Hər işi öz əhlinə tapşırmalı
Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Həmin üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Elə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap "qabıq qoyur". Amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki, həm cismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur.
Bu nədəndir?
Çünki üzərinə götürdüyü işin əhli dəyildir. İşdən başı çıxmır. Onun üçün də nerədə zəhmət çəkmək, qüvvət sərf etmək, fəaliyyət göstərmək lazım olduğunu bilməyib, lazım olmayan yerdə nahaq yerə o qədər zəhmət və əziyyət çəkir ki, axırda tamamilə yorulur.
Halbuki əgər haman iş öz əhlinə tödi olunsa, yəni o işi müxtəs bilən bir adama həvalə olunsa, əvvəla, həm iş irəli gedər, həm də iş sahibi heç də özünü əbəs yerə yormaz.
Məşrutəli dövlətlərdə, yəni o dövlətlərdə ki, bütün dövlət idarəsindən məqsud əhaliyə olduqca artıq mənfəət yetirib ehtiyacatını rəf etməkdir, həmişə ona diqqət olunur ki, hər işin başında əhl adam olsun. Məsələn, nəqdiyyə və maliyyə işlərini gözəlcə bilən bir adama maliyyə vüzəratı qoyub da heç vaxt hərbiyyə vəzirliyi verməzlər. Yaxud nəşri və təmin maarif işlərində ixtisas sahib olan bir kəsi maarif vüzəratı qoyub da heç bir halda xariciyyə vəziri etməzlər. Sair vəzifələrdə bu nöqteyi-nəzərdən öz əhli adamını tapar. Ona görə də haman dövlətlərdə millət və dövlət getdikcə tərəqqi tapmağa və istirahətlə yaşamağa başlar. Amma o dövlətlərdə ki, onların tərzi-idarəsi camaat mənafeyini gözləmək əsası üzrə qurulmayıbdır, orada artıq əhli adamlara o qədər diqqət yetirməzlər və bir işə birisini təyin etdikdə onun bu işdə əhli olduğunu, ixtisas sahibi olduğunu axtarmazlar. Bəlkə camaata zərrəcə mənfəəti olmayan başqa fikirləri nəzərdə tutub hər kəsi nerəyə olsa soxarlar. Odur ki, o cürə dövlətlərdə də camaat həmişə miskin və zəlil bir halda olar. Məsələn, İranın, Türkiyənin keçmiş halları və sairə...
İştə bizlərə də vacib və lazımdır ki, hər bir işdə öz əhli adamını axtara və o işi ona tapşıra. İndi o adam öz hal və ozainə görə nə payədə olursa-olsun, heç fərqi yoxdur. Təki öhdəsinə verilən işin əhli olsun.
Belə mühüm bir əmrdə xatir gözləmək, birisinin cah və rütbəsini nəzərə almaq, birisinin xoşuna gəlmək kimi bir qəsd ilə meydana girmək haman mühüm işə və bütün millətə xəyanət etməkdir.
Madam ki, bir şəxs bir işi bacarmır, o işdən heç bir xəbəri yoxdur, o halda ona haman işi həvalə etməyin mənfəəti-ümumi yetirmək nöqteyi-nəzərindən heç bir məqu mənası ola bilməz. Yox, əgər haman əziz şəxsin nə tövr olursa olsun bir iş başında durması və ya bir işə təyin edilməsi lazım isə, o halda onun üçün elə bir iş seçməlidir ki, o işi bilir, o işin əhlidir. Zənn edirəm ki, o surətdə həmin əziz sayılan şəxs bizim içimizdə daha əziz və daha möhtərəm ola bilər. Və illa bilmədiyi və bacarmadığı işə qoyularsa, daha da o izzət və hörməti itirər və xalq yanında məhcub olar.
Bundan başqa, madam ki, bir şiə əhli adam seçildi və iş də ona tapşırıldı, ondan sonra həmin əhli adamı tamam və kamal sərbəst buraxmalıdır; heç bir halda onun işinə qatışmamalıdır. Onun əl-ayağına dolaşmamalıdır. Təəssüflər olsun ki, bizlərdə - nerədə olursa-olsun elə bədxülq adamlar var ki, bilməyə-bilməyə özgəsinin işinə qarışmaq onun üçün bir adətdir. Gərək nə tövr olsa, hər yerə əl qatsın. Bu adamlar müzürrdürlər. Ona görə əhli adamları belə müzürr şəxslərdən qorumaq da ümdə şərtlərdəndir.
Bundan başqa, bizim boşboğaz tənqidçilərimiz də az deyildir. Bu tənqidçilərin bəziləri öz boşboğazlıq adətlərinə görə, bəziləri də məhz qərəzi-şəxsi ucundan hər yerdə və hər zamanda oturub, durub əhli adamları tənqid etməyə başlarlar. Əlbəttə, həqiqi və doğru tənqid vacibdir və mənfəəti də çoxdur. Lakin cahilanə tənqid çox zərərdir. Çünki cahil tənqidçi heç bir şey anlamır. Yaxşı-yaman seçə bilmir. İştə haman əhli adamları belə tənqidçilərin şərrindən də xilas etmək işin sürətlə irəliləməsinə səbəb olar.
İndi hər işlərimizdə yuxarıda saydığımız şərtlərə rəayəti-tam olunsa, həqiqət çox mənfəət görərik. Yox əgər olunmasa, mənfəət əvəzinə zərərə düçar olarıq, necə ki, oluruq...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 134-135.
