Üzeyir Hacıbəyli

Dövlət şurası və Rusiya müsəlmanları

Biz unutmamalıyız ki, Rusiyada bizim şadlığımıza səbəb olan dövlət duması ilə bərabər, qəm və ələmimizə bais olacaq bir Dövlət şurası dəxi mövcuddur.
Dövlət şurası Dövlət dumasından qabaq dəxi ərzi etməkdə idi; ol vaxtlarda Dövlət şurası ministirlərdən və padşah tərəfindən təyin edilən üzvlərdən, təşkil edib, qanun vəzlərində ministirlər ilə müşavirədə bulunmaq vəzifəsini ifa etməkdə idi. Zatən bu məclis bürokratların zübdələrindən əmələ gəldiyinə görə camaat mənafeyinə dair heç bir təşəbbüsdə bulunmayıb, ancaq ministirlər heyəti tərəfindən vəz olunan qanun və nizamları bilamübahisə və müzakirə təsdiq etməyə məşğul idi. O səbəb görə də əvvəllərdə Dövlət şurasının vücudi-ədəninə bərabər olub, heç bir əhəmiyyətə layiq deyil idi. Lakin Rusiyada azadlıq hərəkatı başlanıb vəkaləti-maliyyə təşkili lüzum görüldüyü vaxt Dövlət şurasının əhəmiyyəti artdı. 1906-cı sənəsi fevralın iyirmisində sadir olan manifestə görə Dövlət şurasına vəziqəvanində iştirak etmək ixtiyarı verilib, heyəti dəxi bir dərəcəyə qədər təğyirə möhtac oldu.
Əlan Dövlət şurasının üzvləri iki qismə bölünürlər. Onlardan bir qismi padşah tərəfindən təyin olunub, digər qismi isə müxtəlif müəssisələr tərəfindən intixab olunan adamlardandır.
Dövlət şurasının əhəmiyyətinin artırılması və Dövlət duması ilə həmhüquq və həmixtiyar olması əhalini məsrur edəcək hallardan deyil, çünki bu məclisin mövcud olması əsasən, Dövlət dumasının hökumət nəzərincə əfradi-külli görünən əmalını bir dərəcəyə qədər "ətidal" surətinə salmaq nöqteyi-nəzərindən irəli gəlir.
Dövlət duması tərəfindən tətbiqi təklif olunan qanun layihələrini rədd etməyə Dövlət şurası muxtardır. Dövlət şurasının üzvləri dəxi bürokratiya və burjuaziya siniflərinin ən zübdələrindən olduqlarına görə, məlumdur ki, duma ilə hələm-hələm müvafiq edə bilməyəcəkdir, yəni ümumi imperiya əhalisi üçün Dövlət duması tərəfindən lüzumlu görünən qanunları tətbiq etdirmək üçün duma Dövlət şurası ilə çəkişməyə məcbur olacaqdır.
O ki qaldı Rusiyada olan sair tayfalara - onlar üçün bilxüsus lazım olan qanun və nizamnamələr dəxi Dövlət şurasının təsdiqinə ehtimal bir çox çətinlik ilə layiqi-təsvir olacaqdır. Çünki ümumimperiya əhalisinin mənafeyini xələldar etməyə müvəzzif olan bir məclis, ayrı-ayrı tayfaların mənafeyini iqmaz etməkdən heç çəkinməz. Biz Rusiya müsəlmanlarına qalırsa, Dövlət şurasının "mərhəmətindən" elə günü bu gündən qəti ümid olsaq, heç bir xəta etmərik, çünki biz müsəlmanlar tərəfindən Dövlət şurasında vəkil yoxdur. Biz o məclisi-alidə iştirakdan məhrumuq. Binaən əleyh, Dövlət dumasında Rusiya müsəlmanlarından ötrü nəfli görünən qanun və nizam layihələrini o cürə bir məclis təsdiq etməlidir ki, onun üzvlərinin bir qismi, məsələn, dvoryanlar, tacirlər nümayəndələri müsəlman və sair tayfalar mənafeyinə, mütləq, əhəmiyyət nəzərilə baxmayanlardandır. Digər qismi isə, yəni əyan və xristian ruhanilərin başçıları həmişə müsəlman ziddinə təzyiq və məhvinə çalışanlardandır.
Bunu nəzəri-etibarə aldıqda, Dövlət Şurasından heç bir yaxşılıq gözləməməyimiz hər bir kəscə təbii görünməlidir...

                                                                                                                                               Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 280-281.