Vəzifəyi-musiqiyyəmizə aid məsələlər
Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa o da yaşadığımız bu zamandır.
O müsaidət nədən ibərətdir?
Əvvəla, bu var ki, Şərq sənaye-nəfisəsinin ən qəddar düşmənləri olan dini təəssüb, cahilanə və siyasi mümaniətlər böyük inqilabın şədid zərbələri altında məhv olub getdi və saniyən sənət, baxüsus, musiqi sənəti haqqında mövcud olan köhnə, çürük və alçaq əqidələr pozulub əvəzində yeni, tərəqqipərvər və inqilabçı fikirlər birləşdi. Deməli, musiqi sənətinin tərəqqi və təkamül yolu açıldı və salisən Azərbaycan füqərayi-kasibəsinin və işçi sinfinin maarif və siyasət işlərində iştirakı musiqi sənətinin dairəyi-fəaliyyətini genişləndirdi və meydanını artırdı və rabiən bu gün Azərbaycan Xalq Maarif Komissariatı maarifin intişarı və sənətin tərəqqisi yolunda elə bir dərin ciddiyyət və böyük fəaliyyət göstərməkdədir ki, bundan musiqi sənəti yolunda böyük-böyük istifadələr qazanılacağı təbiidir.
Bəs belə bir müsaid və bu qədər müvafiq bir zamanda musiqi vəzifələrinə dair məsələlərnn həllinə mübaşirət üçün tələsmək lazımdır.
O məsələlər hansıdır?
Bizim fikrimizcə, o məsələlər bunlardır:
1) Vəzifəyi-musiqiyyənin ümumi surətdə və cümhuriyyət əndazəsində icrası:
2) Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi və fənni, nəzəri və əməli surətdə çalışmaq əmri;
3) Ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr və təmimi həqiqi çarələr axtarmaq.
Bu üç məsələlərdə birincisinin, yəni vəzifəyi-musiqiyyənin ümumi surətdə və cümhuriyyət əndazəsində icrası əmrinin təqib etdiyi məqsəd odur ki, Azərbaycanda yaşayan ümumxalq mərifəti musiqiyyədən hissəbərdar olub zövqlərinə tərbiyə vermək üçün gözəl musiqilər eşitmək ehtiyacını rəf edə bilsinlər. Bunun üçün hər bir yerdə, baxüsus işçilər sinfi arasında cürbəcür konsertlər qurulması və cümhuriyyətin hər bir müvafiq məntəqələrində xüsusi və ümumi musiqi məktəbləri açılması, opera teatrlarının hər bir yerdə oynanılması işlərinə tərəqqi vermək lazım gəlir. Bu gün bu xüsusda çalışılır və bu barədə lazım olan işlər görülür. Bu işlər haqqında müfəssəl danışmaq bu günkü məqaləmizin vəzifəsi olmadığından, üzərindən keçib, ikinci məsələdən hasil ediləcək məqsədi müxtəsər surətdə şərh edək.
Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onu həqiqətən nəcib və nəfis bir sənəti-aliyyə məqaminə yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi-zövq və mənşəyi-feyz açmaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək; bu böyük məqsədi hasil etmək üçün hansı yollarla getmək lüzumunu şərh etmək və bu yolda elmi bir mübahisə açmaq əmrini dəxi gələcək nömrələrə həvalə edib, bu məqaləmizi müxtəs üçüncü məsələnin şərhinə həsr edirik.
Üçüncü məsələ, yuxarıda ərz etdiyimiz üzrə, ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr və təmimi üçün həqiqi çarələr axtarmaq məsələsidir.
Buradan bir sual əmələ gəlir.
Əcəba, Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə "Ala franğa" yaxud bizlərdə "Yevropeyski" deyilən musiqini də öyrənmək lazımdırmı?
Bəli, lazım və vacibdir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır. Hər halda bu vacibliyi bir-bir şərh edək.
Əvvəla, nəzərdə tutulmalıdır ki, ümumi musiqi sənəti əsrlərlə imtidad edən bir çox tərəqqi, təkamül və inqilablardan sonra gəlib bu günkü məqamə çatıbdır. Bu yolda hər bir əsrə məxsus musiqi dahiləri və musiqi alimləri əmələ gəlib, eylə bir böyük və qiymətli əsərlər buraxıbdılar ki, mədənilik iddiasi edən heç bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz. Çünki bu əsərlərin insaniyyətə olan xidməti dedikcə böyükdür. Bu əsərlərdən bəhrə almaq və onları anlamaq üçün piano, vialon, fleyt və sairə kimi aləti-musiqiyyə məktəbinə ehtiyac vardır.
Və saniyən, ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq; məsələn, mədəniyyətin ülum və fünun cəhətincə bizim alim doktorlarımız, pedaqoq müəllimlərimiz, mühəndislərimiz, hüquqşünaslarımız və sairə və sairələrimiz vardır. Ümumi musiqi sənətini dəxi öyrənərsək, alim musiqişünaslarımız, musiqarlarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş olarıq. Bu gün sənət cəhətincə bizim hamıdan artıq geridə qalmağımız bundan məlumdur ki, bütün millətlər, hətta qonşuları- mız olan gürçü və ermənilər dəxi o qədər məktəb görmüş artist və musiqarlara malikdirlər ki, lazım gələn surətdə erməni və ya gürcü dilində tutalım, "Karmen" operasını oynaya bilərlər, amma biz bunu bacarmırıq, çünki nə orkestromuz var, nə də artistlərimiz. Bizdə olan artistlər isə "Leyli və Məcnun" və "Əsli və Kərəm"dən başqa ümumi operaları oynaya bilməzlər; bu isə geridə qaldığımızı isbat edir.
Və salisən, bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik. Əgər bir mülahizə etsək ki, bizdə nə qədər gözəl səslər faydasız batıb itir, nə qədər istedadlar korlanır, nə qədər Şalyapinlər, Karuzolar, Motsartlar, Bethovenlər və sairə və sairələr təlim və tərbiyəsiz qalıb zəka və istedadları istifadə edilmədən məhv olub gedir.
Və rabiən, ümumi musiqi sənətini öyrənərsək, öz milli musiqimizin tərəqqisinə böyük-böyük xidmətlər etmiş olarıq. Halbuki, əks surətdə, yəni musiqi elmindən bixəbər qalarsaq, öz musiqimizi bir qədəm dəxi irəli apara bilmərik. Məsələn, əgər bir musiqi kitabı yazıb da, o kitabda tutalım tarın nə tövr qurulmasını yazmaq istəsək, "interval" deyilən musiqi təbirlərindən bixəbər olsaq, bunu yaza bilmərik, halbuki bunu bildiyimiz halda kitaba yazarıq ki, "Tarın ağ cift simləri ilə sarı cift simləri "kvarta intervalı" üzərində kök edilir. Bunu yazıb "kvarta intervalının nədən ibarət olduğunu də şərh edərik. Əlavə, musiqi elmi haqqında hər nə kitab varsa, ümumun istifadəsi üçün dilimizə tərcümə edərək, piano, vialon və sairə alət vasitəsilə çalmaq öyrənərsək, öz havalarımızı, öz musiqimizi özgələrdən daha gözəl çalmaqla zövqi-səlim tərbiyəsinə kömək edərik. Özgələr isə bizim musiqimizin ruhuna aşna olmadıqlarından piano, vialon və sairə kimi o qədər gözəl olan alətləri bu yolda lazımınca istemal edə bilmirlər.
Xülasə, bu yazdıqlarımızı dürüst mülahizə edərsək, ümumi musiqi sənəti təliminin Azərbaycan türkləri arasında nə qədər lazım və vacib olduğunu iqrar edərik.
Bu təlim və tərbiyəni nə yol ilə icra edə bilərik?
Bunun üçün Azərbaycanın paytaxtı olan Bakıda Konservatoriya deyilən ali musiqi məktəbi açılıbdır. Orada 7 minə qədər mütəəllim və mütəəllimələr şəhərimizin məşhur musiqi müəllimləri vasitəsilə musiqi sənətini öyrənməyə məşğuldurlar. Fəqət bu 7 min nəfər şagirdin ən cüzi bir qismini təşkil edən müsəlmanlardırlar.
Bunun səbəbi nədir?
Biz bir müddət bu səbəbi aramaqla məşğul olduq və bir çox görüşüb danışıqdan sonra, bu nəticəyə gəldik ki, müsəlmanları musiqi məktəbinə həvəsləndirmək üçün onlardan ötrü konservatoriya nəzdində xüsusi şöbə açmaq lazımdır. Bu şərtlə ki, əvvələn, bu şöbə şəhərin müsəlman qisminə yaxın olsun və saniyən, bu şöbəyə daxil olmaq üçün müsəlmanlar yaş və sini cəhətincə bəzi mümaniətlərdən azad olsunlar və salisən, bu şöbəyə müsəlman qadınları dəxi girmək üçün xüsusi müsaid şərtlər olsun. Bunlardan əlavə, ən mühümu burasıdır ki, bütün dəftərxana işləri, hakəza dərs və təlim mütləqa türk dilində icra edilsin. Bu yerdə mənə deyə bilərlər ki, hanı türk musiqi müəllimləri ki, musiqi elmindən dərs verə bilsinlər?
Buna cavab olaraq ərz edə bilərəm ki, burada ən böyük müşgüllük musiqinin külli tədrisinə aid ola bilər, yəni bu elmi türk dilində keçmək üçün kitab və müəllim ehtiyacından əşkal əmələ gələ bilər. Fəqət, bu böyük əşkal həll olunur, çünki bu xüsusda musiqi elminə dara olan və öz dilini layiqincə bilən müəllim vardır. O ki, qaldı alət təliminə, burada müəllimin türk dili bilməyinə bir o qədər ehtiyac yoxdur. Lazım olsa da tərcümə vasitəsi vardır. Səs dərslərinə qalarsa, musiqinin qövtəsi qabaqca türk dilinə tərcümə edilib, sonra latın hürufatı ilə notların altında yazılar ki, həm müəllim oxuya bilsin və həm də mütəəllim o hürufatı öyrənsin. Çünki haman hürufatın öyrənilməsi musiqidə onsuz da lazımdır.
Burada əz cümlə orasını da qeyd edək ki, musiqi qövtəsini tərcümə etmək işi çox da asan iş deyildir. Çünki mütərcimlərdən tələb olunur ki, əvvəla, musiqi bilsin və saniyən, hər iki dilin ədəbi lisanına malik olsun və salisən, o dilin də, bu dilin də elmi əruzundan baxəbər olsun və illa bunlardan birini bilməsə, mütərcimliyə yaramaz. Bəs ümumi musiqi sənəti öyrənmək Azərbaycan türkləri üçün vacibdir və bunu icra etmək üçün konservatoriya nəzdində məhz onlara məxsus xüsusi bir şöbə aşmaq lazımdır. Bunun sayəsində 3-4 ildən sonra səmərələr görünməyə başlayıb, bizim də hünər və sənət bazarına mətalar çıxarmaq və bu mətaın xalisliyilə mütənasib olaraq aləmi- musiqidə özümüzə layiq bir məqam tutmaq haqqımız özümüzə yetişər.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 173-177.
