan etdi. Vəzirlər bu xəbəri eşidib bikef oldular və dedilər:
- Xəbər gətirən evin yıxılsın!
Şah dedi:
- Ya bir əlac tapın, ya da ki, məclisi açıram.
Əmir Cəng qorxub, dedi ki, şah sağ olsun, bir qədər səbrini bas, hövsələ elə, görək nə əlac var? Və əmr verdi Lyaxov da gəlsin görək, o yenə bu cürə işlərə yaxşı bələddir.
Lyaxov gəldi. Şah dedi ki, Bakı iranlıları teleqraf vurub məclisin açılmağını tələb edirlər. Əgər məclis açılmasa, onlar neçə gün "tətil" edib, yəni o günləri qazandıqları pulları yığıb Səttarxana göndərəcəklər. Özləri də ona köməyə gedəcəklər.
Lyaxov başını buladı və dedi:
- İşlər xarabdır, - və dinmədi. Heç kəs danışmadı. Bir neçə dəqiqə xamuşluq oldu. Sonra Lyaxov teleqramın surətini istədi ki, oxusun, verdilər.
Lyaxov baxıb dedi ki, bu o teleqram dəyildir.
Şah dedi:
- Xeyr, odur.
Lyaxov dedi:
- Burada Təbriz-məbriz yazılmayıb.
Onda şah ilə Dəlallüddövlə dedilər:
- Doğrudur, zahirdə yazılmayıb, amma batində yazılıbdır.
Lyaxov başa düşmədi. Güclə onu başa saldılar. O halda Lyaxov şahdan izn istəyib, başladı qəhqəhə ilə gülməyə! Güldü, güldü, axırda özünü toxtadıb dedi:
- Ay padşah! Heç təşvişə düşmə, bu bir quru protestdir, vəssəlam! Burada ayrı bir fikir yoxdur!
Şah dedi:
- Canım, axı Bakı iranlıları bilirlər ki, mən belə şeylərə qulaq asmaram, bəs nə üçün hələ özlərinə zərər də vurub, nahaq yerə zəhmət çəkirlər?
Lyaxov qandırdı ki, buna "Yevropa qaydası" deyərlər, doğrudur, o cürə protestlər Avropada nəzərə alınar, amma İran üçün o cürə şeylərin mənası yoxdur.
Şah və vəzirlər çox şad oldular və Lyaxovun ağıl və kəmalına heyrət etdilər və dedilər:
- Qoy Bakı iranlıları qiyamətə kimi tətil eləsinlər!
Şura dağıldıqdan sonra vəzirlərdən birisi gedə-gedə belə zümzümə edirdi.
Saqi, benur bade bər əfruz came-ma
Motrob bequ ke, kare-cəhan şod bəkame-ma.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 36-38.
