Şimalımızın halı
O, Dağıstan ki, onu fəth etmək üçün qoşunının qüvvəsilə Yevropanı qorxudan rus çarlığı otuz beş il vuruşub çalışmışdı. O, Dağıstanı Denikinin dərədən-təpədən yığılmış başpozuqları bir gündə fəth etdilər!
Və bu fəth sayəsində Qafqaz cümhuriyyətlərindən biri bir az zəman içində gözümüz önündə məhv olub getdi.
Dağıstan Cümhuriyyətinin pozulması və Dağıstan istiqlalının əldən getməsi ümumqafqazın novzad cümhuriyyətləri üçün son dərəcə mucib - təəssüf bir keyfiyyətdir.
Bir istiqlaliyyətin pozulmasından hasil olan bu təəssüfün üzərinə bir də rus irticapərəst və qaragüruh qüvvəsinin bizimlə yan-yana qonşu olmaq füqərası dolayısilə əmələ gələn böyük bir təşviş və əndişə dəxi əlavə olunur.
Fəqət bu əhvalata hamıdan artıq təəssüf edən əlbəttə ki, Azərbaycandır. Çünki bu məhv olan Cümhuriyyət Azərbaycan ilə həmdin olan bir İslam Cümhuriyyəti idi ki, bu dinbirligi Azərbaycan ilə Dağıstan arasında bir ailə əzalığı mərbutiyyəti əmələ gətirməklə, gələcəkdə Qafqaz cümhuriyyətlərinin müvazineyi-siyasiyəsinə də təsir edə bilərdi.
Təşviş də əndişəyə gəldikdə dəxi genə də Azərbaycanın əndişəsi o birilərinkindən daha artıqdır. Çünki dabravollar tərəfindən gözlənən xətər-bəla vasitə bizi təhdid edir. Aramızda artıq heç bir hayil və sədd yoxdur. Odur ki, biz ehtiyatlı olmaqdan bir an boylə qafil ola bilmərik və silah altında hazır durmaq məcburiyyətindəyik.
Əmma nədəndir ki, öz azadlıq və hürriyyətini rus istibdadının hərs və təməinə qurban verməmək üçün otuz beş il cəng edib qan tökən dağıstanlılar bütün aləmin məhəbbət və rəğbətini qazandıqları halda, bu gün Denikin ordusuna təslimi-can edən həman dağıstanlılar, o rəğbətə məzhər ola bilmədilər və onların bugünkü halı insanda niskil hissi əvəzinə acıq və əsəbiyyət oyadır?
Çünki bugünkü dağıstanlılar öz azadlıq və istiqlaliyyətlərini müdafiə və mühafizə etmək üçün heç bir fədakarlıqda bulunmadılar və heç bir iş görmədilər. Qəhrəmanlıqlar ilə məşhur olan dağıstanlılardan bu yolda heç bir qəhrəmanlıq görmədik. Nə gördük? Müharibəsiz təslim!..
Bu müharibəsiz təslimin nədən əmələ gəldigi xüsusində bir çox fikirlər ola bilər, lakin hər nə fikir olsa da “dağıstanlılar dabravollılardan qorxdular və onlar ilə qorxularından müharibə etmədilər” fikri ola bilməz. Çünki dağıstanlıların igidlikləri və qəhrəmanlıqları aləmdə məşhurdur. Zənnimizcə bu işin səbəbini, əvvələn, dağıstanlıların müxtəlif kiçik millətlərdən təşkil etməsində və saniyən, bu müxtəlif millət arasında ittihad və ittifaq fikrinin layiqi vəch ilə cagir olmamasında aramlıdır.
Gürcüstan dövlətini təşkil edən gürcülər və Azərbaycan Cümhuriyyətini quran türklər bir dil ilə təkəllüm edən, ürf və adətləri bir olan və fərdləri arasında heç bir ayrılıq olmayan bir millət kütləsi olduğu halda, dağıstanlılar ауrı-ауrı kiçik-kiçik və ufaq millətlərdən əmələ gəlir ki, hərəsinin dili ayrı, adəti ауrı, bir surətdə ki, bir yerə yığılarkən bir-birini anlamaq üçün ya rus, ya türk və ya ərəb lisanlarını işlətməgə məcbur olurlar.
Boylə müxtəlif millətli bir dövlət öz istiqlalını və öz varlığını saxlamaq üçün əvvəl-əvvəl millətləri arasında vacib və lazım olan ittihad və ittifaqa möhtacdır. Əgər bu ittifaq, ittihad və bu əlbirlik, dilbirlik mucib olmasa, bu dövlətin əskəri qüvvəti də heçdir və qəhrəmanlıqları da fayda verməz.
Dağıstan Cümhuriyyəti elan ediləndən bəri onların idarə işlərini təqib edənlər və bunlara göz yetirənlər Dağıstan millətləri arasında ittihad və ittifaqın mövcud olmadığını görməmiş degildirlər ki, bu ədəmi-ittihad və ittifaq çox çəkmədi ki, boylə bir acı fəlakətlə nəticələndi.
Dağıstanlıların ittihad və ittifaqı ancaq cümhuriyyətlərinin rəsmi adında olub kağız üzərində idi. “Müttəhid dağıstanlılar ittifaqı” namını daşıyan bu cümhuriyyətin ədəmi-ittifaq və ittihadı degil, yalnız bir müxtəlif millətlərin arasında bəlkə siyasi “orintatsiya”larında dəxi mövcud idi. Burada bir tərəfdən bolşevikligə meyl, digər tərəfdən denikinlərə rəğbət və bir yandan da Azərbaycana mülhəq olmaq fikri mövcud olub ittihad üzrə müstəqil yaşamaq əməl və arzularına zərər və ziyan yetirməklə istiqlaliyyət fikrini sarsıdır, laxladır və tərəfdarlarını da mütərəddid qoyurdular.
Gürcüstanda və bizim Azərbaycanda istiqlal müdafiəsi yolunda hökumət tərəfindən irad olunan dəvətə bütün millətdə və milləti təmsil edən müxtəlif fırqəli parlamanda bir ağızdan, bir ürəkdən “ləbbeyk” deyib müdafiəyə hazır olduqlarını izhar etdikləri halda, Dağıstan hökumətilə Dağıstan parlamanı arasında bu məsələ üzərində dəxi birlik yox idi. Nə hökumət parlaman köməginə ümid edə bilirdi, nə də parlaman hökumət bacarığına inanırdı. Hökumət ilə parlaman və parlaman ilə də millətlər arasında açıqlıqlar vardı. Xülasə, arada möhkəm və bir-birinə mərbut heç bir şey yox idi.
Boylə olan surətdə dabravolların asanlıqla Dağıstanı başdan-başa işğal etməkləri və dağıstanlıların muharibəsiz təslimi boylə əhvalların təbii nəticəsi idi ki, baş verməgi uzaq çəkmədi.
Dağıstan millətlərini bir-birinə mərbut edən din birligidir, fəqət azadlıq və hürriyyət yolunda mübarizədə əzm və səbat göstərmək üçün dini ittihad təşviqindən ötrü dəmir iradə sahibi olan imam şamillər lazım imiş. Halbuki analar hər dəfə və hər əsrdə İmam Şamil' doğmaz.
Şübhə yoxdur ki, əgər Dağıstan millətləri bugündən boylə dəxi bir az gec də olmuş olsa ittihad və ittifaq ilə əzm və səbat və fədakarlıqlar göstərərlərsə, azadlıq və istiqlaliyyətini geri qaytara bilərlər. Bu “üzdən Dağıstan istiqlali əbədilik məhv oldu” demək caiz degildir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 180-182.
