Azərbaycan türklərinin musiqisi haqqında
Dilsiz bir millət olmadığı kimi, musiqisiz dəxi heç bir millət yoxdur. Bir millətin dili başqa bir millətin nüfuz və təsiri altında olduğu kibi musiqisi dəxi öylədir.
Bir millətin söylədiyi sözləri anlamaq üçün dilinə aşina olmaq icab etdiyi kibi, çağırıb-çaldığından, musiqisindən də bir həzz aparmaq üçün musiqisinin ruhuna bələd olmaq lazım gələr. Bu səbəbdəndir ki, biri-birindən uzaq olan millətlər, o bunun və bu onun musiqisindən, yəni musiqi vasitəsilə ifadəyi-mərarn və izhari- hissiyyat üsulundan xəbərsiz olduqlarına görə bir şey anlamayıb, "hər kəs bilmədiyinin düşmənidir" föhvasınca bir-birinin |musiqisini pisliyor və hər kəs yalnız öz musiqisini həzz və zövq mənbəyi və hissiyyat tərcümanı ədd ediyor.
Yevropa "diletantları", yəni musiqi ixtisasyonu olmayanları bizim və ələlümum Şərqin çalğısını və oxumasını bəyənmədiyi kibi, bizimkilər dəxi onlarınkını xoşlamıyorlar. Onlar musiqimizi eşidirkən qulaqlarını tutmağa məcbur oluyor; bizimkilər dəxi onların musiqisindən bir ləzzət anlamıyorlar. Onların zəmincə bizim xanəndələr oxumaq əvəzinə ağlıyorlar; bizimkilərin fikrincə, onların xanəndələri oxumaq əvəzinə uluyur.
Əlbəttə, o millətin dili pis, bu millətin dili yaxşıdır demək caiz olmadığı kibi (caizi o millətin dili zəngin və bu millətin dili fəqirdir), Şərq musiqisi yaxşı, Qərb musiqisi fənadır demək və ya bunun əksini iddia etmək dəxi dürüst deyildir; çünki musiqiyi təşkil edən sədalar - hər millətdə olur olsun - biri-birinin eynidir, fərq ancaq bu sədaların bir-birini mütəaqib dövründə və bir-birinə uydurulmasından əmələ gələn havalarında və təşkil etdiyi üsullarındadır.
Lakin burası məlumdur ki, Qərb millətləri ülum, fünun və sənayein hər birində tərəqqi və təalicə Şərq millətlərindən iləri olduqlarından, sənayei-nəfisə qismindən olan musiqi tərəqqisində dəxi bizim kibi millətləri ağac-ağac ötüb, bu sənəti dərəcəyi-mükəmməlliyə yetiribdirlər.
Odur ki, bu gün Şərq musiqisi Qərb musiqisinə nisbətən çox geridədir.
Aləmi-islamda sənayei-nəfisədən yalnız bir memarlıq və bir də şairlik tərəqqi edə bilib. Rəssamlıq, heykəltəraşlıq və bir də musiqiyə qarşı bir takım - guya dini mümanəətlər qoyulduğundan bu xüsuslarda meydana öylə bir şey çıxarılmadı; asari-seriyyə və memariyyəsilə bəşəriyyətə böyük xidmətlər etmiş olan islam aləmi, rəssamlıq və musiqicə aləmi-mədəniyyətə hələm heç bir şeyi əta edə bilməmişdir.
Fəqət yenə də aləmi-islam musiqi sənətinə bilkülliyə biganə qalmamışdır; islam alimləri ülum və fünunca yunan və romalılardan bir çox iqtibasatda bulunduqları kibi, musiqi sənətinin elmi və nəzəri cəhətinə dəxi maraq yetirib, bir çox üsullarım qəbul etmişdirlər! Məşhur İslam alimlərindən Əbu Nəsr Farabi bir xeyli musiqi kitablarını yunancadan ərəbcəyə tərcümə etmişdir, fəqət bu kibi alimlərin səyi və əməyi, nüfuz sahibi olan bir taqım cahillərin - guya şəriət adından olan hökm və iradələrilə durdurulub tərəqqi və nəşvü nümaya yol verilməmişdir.
"Musiqi haramdır" - deyə ləhvü-ləəbə xidmət edən, əxlaq pozan və fəsad törənməsinə səbəb ola bilən çəngilik və mütrübbazlığı musiqi sənəti ilə bir gözdə tutub nəhy əmri verməklə birincisinin tərəqqisinə heç də mane ola bilməmişlərsə də, ikincisininkinə məəttəəssüf ola bilmişlərdir.
Musiqi sənətinin nəzəri cəhəti, yəni elm və fənninə aid olan qaydalarını zəbt və şərh ilə bunu tərəqqi etdirmək əməl və arzusu, nəyin haram və qəbih və nəyin halal və caiz olduğunu haqqıyla anlayan alimlərimiz də o dərəcədə imiş ki, özlərini cahil mütəəssiblər gözündə harama mürtəkib "günahkar" gördürməmək üçün musiqi cəhətinə dini və şəri bir əlaqə və münasibət vermək təşəbbüslərində bulunmaqda imişlər. Qədim fars kitablarından musiqiyə aid olan birində müqəddimə olmaq üzrə böylə bir şey yazıldığını oxudum ki, Adəm əleyhüssəlam topraqdan yarandıqdan sonra ruha əmr olundu ki, onun bədəninə daxil olsun; lakin ruh təkəbbürlük edib, lakin ruh təkəbbürlük edib, torpaqdan yaranmış olan bir bədənə girmək istəmədi; o halda Cəbrayıl əleyhissəlam nazil olub "Rast" muğamında bir hava oxurkən, ruh bu havanın təsirindən Adəmin bədəninə bir rəğbət hiss edib, həmən dəm bilatərəddüd bədənə daxil oldu... Budur ki, elmi musiqiyə "elmi-ruh" dəxi deyilir.
Fəqət, təəssüflər olsun ki, tərəqqisi yolunda bir neçə qədəm atılmış olan musiqi daha ondan iləri gedə bilməyib, eyni halda donub qalmış və bu gün həmən o halda baqidir...

2
Azərbaycan və osmanlılardan ibarət olan Cənub türklərilə İdilboyu və bunlara yaxın olan Şimal türklərinin şivəyi-lisanları əsl və kökündən bir dil olub da, bir- birindən fərqləri az olduğu halda, bu türklər ilə o türklərin musiqiləri miyanında heç bir şəbahət mövcud olmayıb, əsasları da bambaşqadır.
Məhəl, mühit və zamanın təsiri türk lisanının kökünə qədər işləyə bilməyibsə də, hissiyyat lisanı olan musiqilərinə böyük bir nüfuz yetirib, türk qövmlərini musiqicə bir-birindən ayırmışdır.
Cənub türkləri, Ərəstu və Farabi zamanından qalma yunan və ərəb musiqisi təsiri altına keçdikləri halda, şimal türkləri Çin misiqisi əsası üzərində baqi qalmışlardır. Şimal türklərinin oxuyub çalmaları ilə çinlilərin musiqisi miyanında böyük bir şəbahət vardır; çünki onların da, bunların da musiqilərinin əsası birdir ki, o əsasa "Çin məqamı" diyorlar.
Çin musiqisinin əsasını təşkil edən bu məqam beş sədadan əmələ gəlib bir-birinə olan nisbəti də bu hesab ilədir: birinci səda ilə ikinci arasında bir pərdə və ya "ton"; ikinci ilə üçüncü arasında bir pərdə; üçüncü ilə dördüncü arasında pərdə yarım; dördüncü ilə beşinci arasında bir pərdə.
Görünür ki, şimal türkləri musiqilərində bir "məqam" va ya bir "dəstgah" işlədirlər; halbuki Cənub türklərininin işlətdikləri məqam və dəstgahlar çoxdur və hər dəstgahın da özünəməxsus adı vardır.
Cənub türklərindən osmanlılar ilə azərbaycanlıların musiqiləri əsas üzrə bir olsa da, qaideyi-istemallarında və məqamlaının adlarında fərq vardır. Məsələn, onların "Segah"' və ya "Çahargah" oxumasıyla bizimkinin təfavütü çoxdur; və ya bizdə məsələn, farsilərdən aldığımız "Bayatı-kürd" adında bir məqam olduğu halda, osmanlılarda bu ad yoxdursa da, havası havasına bənzəyən bir "Nəhavənd" vardır.
Bununla bərabər, bizlərdə də, onlarda da həm əsası və həm də ismi bir-birinin eyni olan bir məqam vardır ki, o da "Rast" məqamıdır.
Bu məqam və dəstgahların, istər bizdə, istər osmanlılarda, farslarda və bilaəlümum müsəlmanlarda nə yerdən, nə məxəzdən və nasıl hasil olduğu məsələsi, ümumislam şərq musiqisinə aid bir bəhs olduğundan burada onun zikrindən sərfi-nəzər ilə bəhsimizi Azərbaycan türklərinin əsrimizdəki mövcud musiqisinə ətf və həsr edəlim.
Azərbaycan türklərinin musiqisini, mövqeyinə görə, iki qismə ayırmaq olar ki, bir qismi "məclisi" musiqiyə aid olduğu halda, digər qismi "Aşıq" və ya "Çöl" musiqisidir.
"Məclisi" musiqimiz, fövqüzzikr məqamat və dəstgahlardan ibarətdir ki, bunların ən məşhur və müstəməlləri: "Rast", "Mahur", "Şur", "Çahargah", "Segah", "Kabili", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Bayati-Qacar" və sairədir. Qədim musiqarlar bunların hamısına məqam və dəstgah deməyib də, bəzilərini "guşə", ya "şöbə", ya "avaz" adlandırıb, bunların dəstgahlardan münşəqq və münşəib olduqlarını iddia ilə müəyyən bir üsul qururlarsa da, bu üsuldan baş açmaq çox çətindir və çətinliyinin ümdə səbəblərindən başlıcası odur ki, bu nəzəriyyatı əməliyyata tətbiq etmək üçün "not" və ya başqa bir müəyyən işarət təklif edilmiyor ki, bu nəzəriyyatın əməli cəhətinə girmək üçün bir açar və anaxtar mənziləsində olsun.
Hər halda bu bəhs dəxi vəzifəmiz xaricində olduğundan, burada artıq izahata girməyə lüzum görməyib, maraq edənlərə cənab Nəvvab Mir Möhsün Qarabaği həzrətlərinin "Vüzuhulərqam" kitabçasını mütaliəyi tövsiyə edirik.
"Aşıq" və ya "Çöl" musiqimiz isə, əsl xalq musiqisindən ibarət olub Azərbaycan türklərinin öz xalqına məxsus bir musiqidir ki, bəstəkarı da xalq özüdür. Bu musiqinin məqam yeri tutan hissələri "Boyatı" (Bayatı) və "Şikəstə"dir ki, isimləri əcnəbi olsa da müsəmmaları əsl Azərbaycan türklərinə məxsus bəstələr məhsuludur.
3
Musiqi sənətinin elmi və nəzəri cəhəti ixtisas ərbablarını maraqlandıran bir bəhs olduğundan, bu məqalə də ki - yalnız ixtisas sahiblərinə məxsus edilməyib də ümumun oxuması üçün yazılmışdır - öylə bir dərin bəhsə girişmək caiz görünməz; bununla belə musiqimizdən bəhs edərkən, o cəhətlərə heç də əl vurmasaq, vəzifəmiz layiqincə ifa edilməmiş olar; əlavə, "İstiqlal" məcmuəsi yalnız bu gün üçün deyil, gələcək üçün baxüsus şayani-əhəmiyyət bir yadigari-istiqlal qalacağından, gələcəkdə də musiqimiz ilə iştiğal edənlərin çoxalacağını ümid etdiyimizdən, burada - səthi də olsa, bu cəhətlərdən bəhs etməyi lazım bildik.
Hər bir musiqi havasının səslərdən əmələ gəldiyi məlumdur. Bir səs ki, onun nazikliyi və ya yoğunluğu müəyyəndir, ona "pərdə" (ton) deyirlər. Avropa yeni sistem musiqilərində iki səsin biri-birinə olan ən yaxın münasibəti - yarım pərdədən ibarətdir; halbuki Şərq musiqisində yarım pərdənin yarısı olan çahar yek [rüb] pərdə dəxi mövcuddur. Bu çahar yek pərdələrin mövcudiyyətini Şərq musiqisinin Qərb musiqisinə bir təfəvvüqi surətində ədd və tələqqi edənlər varsa da, bu çahar yek pərdələrin lüzumsuzluğunu və mümaniətlər təşkil etməsini isbat edənlər daha qüvvətlidirlər. Çahar yek pərdələr qədim Qərb musiqisində dəxi mövcud imiş.
Fəqət musiquyi tərəqqiyə sövq edən səbəblər qüvvəyi-samiənin çətinliklə dərk edə bildiyi bu çahar yek pərdələri lüzumsuz və yaramaz hesab edib aradan qaldırmışdır.
Əgər səslərdən birini əsas ittixaz edib də yarım pərdə ondan yuxarı, yarım pərdə ikincidən yuxarı və ilaxirə və ya aşağı hərəkət etsən, görərsən ki, on ikidə tamam oldu, çünki on üçüncü, əsas ittixaz etdiyin səsin eyni olar, ancaq "şədd"də. Deməli, ondan o yana təkrar hasil olar. Pəs bundan məlum olur ki, bu günki Avropa musiqisinin əsasını təşkil edən yarım pərdələr - 12-dir.
Bu 12 yarım pərdələrdən Avropa yeni sistem musiqisi iki qism "sədalar qatarı" yaxud "qam" əmələ gətiribdirlər: birinə "major" ki müzəkkər yerindədir və birinə də müənnəs yerində olan "minor" diyorlar.
"Major" qatarının tərtibi böylədir: 1,1, 1/2, 1, 1 ,1/2 pərdə
Minor isə böylə: 1, 1/2, 1, 1, 1/2, 1 pərdə.
Məsələn, əsas pərdə "do" olarsa, "major" böylə olar:

Avropa musiqisinin əsası bu iki "qam"dır.
Bizim musiqimizin dəxi əsas "qam"ları olduğu şübhəsizdir; lakin bu "qam"lardamı yeddi pərdədən ibarətdir, ya azdır, ya çoxdur, burası hələ dürüst təyin edilməmiş və təyin edilməsi lazım olan böyük bir məsələdir.
Səthi olaraq bunu demək olar ki, bizim dəstgahlardan "Rast" və "Mahur" - "major"a, "Şur", "Hicaz", "Bayatı-kürd" - "minor"a, "Bayatı-Şiraz" - "harmonik minor"a; "Şahnaz"ın bir yarısı "harmonik major"a, axır yarısı minor"a mütabiq gəlir. "Segah" dəxi "major" üstündədir; "Şüştər" - minor və "Çahargah" isə major üzərindədirlər.
Zənn-acizanəmcə, Azərbaycan türk musiqi əsas "qam"larını təşkil edə biləcək sədalar bunlardır:

Musiqimizin əsasını təşkil edən "qam"larrmızı təyin etmək musiqimizin tərəqqisi üçün böyük bir vəsilə təşkil edə bilər.
Lakin bəndəyə etiraz edənlər və məsələn, "Humayun" ilə "Şüştər"in nə münasibəti var, deyənlər ola bilər. Doğrudur, bu dəstgahların oxumaq qaydaları biri-birindən fərqlidir; lakin əsasları birdir. Dəlil olmaq üzrə deyə bilərəm ki, bu əsasları bir olan dəstgahların "təsnif'ləri müştərəkdir.
Məsələn, "Rast" təsnifi "Mahur"dan sonra, "Şur" təsnifi "Hicaz"dan sonra, "Bayatı-Şiraz" "təsnif"i "Müxalif"dən sonra ("Müxalif" Çahargaha dönmədən qabaq), "Şüştər" təsnifi "Humayun"dan sonra oxumaq olar ki, bu fəqərə - müştərək təsnifli dəstgahların əsaslarının müştərək olduğunu isbat ediyor.
Bir havanı təşkil edən səslərin müəyyən sədaları olmaqdan əlavə, bu sədaların uzunluğu və gödəkliyi dəxi vardır ki, ona "vəzn" (ritmika) deyirlər.
Qədimlərdə Qərb musiqisinin öz vəzni olmayıb, şerin vəzninə tabe etmiş; bu gün isə musiqi bu təbeyətdən azad edilib, özünəməxsus vəzni vardır.
Halbuki bizim musiqimizin vəzni şer vəznindən bilkülliyə azad deyildir.
Dəstgah musiqimizin vəzni tamamilə şer vəzninə tabedir; buna qulağımız o qədər alışıbdır ki, vəznsiz şer ilə və ya nəsr ilə dəstgah oxumaq, bizə gülünc gəldiyindən, adət deyildir; lakin musiqinin bu qədər şer vəzninə tabe olması musiqinin qiymətini azaltdığına görə, sözləri kəsib də aralarında "zəngulə" vurmaq və musiqiyə azad bir vəzn vermək lazım gəlir; vəilla bunsuz şer vəzninə tabe olan musiqi "rəng ruğənsiz" çıxıb lazım olan təsiri verməz; dəstgahı, şer vəzninə tabe olaraq oxumaq adətdirsə də, çalmaq qeyri-adi bir şey olduğundan və çalınsa da duzsuz bir şey çıxdığından öylə çalınmaz və xüsusi bir vəzn verilir; odur ki, xanəndə ilə sazəndənin dəstgah oxuyub çalmaları ləhncə bir-birinə oxşasa da, vəzncə bir-birini tutmaz; zatən sazəndə dəstgah üzərində "gəzişər" və xanəndəyə "ton" verər.
Dəstgahlarımızın sədalarının xüsusi vəzni olmadığı kimi, bütün havasının da, avropalıların "tempo" və osmanlıların - zənn edirəm - "üsul" dedikləri müəyyən ölçüsü dəxi yoxdur. Odur ki, dəstgah oxunarkən demək olmaz ki, ölçüsü ağırdır və ya yüngüldür. Əlhasil dəstğah oxunurkən zərb alətləri istemal etmək və ya əl çalmaq mümkün deyildir.
Sədalarının xüsusi vəzni olan və olmaqla müəyyən bir hava təşkil edən, əlavə ağırlığı və ya yüngüllüyünü bildirən bir üsula malik olan musiqimiz - təsnif, rəng və oyun havalarımızdır; o səbəbdəndir ki, bu cürə musiqiyi "not" vasitəsilə zəbt etmək nə qədər asan isə, dəstgahları nota salmaq bir o qədər çətindir.
Yüngül havalarımızın üsulu, əksəriyyən 6/8-lik və ağırlarmmkı da 3/4dür. Bu kəsrlərdən üstündəki rəqəm "takt" içində neçə zərb olduğunu və altındakı da sədanın vəznini bildiriyor. Fəqət yüngül olan 6/8, zərbin altı dəfə olduğuna dəlildirsə də, bunlar üç, bir, ikiyə təqsim edilib iki zərb ilə icra ediliyor. Marş üsulu olan 2/4 üsullu havalar dəxi bizlərdə yox deyildir, lakin çox az.

Musiqimizin vəzn və üsulu - adi olub 5/4 və ya 7/8 kimi qeyri -adi üsullar bizdə yoxdur.
Osmanlı türklərinin musiqisində 7/8 üsullu havalar mövcud olduğunu əlimizə düşən notlarından gördük.
Osmanlılarda hər üsulun bir adı vardır. Məsələn, Sufıyan, Ciftə sufıyan, Durak, Aqsaq və sairə. Bizdə isə bir "ağır" var, bir də "yüngül". Yüngül üsullardan birinə ki, rəqs üçündür "üç badam bir qoz" deyildiyi məşhurdur.
Alafranka musiqisində üsulun zərbləri, əgər çalan və ya oxuyan tək isə, ayaq ilə vurulur; çox olan surətdə başlarında xüsusi bir ustad (maestro) olur ki, ona "dirijor" deyirlər. Dirijor əlindəki məxsusi çubuq ilə aşağı, yuxarı, sağa və sola etdiyi işarələrlə həmi zərbləri bildiriyor, həm də üsulun ağır və ya yüngül olduğunu təyin edir. Osmanlı türkləri zərbləri, əllərini məxsusi bir surətdə dizlərinə vurmaqla və "dəm" tək "təka" deməklə icra ediyorlar.
Bizlərdə xüsusi surətdə zərb vurmaq yoxsa da, əl çalmaq, çırtıq (fınqıça) vurmaq və ya növhə oxunan əsnada sinə vurmaq - zərb işarətləridir. "Dəf", "qabal", "dümbək" kimi musiqi alətləri hər bir millətin musiqisində üsul və zərbə kömək edən alətlərdir.
5
Şərq musiqisinin Qərb musiqisinə nisbətən ən böyük nöqsanı bundadır ki, bu musiqi yunanca "harmonik" denilən ahəngi - əsvat kimi fəziləti - musiqiyyədən məhrumdur; yəni əgər bir neçə nəfər Şərq xanəndə və ya sazəndələri bir nəğməyi hamısı birdən oxuyarlarsa, hamısının avazı bir olar; halbuki Yevropa oxuyub çalanları müştərəkən bir hava oxuyarlarsa, hərəsi başqa bir avaz ilə təğənni edər və bu avazların eyni zamanda eşidilən imtizac və uyğunluğundan bir ahəng əmələ gələr. Eyni zamanda eşidilən müxtəlif avaz və sədalardan hasil olan ahəngi, bir şəkli təsvir edən müxtəlif rəng və boyalardan əmələ gələn imtizaci - əlvan ilə qiyas etmək olar. O halda bir rəngə boyanmış olan şəklin müxtəlif rəngli şəklə nisbətən zövqavər bir mənzərə təşkil edəmiyəcəyi aşkar olan kimi, biravazlı musiqinin dəxi müxtəlif avazlı musiqi qarşısında bir o qədər əsərbəxş olamayacağı müsəlləmdir. Fəqət, müxtəlif avazlı bir musiqidən bir təsir almaq üçün, bundan əmələ gələn ahəngi anlamaq və təqdir etmək icab edər ki, bu da musiqiyə alışmaqla mümkündür; halbüki Şərq millətləri və biz dəxi böylə bir musiqiyə malik olmamaqdan dolayı, təbii alışmadıq; binaənileyh ahəngi-musiqidən hasil olan gözəllikləri hələ dürüst dərk edəmiyoruz.
Fəqət musiqimizin, bir Şərq musiqisi olduğu üzrə, "harmonikdən" məhrum olması nə musiqimizin ahəngi-əsvat tətbiqinə müsaid olmadığına, nə də özümüzün bu ahəngi dərk etmək qabiliyyətindən bibəhrə olduğumuza dəlildir. Musiqimizə "harmonik" tətbiqi mümkündür. Özümüzün də bu "harmonik"dən həzz almaq zövqümüz vardır. Ancaq bu işləri nəşvü nüma etmək və tərəqqiyə mindirmək və böylə musiqiyə alışmaq lazımdır. Bir taqım Yevropa və Asiya alimlərinin böylə bir iddiası ki, guya bizim musiqimiz qabili-ahəng deyildir, əsassız sözlərdir.
Havacatımızın, harmonik musiqi üçün mükəmməl bir alət olan "piano" vasitəsilə icraya qabil olması, harmonik tətbiqinə müsaid olmasına da böyük bir dəlildir və bir də, əsl milli musiqimizin alətləri olan zurna, yastı balaban, ney, düdük və sairə bu kibilərinin həmişə qoşa olub da, biri bir hava çalarkən o birinin "züy" tutması ki, bu "züy" harmonik və ahəngi-əsvatın ən sadə və ibtidai cüzlərindəndir - musiqimizin harmonikə bilkülliyyə biganə olmamasına bir şahiddir kı, o şahid bizim böylə bir "züy'lü musiqidən məxsus bir həzz almamızı da isbat etmədədir. Tar və kamança kimi musiqi alətlərimizin qurulmaq üsulu isə ki, ona "kök" denilir, harmonikdə daha bir az iləri olduğumuzu sübuta yetirirlər; böylə ki, bu alətlərin simləri (telləri) hamısı bir səsdə qurulmayıb, hərəsi başqa bir səs verir; bu səslərin bir-birinə olan nisbəti harmonik əsası üzrə müəyyəndir.
Məsələn, əgər tarın ağ qoşa simləri ilə sarı qoşa simlərini və sonra gələn tək sarı simi "Segah" dəstgahı üçün kök etsən, o halda bu simlərin sədaları arasındakı nisbət böylə olar; ağlar ilə sarı arasında - 1/2 pərdə, 1 pərdə, 1 pərdə; cümlətan iki pərdə yarım; sarılar ilə tək sarılar arasında - 1 pərdə, 1/2 pərdə; cümlətan bir pərdə yarım, yaxud bir ton yarım. Əgər bu simlərə, cümləsinə toxunmaq şərtilə bir "mizrab" vursaq, o halda bir "harmonik" "akkordu" eşidilər ki, (Üzeyir bəydə "akor" - Ş.H.), harmoniyada ona "sekst akkordu" denilər ki, bu şöbənin əsasını təşkil edən akkordlardandır.

Lya-ağ simlər; mi-sarı simlər; do diyez-kökdür. "Zü(y)" "kök" kimi harmonik əlamətləri olan ahəngi-əsvat, bizim ,bir çalğı musiqimizdə mövcuddur; oxumaq havalarımızda isə harmoniya əlamət və işarətləri yoxdur.
Qafqaz millətləri içində xristianlardan gürcü qövmlərinin və müsəlmanlardan çərkəs, çeçen və sairlərinin oxumaq havalarında özlərinə məxsus ahəngi-əsvat mövcuddur; böylə ki, bunlar yığılıb bir yerdə oxuyarkən hərəsinin ağzından bir avaz çıxır və bu müxtəlif avazlardan - bəzən bizim arvadların ağlaşma və oxşamalarını xatırlatmaqla, əmələ gələn qərib bir ahəng hamıdan artıq özlərinə xoş gəlirsə də, bir qədər alişdıqdan sonra musiqi həvəskarlarından özgələrinə də xoş gələ bilər; lakin bu qoşaşdırma oxumaq, bunların musiqicə Azərbaycan türklərindən iləri olmalarına dəlil deyildir; çünki əvvəla, bunların musiqisindəki ahəngi-əsvat ilə Yevropa harmoniyası arasında təfavüt böyükdür. Və saniyən, harmoniyanı bu günki tərəqqiyə mindiımiş olan Yevropa millətləri dəxi neçə əsr bundan əvvəl bizim kimi bir hava ilə oxuyub çalırmışlar və salisən, Azərbaycan türklərinin bu günki musiqisi harmoniksiz də olsa, ləhncə o qədər zövqavər bir musiqidir ki, dilləri kimi ümumqafqaz millətləri arasında qəbul və təqdir edilib, beynəlmiləl bir hal və hakimiyyət kəsb etmişdir.
İş burasındadır ki, Şərq musiqisinə harmoniya tətbiq etmədən qabaq o musiqinin ruhundan kəmal ilə xəbərdar olmaq lazımdır. Yevropanın məşhur bəstəkarları arasında Şərq musiqisini təqlidən gözəl şeylər yazanları az olmamışdır. Lakin yabançı bəstəkarlar içində Şərq musiqisinin ruhundan xəbərdar olmaya-olmaya, musiqilərə yaraşmayan harmoniya tətbiqi ilə qaş qayırmaq istərkən göz tökənləri də olmamış deyildir...
Harmoniya tətbiqi misalı üçün öz bəstəmdən bir neçəsinin yer azlığına görə başından bir neçə sətrini burada dərc etməyi lazım gördük.

6
Şerlərin adları olan kimi, məsələn, qəzəl, qəsidə və sairə, hava və nəğmələrin də məxsuş isimləri vardır. Azərbaycan türk musiqisində olan adlar, zənn edirəm, İrandan alınma olub, bunlardır: "dəstgah", "təsnif" "rəng" (ya qaba olaraq "diringə") və ya "kaf" və bir də oyun havaları.
"Dəstgah", qabaqlarda ərz etdiyimiz üzrə, Osmanlı türklərinin "məqam" dedikləri və qədim musiqarların sözlərinə görə, Ərəstu və Farabidən qalma müxtəlif ruhlu havalardır ki, bizlərdə və İranda üsulsuz oxunur, yəni, kəlmələrinin və kəlamlarının müəyyən ölçüsü yoxdur. Odur ki, dəstgah çalmır və oxunurkən dəf çalmaq və müəyyən zərblər vurmaq mümkün deyildir.
Bu üsulsuzluq, dəstgah üçün əlbəttə, bir nöqsandır: çünki musiqi üsulunun dəxi havanın ləhni kimi böyük əhəmiyyəti olub, insanda zövq artırır. Fəqət dəstgahın bu üsulsuzluq nöqsanını təzmin edən başqa bir böyük fəziləti var ki, o da, xanəndəni üsul təhdidatı altına salmayıb da sərbəst buraxmaq və binaənileyh hissiyyatını açıb tökməyə geniş bir yol vermək qabiliyyətidir. Dəstgah oxuyan xanəndə nərədə istəsə, dayanar; nə vaxt istəsə başlar, səsini uzadar, gödəldər: hər nə istəsə edər, təki gözəl olsun.
Lakin üsul məhdudatından azad olan dəstgah qaydasız və nizamsız deyildir; hər dəstgahın müəyyən qaydası vardır.
Dəstgah oxumaq qaydasında cavan xanəndələrimizlə qoca xanəndələrimiz arasında təfavüt vardır; şübhəsiz ki, qoca xanəndələrimiz qədim qaydalara daha yaxındırlar; halbuki cavanlar bir çox qaydalara riayət etmiyorlar. Bunların da haqları vardır; havacatın adları müxtəlifdir, odur ki, qoca xanəndə bir hava oxuyarkən, cavan xanəndə onun oxuduğunun adını yanlış desə - utanmamağa haqqı vardır.
Zənni-acizanəmizcə iş vaqiən adların çoxluğunda deyildir; və filan xanəndə məsələn "Mavərənnəhr" havası oxuya biliyor, filan xanəndə bilmiyor deməklə nə birincisinin fəziləti artar, nə ikincisinin istedadı azalar, həmçiniıi "Şur" dəstgahdır, amma "Bayatı-Şiraz" şöbədir, deyə iddialarda bulunmaq dəxi musiqimizin tərəqqisi üçün vəsilə təşkil edəmməz. Əsl mətləb bundadır ki, musiqimizin əsası olan "qam"(ma)larımız dürüst təyin edilsin, necə ki, buna yuxarılarda da işarə etdik. "Qam"(ma)lar təyin edildikdən sonra əminəm ki, köhnə adların bir çoxu haqq olaraq unudulub, əvəzində yeni Şərq musiqisi əmələ gələcəkdir ki, tərəqqisilə Qərb musiqi aləmi də heyran olacaqdır.
Dəstgahların ortalarında və baxüsus axırlarında təsnif oxunar.
Təsnif, üsulu və havası müəyyən bir nəğmədir ki, mütləq goftəsi də olar. Məclisi təsniflərimizin bir çoxunun goftəsi farsca olduğundan, havalarının da İrandan bizə keçdiyini zənn etmək olur. Özümüzün də xalq təsniflərimiz çoxdur; zatən bir il keçməz ki, bir və ya bir iki yeni təsnif peyda olmasın.
Təsniflərimizdən qismi-əzəminin goftəsi eşq və məhəbbətə dairdir; qalanlardan isə bəziləri məşhur qaçaqların vəsfinə, bir taqımları da camaat üzərində böyük bir təsir buraxmış hadisələrə münhəsirdir.
Təsniflərin bəstəkarları məlum olmadığından xalq bəstəsi ədd olunur .
Bir təsnif - bir dəstgaha məxsusdur və ya sazəndələr arasında dinildiyi üzrə, "bir dəstgah üstündədir". Azərbaycan türklərinin ən sevdiyi dəstgah "Segah" olduğundan, təsniflərin qismi-əzəmi və xalq musiqisinə aid olanı "Segah" üstündə bəstələnibdir,
Təsniflərimizin əksər üsulları 3/8, 6/8 və 3/4 olmaqla, bunlardan 3/4 ağırdır, qalanları yüngül.
Təsniflər, qaydaya görə dəstgahlar axırında təğənni edilməlidir: dəstgahların ortasında isə "rəng" və ya "diringə" çalmır.
Rəng - təsnif üsullu bir havadır ki, yalnız çalğıya məxsus olub, goftəsi olmaz. Oyun havalarımız, rənglərə nisbətən daha məzmunludur; rənglər və hətta bir çox təsniflər əksər bir hissədən əmələ gəldiyi halda, oyun havalarımız iki və ya üç hissədən əmələ gəlir ki, birinci hissə ilə ikinci hissənin ləhni başqa-başqa olduğundan təsiri də çox olur.
Oyun havalarına "şuxluq üçün" söz qoşmaq olar. Bən də dəxi məhz operet şuxluğu mənzuru ilə "O olmasın, bu olsun"da məşhur "Uzundərə" oyun havasına söz qoşmuşam: "Mən nə qədər, nə qədər (qoca) olsam da"... Fürsətdən istifadə ilə onu xatirə salıyoruq ki, "Uzundərə" oyununun birinci hissəsi "Mən nə qədər"dən "Gəl, xanım" sözünə qədərdir ki, "Gəl, xanım"dan axıra kimi ikinci hissədir; birinci hissə ilə ikinci hissənin ləhn fərqi aşkardır.
Bu axır zamanlarda Rusiya inqilabı və bilaxərə mübarək istiqlalımızın alınması təsiri olaraq, nəşrini arzu etdiyimiz 2/4 üsullu milli nəğmələr və marşlara aramızda böyük bir həvəs göstərilməkdə olduğunu kəmal məmnuniyyət ilə qeyd edə bilərik.
Bu üsullu nəğmələr, musiqimizi bir qədər təzələyib, əhalimizdə mərdanəlik ilə bərabər vətənpərvərlik və əsgərlik hissi oyadar.
Ancaq bir şeyə təəssüf edirik ki, musiqi təsirlərindən bixəbər olan bəzi nadanlar, başqa mənzur üçün bəstələnmiş olan bir para təsniflərə milli sözlər və ya məktəb şagirdanı üçün yazılmış goftələr qoşub da məktəblərdə şagirdana təlim etməklə nə qədər ziyan yetirdiklərini başa düşmüyorlar; meydana məktəblilərə məxsus bir nəğmə məcmuəsi çıxarsa, bu qeyri-təbii hal rəf edilər zənnindəyik
Haman qeyri-təbii halların biri də bir havaya bir söz qoşub "novhə" eləmək və eyn(i) havaya digər bir söz qondarmaqla təsnif eləməkdir; deməli, bir şəxs bir havaya - sözünə görə - sinə vurub ağlar və eyn(i) havaya istəsə qol tutub oynar.
Bu da musiqinin bizdə etinasız bir halda qaldığmdandır ki, dini musiqimizlə dünyəvi musiqimizin arasında heç bir fərq yoxdur. Halbuki başqa millətlərin dini musiqilərində bir ruhanilik və üluhiyyət mövcud olduğu hər kəscə hiss və dərk ediliyor.
Çalğı musiqimiz, yəni o musiqi ki, çalmırkən oxumağa ehtiyacı yoxdur, yalnız bir rəng və oyun havalarından ibarətdir. Təsnif və dəstgahlar üçün çalman musiqi xanəndəni şövqə gətirmək üçündür.
Oxumaq və ya çağırmaq - musiqi havasını insan səsilə icrai- təğənni etmək deməkdir.
İnsan səsinin ən təbiisi, danışarkən sinəsindən gələn səsdir; oxuyarkən bu səsi o dərəcə sıxmaq lazım deyildir ki, hal-təbiisindən çıxsın. Halbuki bizim oxuyanlarımız nazik səs çıxarmaq üçün özlərinə o qədər güc gəlirlər ki, nəinki yalnız bir səsləri, hətta üz və sifətləri belə qeyri-təbii bir hala düşüb, zövqü xələldar etmək dərəcəsinə çatıyor. Bizim oxuyanlarımızın hamısı nazik səsli olmağa məcburdurlar. Çünki qulaqlarımız ancaq bu səsə alışmışdır; avropalıların "bas" dedikləri qaba və yoğun səs bizə zövq vermiyor və gülünc olur. Bu da musiqimizin tərəqqi etmədiyindən doğan müəssif bir haldır ki, bizdə də "Şalyapinlər" çıxmağına yol vermiyor...
İnsanlar arasında xudadayi səslər var ki, təbii olaraq əgər "uca" çıxmaq və ya ən "pəstə" yenməklə bərabər major bir məlahətə də malikdirlər, lakin qeyri-təbii səslər, (kərihüssövt) xoşa gəlməz və insanda zövq əvəzinə əsəbi bir hal peyda edər.
Xanəndələr, səsə malik olmadan başqa muğamat və dəstgahlara kəmalınca aşina və bələd olmalıdırlar. Dəstgahlar üsulsuz və havaları qeyri-müəyyən olduğundan hər dəstgahı hər xanəndə öz səliqəsilə oxuyur.
Yuxarılarda ərz etdik ki, dəstgahların üsulu və müəyyən havaları olmadığından xanəndələr üçün üsula tabe olmaq və ya oxuduğunun müəyyən havasından çıxmamaq kimi məhdudiyyət yoxdur; istənilən yalnız budur ki, oxunan dəstgah öz əsası olan səslər üzərində dolansın. Odur ki, xanəndələrimiz dəstgah oxurkən zatən hər dəfə özləri bir hava icad edirlər ki, Avropada ona, yəni qabaqca hazırlanmadan bir şey meydana çıxarmağa "impravizasyon" deyərlər "impravizasyon" gözəl çıxmaq və hazirunda bir təsir buraxmaq üçün, onu yapanın zövq və şövq halında bulunması və guya ilhamat saiqəsilə ibrazi-hünər etməsi lazım gəliyor.
Xanəndələrimiz, əgər müstəmelər arif və başa düşəndirlərsə, böylə hala gəlib də oxuduqlarına ruh vermək və hiss qatmaqla qulaq asanların da ruhuna və hissiyyatına icrai-təsir edə bilirlər, bu üzdən xanəndəliyin mə'nası böyükdür və xanəndələrin də qədir və qiyməti ucadır. Amma heyflər olsun ki, camaatımızın bir taqım sinfi, bu sənət sahiblərinə əksik bir nəzərlə baxıb da məharətlərini yalnız bir pul hesabıyla təqdir ediyorlar. Özgə millətlərin sənayei-nəfisə ərbabı hər yerdə və hər bir məclisdə böyük bir izzət və ehtiramla qarşılandığı halda, bizimkilərin yeri "qapı dibində" olur. Bu xüsusda pul və paraya böyük bir tamah göstərən sahibi-sənətlərimiz dəxi təqsirsiz deyildirlər...
7
Xanəndəni şövqə gətirməkdə birinci vəzifə çalanındır. Çalan dəxi öz sənətində mahir olmaqla bərabər, çaldığı əsnada məxsusi halət göstərməlidir.
Çalğı alətlərimizdən ən xoşa gələni, pərdələri çox olanı binaənileyh yoğun və nazik olaraq müxtəlif sədalar verəni "tar"dır.
Tar, telli və ya bizlərdə dinilən kibi "sim"li alətlərdən olub, qoşa ağ və qoşa sarı simləri çalmaqdan və qalan simləri isə səslənməkdən də ötrüdür. "Kök" edilmiş və ya qurulmuş tarın ağ simləri ilə sarı simləri arasındakı münasibət daimi surətdə qalıb, Qərb musiqisində "kvarta" denilən münasibətdə bulunur. Yəni sari simlər ağlara nisbətən iki pərdə yarım pəstdir. Qoşa sarının yanında olan tək sarı isə daimi bir sədada qalmayıb, dəstgaha görə dəyişiyor. Simlərdən səs çıxarmaq üçün "mizrab" denilən xırda bir diş istemal olunur ki, simlərə toxundurduqda səs çıxıyor. Simlərə mizrab əvəzinə baş barmaq ilə toxunulursa, zərif səslər çıxmaqla başqa bir təsir hasil oluyor.
Simli alətlərdən tara bənzərinə, fəqət ondan çox kiçik və çanağı bir qarınlı olanına "saz" diyorlar ki, "aşıq"lara məxsus çalğı alətidir: sədalarının bir o qədər təsiri yoxdur. Ondan yaxşı "kamança"dır. Kamança dəxi simli alətlərdəndir. Fəqət onun simlərindən səda çıxarmaq üçün "mizrab" istemal olunmayıb, başlarına tük (at quyruğunun tükü) çəkilmiş məxsus bir çubuğu var ki, onun tükünün simlərə təmasından səda hasil oluyor.
Kamançanın səsi tara nisbətən daha incədir; və bu alətin digər simlilərə qarşı təfəvvüqü ondadır ki, yoğun və nazik olaraq müxtəlif səslər verməklə bərabər, bu səsləri istənildiyi qədər uzada bilər. Halbuki tarda, sazda bu mümkün deyildir. Və bu alətlərdə uzun bir səs hasil etmək üçün mizrabın sürətlə simin o yan bu yana vurulmasından əmələ gələn səs, çığraq kibi titriyor və kamança sədasının yerini verə bilmiyor.
Tar, saz və kamançadan başqa simli alətlərimiz yoxdur; Yerdə qalanları "nəfəs verənlərdir". Nəfəs verən, nəfəs yeli ilə çalman alətlərdir ki, ən məşhurları "zurna", "yastı balaban", yaxud "mey", "düdük" və "neydir".
Bunlardan zurna ilə balabanın başları var ki, əsla səs verən yerləri orasıdır və bir də ağacı ki, üzərində altı, yeddi deşik qayrılıb, barmaqlar ilə örtülüb açılmalarından müxtəlif səslər hasil olur. Ney isə - o başı və bu başı açıq və içi boş bir qamış parçasıdır. Simlilərdən səs çıxarmaq, hər kəs üçün mümkün olan asan bir şey olduğu halda, nəfəslilərdən səda hasil etmək üçün əvvəlcə qaydasını öyrənmək lazımdır.
O ki, qaldı "sağanaqları" üzərinə dəri çəkilmiş olan musiqi alətlərinə, bunlar zərb alətləridir ki, çalman musiqinin üsul və vəzninə böyük kömək edib, baxüsus oyun havalarında böyük əhəmiyyətləri vardır. Bu da "qabal", "dəf və "dümbək"dir ki, gurultulu və qeyri-müəyyən səslər verirlər; "yer dümbəyi" və ya "qoşa nağara" denilən, bir-birinə bitişikli iki xırdaca dəfciklərdən ibarət olan və məxsus çubuqlarla çalman alət dəxi zərb alətlərindəndir ki, məxsusi çalanı olar və məxsusi təsiri də vardır.
8
Azərbaycan türklərinin musiqisi, ümumiyyətlə bütün Qafqaz millətlərinə xoş gələn və bunlar ( baxüsus ermənilər) tərəfindən dəxi, qizai-ruh hacətini rəf etməklə bərabər məxsusi toy və məclislərdə istemah vacib olan bir musiqi deyə qəbul edilmişdir. Azərbaycan türk lisanı Qafqazda ümumi bir məişət dili olduğu kimi, Azərbaycan türk musiqisi də burada ümumi bir hissiyyat lisanıdır. Musiqimizi bu möhtərəm mövqeyə mindirən öz fəzilətidir. Və o fəzilət - insanın qəlbində cürbəcür hisslər oyatmaq qabiliyyətidir ki, musiqimiz, nə qədər tərəqqi etməmiş olsa da, bu qabiliyyətə malikdir.
Müxtəlif dəstgahlarımızın müxtəlif təsirini, musiqi maraqlılarımız hiss və dərk etməmiş deyildirlər, zənn edirəm. Bu dəstgahların təğənni və tərənnümlərinə qulaq asan hər kəsin öz təbiət və əhvali-ruhiyyəsinə görə təəssüratı başqa-başqa ola bilər. Bununla belə, hər bir dəstgahın ümum üçün bir dərəcədə təsir edəcək, yəni qulaq asanların hər birində eyn(i) hiss oyadacaq qabiliyyəti olduğunu da inkar etmək olmaz. Zənn etməyirəm ki, məsələn, "Segah"a qulaq asan üç nəfərdən, bu dəstgahın təğənnisi təsiri ilə birisi üzərində şadlıq və şətarət, digəri - hüzn və kədər - üçüncüsü isə cəsarət və şücaət hiss etsin. Yalnız bu var ki, bu üç adamın üçünün də qəlbində bir cins hiss oyanıb da ancaq birisininki zəif və birisininki şiddətli ola bilər.
Məqam və dəstgahlardan hasil olan hiss və təəssürat haqqında qədim islam musiqarları dəxi müəyyən fikrə gəlib hər dəstgahdan hasil olan hissi təyin etmişlərdir. Fəqət, o zamanlarda "not" və başqa bir musiqi yazmaq üsulu olmadığından dəstgahlardan bir çoxunun adı qalıbdırsa da, ağızdan ağıza gələn və gəldiyi əsnada bir çox səbəblərdən dolayı müxtəlif təğəyyürat və təbəddülata uğrayan havaları, bu gün bam-başqa olmaqla, əvvəlki əsasından dəxi dönüb başqa bir əsasa giribdir. Məsələn, çox ola bilər ki. "major" təbiətli dəstgah "minor"a dönübdür və biləks, "minor" ikən "major" olubdur. Binaənileyh o, və ya bu cins hiss oyatmaq qabiliyyəti də o dəyişikliyə müvafiq olaraq dəyişibdir.
Bu xüsusda uzun bəhsə girişmək bizi vəzifəmizdən uzaq salar və burada yeri deyildir. Fəqət Azərbaycan türklərinin musiqisindən bəhs edərkən bu musiqinin qəlbimizə ilqa etdiyi təsirlərindən heç də danışmamaq olmaz. Binaənileyh burada, yalnız öz fikir və mülahizəmiz olmaq və bunu özgələrinə qəbul etdirmək iddiasında olmamaq şərtilə, aramızda müstəməl məşhur dəstgahların təsirləri haqqında bir neçə söz deməliyik.
Dəstgahlarımızdan ən suznaki, ən müəssiri və riqqətamizi - "Segah"dır. Rəqiq qəlb sahibliərini ağlamaq dərəcəsinə gətirən bu dəstgah eşq və məhəbbət bəlasına giriftar olanların əhval-ruhiyyəsini ən gözəl təsvir edən, hal və hissiyyatına ən kamil bir tərcüman olan lisani-musiqidir. Hicran və fəraqdan, dövr-fələkdən, bəxt və taledən, vəfasızlıq və istiğnadan şikayət ehtiyacı varsa, "Segah" rucu olunsun! Yoxsa başqa dil ilə şikayətin təsiri olmaz. "Segah"m ortasında oxunan "Əraq" - "Rast" və "Mahur" ruhunda olaraq, əzm və səbat göstərən bir halı təsvir edir ki, guya hissiyyatın aşıb- daşıb tüğyan dərəcəsinə gəlmiş olan bir əsnasında əql birdən-birə meydana çıxıb tüğyan etmiş hissləri susdurmaq istiyor. Lakin, "Əraq"ın təkrar "Segaha" dönməsindən görünür ki, Fizuli demişkən: "Əql oldu zəif, eşq qalib" -yəni hissiyyat əqlə faiq gəlib tüğyanına davam ediyor...
Qüvvətli ixtisasat və şiddətli təsirata meyyal olan Umumqafqazlıların "Segahı" və "Segah" üstündə olan havaları şiddətlə sevmələri - "Segah"ın müəssir bir lisani-musiqi olmasındandır - zənn edirik.
Bu axır zamanlarda milli, yəni milləti xabi-qəflətdən oyatmaq və bu məzmunlu şerləri "Segah" dəstgahı ilə oxumaq adətinin nə qədər yersiz, nə qədər yaraşıqsız və sənət haqqında əmdən və ya səhvən bir ihanət olduğunu burada qeyd etməyi lazım bildik. "Segah"a milli şerlər qoşmaqla qulaq asanlarda milli hiss oyatmaq olmaz, çünki sözün mənası ilə musiqinin əsəri arasında da təvafüq və münasibət yoxdur; binaənileyh bu növ ilə təqib olunan məqsəd hasil olmamaqdan başqa söz də itər, musiqi də.
Milli sözləri musiqi vasitəsilə qulaq asanlara təlqin və təbliğ etmək istənilərsə, bunun üçün müvafiq dəstgahlar vardır ki, o da "Rast" və "Mahur" və bunların özündə bəstələnən havalardır.
"Rast" və "Mahur" insanda mərdlik, mərdanəlik, şücaət və cəsarət oyadan havalardır... Odur ki, milli və əskəri marşlar və qəsidələrin əksəri bu dəstgah üzərində bəstələnir. Avropalıların "major" qarnına uyğun gələn bu dəstgahın axırında Qərb millətlərinin marşları dəxi oxunsa, pək müvafiq gələr; məsələn, "Rast" dəstgahından sonra təsnif olaraq firənglərin milli havaları olan "Marselyoz"unu kəmali-müvəffəqiyyət ilə oxumaq olar və gözəl bir təsir hasil edilər. "Rast" vaqiən rastlığa və düzlüyə, ülvicənablığa meyl etdirən qiymətli bir dəstgahdır; zənn edirəm ki "Rast" hissiyyata deyil, əqlə qiza verən bir musiqidir. Yuxarıda ərz olunduğu üzrə "Segah"ın ortasında "Rast" ruhunda və əsasında olan "Əraq"ın təkrar "Segah" dönməsilə hissiyatın əqlə qalib gəlməsi kimi bir təsir hasil olduğuna bərəks olaraq "Rast" ortasında "Segah" əsaslı və "Segah" ruhlu olan "Şikəstəyi-fars"ın təkrar "Rast"a dönməsi əqlin hissiyyata qalib gəldiyini ərz və bəyan ediyor.
Dramnəvislərimizdən möhtərəm Əbdürrəhim bəy Haqverdili əfəndinin məşhur və dram ədəbiyyatımız içində ən qiymətdar bir əsəri olan "Dağılan tifaq"ın da əql və fərasətini mal və dövlətilə bərabər qumar yolunda fəda etrniş olan Nəcəf bəyin qapısında bir dərvişin: "Ey əzizan, bir baxın dünyaya, ibrətxanədir. Axırın fikr etməyən aqil deyil, divanədir" nəzmlərini "Rast" və ya "Mahur" üstündə oxuması nə qədər gözəl, nə qədər müvafiq və münasib bir haldır!
"Rast"ın təsirdədir ki, Nəcəf bəy dərviş oxuduqdan sonra guya bir qədər "əqlə gəlib də", sanki məst ikən ayılır və bu sözləri təkrara məcbur oluyor: "Axırın fikr etməyən aqil deyil, divanədir..."
Məşhur dəstgahlarımızdan biri də "Şur"dur. "Şur" adına baxılarsa, insanı şur-a gətirməli idi. Ola bilsin ki, qədimlərdə ismi ilə müsəmması arasında münasibət və mütabiqət varmış; halbuki bu gün Azərbaycan türkləri arasında oxunan "Şur" - şuridələrə təsəlli verən və onları guya eşq və sevda təriqindən nəsihət yoluyla döndərmək istəyən bir zəbani-müşfiqdir. "Şur" - deyil, yalnız eşq ibtilasma giriftar olanlara, bəlkə hər bir cür dərdi olanların qəlbini təskin edən və təsliyət verən bir dəstgahdır (bu şərtlə ki sözləri havasına müvafiq ola).
Əsərim olan "Əsli və Kərəm" operasının üçüncü pərdəsində, keşişin qızını götürüb qaçmaq kimi hiyləsindən mütəəssir eşq oduna yandığını "Segah" əsasında olan bir "Aşıq" havasıyla izhar edən Kərəmə, atasının "bəsdir oğlum bu qədər ah..." sözlərini "Şur" üstündə təsəlliamiz və nəsihətyanə bir surətdə söyləməsi - müvafiq və münasib olduğundan çox yaxşı təsir bəxş ediyor.
Kəndlərimizdə (baxüsus Qarabağ kəndlərində) atı çaydan sularkən, dodaqla "Şur" üstündə fışdırıq (fit) çalınması çox qərib və qəribliyi qədər də xoşa gələn bir fəqərədir. Görünür, bu havanın nəinki insana, bəlkə heyvana da böyük bir təsiri vardır.
"Bayatı-Şiraz", "Bayatı-İsfahan" və "Şüşdər" - başdan-başa hüzn və kədər, dərd və ələmdir. Lakin sakinanə! Öz dərdinə heç kəsi şərik etmədən, kimsədən kömək diləmədən, kimsəyə "şərh dil" etmədən ağlamaqdır. Qulaq asanların qəlbindən bir ah sərd qoparan və dərdi üstünə dərd artıran bu dəstgahlar insanı qəmgin edərsə də, bu qəmginlikdə bir şirinlik, hətta bir məhzuziyyət vardır ki, tərifi qeyri-qabildir.
Bu dəstgahlar avropalıların "minor" qam(ma)larına müvafiq gəldiyindən bir çox "valslar", "romans" həp bu dəstgah üstündədir
Havasından, daha doğrusu, havasını təşkil edən sədalarından qeyz və qəzəb, dəhşət və məhabət yağan "Çahargah" xüsusunda qədim musiqarlar doğru deyibdirlər ki, bu dəstgah göy guruldamasından götürülübdür!
Çarik pərdəsi olduğuna görə Avropa alati-musiqiyyələri vasitəsilə çalınması dürüst gəlməyən və Bəni-İsrail musiqisinə bənzəyən bu dəstgah, əsl teatro səhnəsi üçün yaranıbdır ki, operalarda istemalı böyük bir təsir bağışlaya bilər, nəinki toylar üçün...
Zatən bu dəstgahı xanəndələrimiz dəxi çox az istemal edib məclis musiqisi olmadığını anlıyorlar. Əsərim olan "Şah Abbas"ın ikinci pərdəsinin axırında Şah Abbasın rəiyyətə zülm edərləri "Çahargah" ilə təhdid etməsi münasib gəlib, lazım olan təsir hasil ediliyor.
İnsanın deyil yalnız bir qəlbinə, hətta əqlinə belə təsir etməklə dərin-dərin fikirlərə salan, guya bu aləmdən götürüb də başqa bir aləmdə xəyalət aləmində seyr və səyahət etdirən "Hümayun" dəstgahı - demək olur ki, "hipnoz" əsərli bir musiqi lisanıdır. Məsaili-həyatiyyə həlli ilə daimi məşğul olan və bir çox vaxt həllindən aciz qalan məhzun, məğmum və pərişan bir cismin qizai-ruhaniyyəsi bu dəstgahdır desəm, zənn edirəm ki, xəta etməmiş olaram. Məsrurların qəlbi məhzun, məhzunların diləfsürdələri təsəlliyab sürur edən bu dəstgahın qiyməti-musiqiyyəsi çox böyükdür. "Humayun"un ruhaniliyi - cismaniliyindən çox artıqdır. Toylarda və eyş- işrət məclislərində oxunduğunu heç vaxt eşitməmişəm və təəssüf də etmiyoram. Amma məsciddə mərsiyəxan ağzından eşidib də dərin bir həzzi- ruhani əxz etmişəm.
"Əsli və Kərəm" operasında atəşi-fəraqə yanan və eşqin qüvveyi- cazibəsilə yar ardınca dağları, daşları aşan, dərələri, düzləri teyy edən, səhraları, biyabanları keçən və hər yerdən məyus olmaqla cismən və ruhən yorulmuş olan Kərəmin bu müşküldə dadma yetən bir piri-nuraninin "Humayun" xoşəlhanı nə qədər gözəl və nə dərəcə təsirbəxşdir!
Çox uzaqlara düşməmək və məqaləmizə tul verməmək üçün başqa dəstgahlardan sərfi-nəzərlə, bir neçə söz də xalq musiqisi olan şikəstə və boyatı xüsusunda deyib, bu qismi tamam edəlim.
Şikəstə və Boyatı, "Segah" dəstgahı əsasında qurulduğundan təsirləri də eyn(i) dəstgahın təsiridir. Bu havalar axşam və gecəyə məxsus havalardır. Bunların gecələr verdiyi təsir gündüzünkündən daha artıqdır. Gecədən məqsud əlbəttə, qarlı və sazaqlı qış gecələri olmayıb, bəlkə də yaz və baharın məhabətli, işıq gecələridir ki. ay doğmuş, dağlar, daşlar, meşələr, çəmənlər və axar suların görünüşü bir-birilə həmahəng olub, bir mənzərəyi- xoşnümayi zövqavər təşkil ediyor.
Böylə bir gecədə, gözəl bir səs və ustadlıq ilə oxunan və uzaqdan eşidilən şikəstə və ya boyatı insanda çox böyük təsir buraxıyor. Zənn edirsən ki, bütün dağlar, daşlar, meşələr, düzlər, quşlar heyvan - bəlkə bütün kainat bu səsə sənlə bərabər bir qulaq verib, onlar da sənin kibi mütəəssir oluyorlar...
9
Musiqimizin əlhamndan əlavə üsul, bəhr və vəzni və bir də şəkil və surətlərinin dəxi zövqavər və hissiyyatpərvər təsirləri müxtəlifdir. Bir taqım təsniflərimizin və əksər oyun havalarımızın təmayülati-şəhvaniyyə oyadan və zatən türk musiqisi ruhüna yabançı olub da Şərq tərəfindən bizə keçmiş və haman yalnız şəhərlərimizin malı olmuş bəhr və vəznləri vardır ki, mərdanəlikdən ari olub zinanədir. Kənd xalqımızın "zopu" və bunun kimi oyunlarının üsulu safdilanə olub, meyliyyəti-nəfsaniyyə oyatmıyor.
Azərbaycan türklərinin oyun musiqisi üsul və bəhrləri içində, dağıstanlıların "Ləzgihəngi" kimi cəsurluq, çapuk və zirəklik ruhu verən bəhr və üsulu yoxdur. Onun əvəzi olmaq üzrə şəhərlərdə, baxüsus Bakıda yenə Şərq tərəfdən bizə köçmüş bir bəhr var kı, "məfailən failən, məfailən failən" üsulu ilə olub, türk ruhu ilə əsla əlaqədar deyildir.
Təğənni və tərənnüm icrasına gəldikdə, mahir, əhlı-hal və xoşəlhan sazəndə və xanəndələrimiz vardır ki, çalıb çağırmaları, hər kəsin səsinin gözəlliyinə və xüsusi əda və şivələrinə görə, mustəmeləri mütəəssir və məhzuz ediyorlar. Lakin heyflər olsun ki, xanəndələrimizin hamısı "tenor" olduqlarından indiyə qədər "bas" və "bariton" səsləri eşitmədik; eşitmədiyimizdən biri də qadın səsidir ki, bu keyfiyyət dəxi musiqimizin tərəqqisini dayandıran amillərdəndir.
Musiqi alafımızın təsirlərinə gəldikdə, simlilərdən hamıdan artıq təsirlisi - kamançadır. Tarın yoğun pərdələri dəxi çox təsirbəxşdir; nazik pərdələrinin səslərində bir o qədər gözəllik yoxdur.
Nəfəs ilə çalınanlardan məhzun, zərif və fövqəladə təsir bağışlayanı neydir; bunun səsi demək olar ki, insanı başqa bir aləmə köçürüb mühitlahəqqi yadından çıxardır. Yastı balabanın səsi dəxi zərifsə də, ney kimi məlahəti yoxdur.
Qulaq tutan və əsəblilərə heç də xoş gəlməyən şiddətli və çığırqan səs çıxartan zurnadır ki, bunu əksəriyyən ev içində deyil, çöl və bayırda çalarlar. Zərb alətlərindən məclisə yaraşanı qabal və ya dairədir.
Camaatımızın əksəriyyəti tərəfindən vasiteyi-ləhvüləəb və əsbabi eyşüişrət zənn edilməklə lazımınca təqdir edilməyən musiqimizin layiqi olduğu qiymətini meydana çıxarmaq və bir teatro tamaşasından hasil olan mənfəəti -mənəviyyəyi musiqi dililə camaata təlqin etmək, yəni avropalıların "opera" və "operet" dedikləri musiqili teatroları təqlid öylə bir şey meydana qoymaqla xalqa bir qizai-ruhani vermək və buna görə musiqimizi teatro səhnəsinə nəql vəz etmək fikri teatro həvəslilərimizi çoxdan bəri işğal etməkdə idi ki, bilaxərə 1907 sənələrində bu işə ibtidar olunub, Füzulinin məşhur "Leyli və Məcnun" hekayəsi acizləri tərəfindən teatro şəklinə salınıb, Şərq musiqisinə artıq bələdiyyəti olan bəradərimlə məən goftəsi bəstələndi və "operaya" bənzər bir şey oldu. Camaat tərəfindən hüsn-rəğbət və təvəccöhə məzhər olan bu "şey" işin bu yolda davamı üçün acizlərini həvəsləndirib, bilümum musiqimiz və baxüsus teatro musiqisi tərəqqisi yolunda çalışmağa çoxlarını vadar etdi. Bu növ ilə opera və operetlərə bənzəyən teatrolarımız meydana çıxıb, musiqimiz xalq arasında yavaş-yavaş layiq olduğu ehtiramı qazanmağa və bu ehtiram əvəzində camaatımızın əhvali-ruhiyyəsinə hüsn-təsir buraxmağa başladı.
Bu iş - musiqimizin tərəqqisi yolunda birinci qədəmdir; lakin birinci qədəmdən sonra ikinci, üçüncü və ilax qədəmlər atmaqla mənzili-məqsədə çatmaq üçün daim iləri yürümək lazımdır. Məqsədimiz isə, əvvəl əmrdə musiqimizin əsasını təşkil edən - "qam"(ma)ları bir surətdə təyin etmək; musiqimizi, ruhuna müvafiq gələn "harmonik" tətbiqi ilə zənginləndirmək və nəinki bizim, bəlkə mütəməddin millətlərin də təqdir və təqdis edəcəyi bir "sənət" (iskusstvo) halına salmaqdır.
Hələ əsir bır halda yaşadığımız zamanda ibraz edilmiş olan bu meyli- tərəqqi və başlanmış olan bu tərəqqi, şübhə yoxdur ki, azad və müstəqil və yaşamaq səadətinə nail olduğumuz bu xoşbəxt günlərdə daha da sürətlə nəşvü nüma tapıb, azad millətin azad sənəti bütün gözəlliyilə meydana çıxacaq və çıxıb da millətimizə, miləl-mütəməddinə ailəsinə daxil olmaq və bu ailənin müsavi-əlhüquq bir əzası bulunmaq haqq və səlahiyyətini qazandıracaq amillərdən ən mötəbəri və ən müasiri olacağına kamil bir iman və dürüst bir etiqad ilə inandığımızı ərz edirik.
İstiqlal: 1918 - 28 Mayıs - 1919.- Bakı, 2014.- S. 110-131
