Üzeyir Hacıbəyli

Ordan-burdan

Sual - Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola, amma özü yerli dibli olmaya?
Cavab - Bəli, olar! Məsələn, Bakı ilə Gəncənin "cəmiyyəti xeyriyyələri"nin adları var, amma özlərindən heç bir əsər yoxdur.
                                                                                                             * * *
Sual- Həsənqulu, nə qayırırsan?
Cavab - Dəstəmaz alıram!
Sual- Nədən ötrü?
Cavab - Dünən əllərimlə bir müsəlmanın başını kəsmişdim, indi Ağdaş vaizi Molla Səməd əfəndinin sözlərinə əməl edib, dəstəmaz alıram ki, əllərimin günahı rəf olsun!
                                                                                                             * * *
Bir əcnəbi (kamal təəccüblə) - Bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cah-cəlal ilə cənazəsini təşi edibsiniz və belə atəşin nitqlər söyləyirsiniz?
Müsəlman - Bu ölən, müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş bir şəxsdir!
Əcnəbi - Bəs nədən vəfat edib?
Müsəlman - Deyirlər ki, acından...
                                                                                                             * * *
Sual- Nədən ötrü müsəlmanlar bir bu qədər cəmiyyətlər düzəldirlər?
Cavab - Ondan ötrü ki, axırda "cəmiyyətin" adamları bir-birilə savaşsınlar.
Sual - Yaxşı, məgər ayrı yerdə "cəmiyyətsiz" savaşmaq olmazmı?
Cavab - Olar, ancaq "cəmiyyət" içində savaşanların hər biri "həqq, həqqaniyyət" və "millət" adına savaşıb, öz şəxsi düşmənçiliyini pərdələməyə yol tapırlar.
                                                                                                            * * *
Sual - O kimdir ki, yazıq camaatın alın tərilə, əl zəhmətilə hüsulə gəlmiş bütün rizq və ruzisini öz altına qoyub, nərildəyə-nərildəyə, guruldaya-guruldaya, xurduxaş eyləyir və özü də heç doydum deməyir, camaat da gendən durub tamaşa edir və yaxın durmağa qorxur? İndi deyirsiniz ki, Məhəmmədəli şah və ya İran xanları! Xeyr!.. Dəyirman daşı...
                                                                                                             * * *
Sual- Hacı Səfər, nə üçün bidamaqsan?
Cavab - Balam, üstümə kağız gəldi ki, gərək 3 gündən sonra 5 min manat pul verəm.
Sual- Paho, görünür ki, anarxistlər yazıblar!
Cavab - Xeyr, kağız bankdan gəlibdir.
Şamaxı yolundakı müsəlman gecə kurslarının müəllimlərindən birisi mənə rast gəldi, gördüm binəvanın əhvalı çox pəjmürdədir. Soruşdum ki, nə olubdur?
Dedi: - Başım da ağrayır, belim də!
Dedim: - Bəs səbəb nədir?
Dedi: - Başımın ağramağına səbəb odur ki, başımda olan biliyi çıxardıb gecə kurslarının mütəəllimlərinə verdim. Belimin də ağrımağının səbəbi odur ki, oradaca paltonumu da çıxardıb, vallah mən heç kəsə vermədim, amma hər kəssə, görünür ki, başımdakı biliklə bərabər əynimdəki paltonu da istəyirmiş. Ona görə də hər ikisini də aparıbdır.
Dedim: - Zərər yoxdur, biz müəllimlər nəşr-maarif yolunda elm və biliyimizdən başqa, hərdənbir paltomuzu sərf etməliyik.

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 78-80.