Qafqaz müsəlmanlarına açıq məktub
Ey Qafqaz müsəlmanları! Dövlət Duması yaxınlaşır. Cəmi bir ay vaxt qalıbdır. Ruslar, ermənilər, gürcülər, polyaklar çalışırlar ki, Dumaya öz adamlarından lap yaxşılarını seçib göndərsinlər. Amma, siz müsəlmanlar olmaya-olmaya elə fikirlərə düşəsiniz. O sizə yaraşan iş deyildir ki, gedib ruslara, ermənilərə qoşulub, dumaya adam hazırlayasınız. Duma nədir, siz nəsiniz!
Dumanı əmələ gətirən rusdur, amma, siz allaha şükür, müsəlmansınız. Və bir də siz heç vaxt rusa, erməniyə qoşulub, özünüzdən təzə bir hərəkət çıxarmayın, oturun, öz işlərinizlə məşğul olun.
Baxmayın rusa, erməniyə. Onlar abırsız və həyasız bir tayfadır ki, həmişə hamamda fitəsiz çimirlər və özləri də böyük-kiçik saymazlar. İndi onlar istəyirlər ki, duma açıb, orada otursunlar və padşahla padşahlıq eləyib, vəzirlə vəzirlik eləyib və yanaral ilə də yanarallıq eləsinlər. Amma sizin borcunuz deyil, qoyun özləri bilsin. Əlbət bir gün olar ki, haman o duma bir tuği-lənət olub, onların boyunlarına keçər. Siz heç yerinizdən tərpənməyin. Dumaya üzv göndərmək, filan eləmək fikirlərini bilmərrə başınızdan çıxardın və o fikirlər ağlınıza gələndə həmişə şeytana lənət oxuyun... Afərin olsun sizə ki, indiyə kimi allaha şükür, öz işlərinizdə olub, duma adı çəkməmisiniz. İndi hünər odur ki, bundan sonra da o qayda ilə dolanıb, heç bir hərəkət eləməyəsiniz.
Bax, mən sizin yaxşılığınızı deyirəm. Hərgah istəyirsiniz ki, hər iki dünyada rüsvayi-cahan olmayıb, o dünyada da, bu dünyada da üzüağ olasınız, duma adı tutulanda qulaqlarınızı yumun və seçki günü evinizdən çölə çıxmayın. O günü səhərdən axşama kimi yatın, elə bilin ki, oruc tutmusunuz.
Bax, bu bir sözdür, mən sizi istəyib dedim. Əlbəttə, əlif əlbəttə, ona əməl elərsiniz. Yoxsa, birdən durub əməl eləməyəsiniz, özünüzü biabır edib quyuya salarsınız ki, min il qala oradan çıxa bilməzsiniz. Necə ki, mən Çənbərəkəndin küçələrinin palçığına batıb, düz dörd saat əlləşib çıxa bilmədim. Şəhər upravasını köməyə çağırdımsa da, səs vermədi. Axırda bir iranlı hambal gəlib məni çıxartdı. Allah çəmi hambalların dadına yetsin, biz də onların içində.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild. - S. 256-257.
