Üzeyir Hacıbəyli

Sovet musiqisinin nailiyyətlərinə baxış

Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasının əsas vəzifəsi müharibə günlərində yazılmış əsərləri göstərməkdir.

Azərbaycan bəstəkarlarının müharibə dövründə yazdıqları bütün simfoniyalarda dərin vətənpərvərlik hissi ifadə olunmuşdur.

Kiçik formalı musiqi əsərləri - marşlar və yürüş mahnıları da geniş yayılmışdır. Bu əsərlər SSRİ xalqlarının şərəfinə və azadlığına qəsd edən həyasız düşməni aman vermədən məhv etmək kimi mübariz çağırış ruhunda yazılmışdır.

Vətən müharibəsi dövründə Azərbaycanda hərbi musiqinin "cəngi" adlı yeni forması meydana çıxmışdır. Marş formasında olan bu musiqi başlıca olaraq xalq orkestrləri üçün yazılır, həm də burada qədim Azərbaycan musiqi alətlərinin, xüsusən zurnanın iştirakı vacibdir.

Müharibə illərində lirik əsərlər də yaradılmışdır; bunların əksəriyyəti məşhur Azərbaycan şairi Nizaminin şerlərinə yazılmışdır.

Simfoniya yazan gənc bəstəkarlarımızdan Qara Qarayevi, Soltan Hacıbəyovu, Cövdət Hacıyevi qeyd etmək lazımdır.

Bu bəstəkarların əsərləri Azərbaycanda SSR İttifaqı xalqlarının vətənpərvərlik hissini, qələbəyə inamını parlaq ifadə etməyi bacaran istedadlı bəstəkar kadrlarının yetişdiyini göstərir.

Bəstəkarlarla yanaşı, oxuyanların ustalığı da diqqəti cəlb edir.

SSRİ xalq artistləri Bülbül Məmmədovu, Ş. Məmmədovanı, Azərbaycan SSR xalq artista Hacıbababəyovu, habelə operanın gənc artistləri Bünyatzadəni, Aqalarovu, Rəhimovanı, xanəndələrdən Azərbaycan SSR xalq artisti Həqiqət Rzayevanı, Sara Qədimovanı, D. Şuşinskayanı, Azərbaycan SSR xalq artisti Xan Şuşinskini və başqalarını göstərmək lazımdır.

Azərbaycan musiqisindən ibarət konsertlərdə 90 nəfərlik simfonik orkestr, 60 nəfərlik xalq çalğı alətləri orkestri, 80 nəfərlik xor, mahnı və rəqs ansamblı, 20 nəfərlik sazçı qızlar ansamblı və Azərbaycan Dövlət Konservatoriyasının bir trup pianoçusu çıxış edəcəkdir.

Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasının keçirilməsi bədii əhəmiyyətindən başqa, çox böyük siyasi əhəmiyyətə də malikdir. Bu dekada Zaqafqaziya xalqlarının dostluğunu daha da möhkəmləndirəcək, musiqi yaradıcılığında sənətkarlığı və ideyalılığı yüksəltməyə kömək edəcəkdir.

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 337-338.