Halımıza dair (I)
Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlarda ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır, amma yenə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyana düşdüklərini anlayıb, ap-aşkara düşməni-tərəqqi olubdurlar.
Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər. Ürfi bu böyük şəhərdə hər cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər nə vəch ilə olur-olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamında olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.
Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir məmatdır. Doğrudan da, minlərcə atalar əvvəllərdə gələcəyi heç də nəzəri-etibara almayıb, günlərini qəflətdə keçirdikləri bir zamanda birdən-birə öz qəflətlərini anlayıb evladlarına tərbiyə verirlər ki, onlar gələcək həyati-bəşəriyyəyə hazır olsunlar. Özləri kimi bir çox lazımlı şeylərdən məhrum olmasınlar. İndiki əsrdə sairlər kimi yaşamaq üçün hazırlanmış adamlar lazım olduğunu hər kəs düşünməyə başlayır.
Lakin çox təəssüf olsun ki, Bakıdan başqa sair müsəlman şəhərlərində tərəqqi bulmaq yolunda heç bir fəaliyyət müşahidə olunmur. Bu şəhərlərin adamlarında da tərəqqi fikri varsa da, haman fikir hələlik qövldən felə qoyulmur. Hətta əvvəllərdə, yəni bütün Rusiyanı xabi-qəflətdən oyadan zərbədən sonra bu yerlərdə də ləbbeyk sədası eşidilməyə başlamışdısa da, indi o səs daha gəlmir...
Bu hesabdan kənd və kəsəklərimizə gəldikdə oralar haman yazıq gəlməli halda baqi qalmaqdadırlar. Kənd adamlarımız arasında heç bir oyaqlıq hiss olunmur. Zatən bu təəccüb deyildir, onların öz özbaşlarına oyanmaqlarına hələ bir çox vaxt istər. Digər tərəfdən onları oyadan da yoxdur. "Xoftəra xoftə key konəd bidar"?! Xoftə olmayanlarda da daha artıq həvəs qalmayıbdır...
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 141-142.
