Üzeyir Hacıbəyli

“Leyli və Məcnun”

Bəşər tarixində əbədi mövzu olan yüksək ülvi məhəbbət mövzusunu tərənnüm edən “Leyli və Məcnun” əfsanəsinin tarixi çox qədimdir. Dahi sənətkar Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını 1907-ci ildə qələmə almışdır. Hacıbəyli bu əsəri yazanda (hələ) 22 yaşında idi. XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada təşkil edilmiş "Məcnun Leylinin məzarı üzərində" tamaşası onda böyük təəssürat yaradır. Tamaşada Məcnun rolunu o zaman məşhur olan xanəndə Cabbar Qaryağdı canlandırır, on üç yaşlı Üzeyir isə xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edir. Şuşalıların tamaşası, Üzeyir Hacıbəylinin ilk Azərbaycan operasını qələmə almasında mühüm rol oynadı. Azərbaycan ədəbiyyatı mövzuları və musiqi motivlərindən istifadə etməklə opera yazmaq ideyası Hacıbəylinin ağlına Qori seminariyasında oxuduğu vaxt gəlir. Tiflisdə gördüyü italyan operası – Rossinin "Seviliya bərbəri" əsəri onu daha da həvəsləndirir. Leyli və Məcnun operasının librettosunu Üzeyir Hacıbəyli XVI əsrin böyük şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Bu opera Azərbaycanda ilk milli operadır. 

İlk Azərbaycan operasının xalq arasında qazanmış böyük müvəffəqiyyəti haqda Üzeyir Hacıbəyli özü belə yazırdı: “Zənnimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi, “Leyli və Məcnun” da isə əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir”. Opera ilk tamaşasından bu günədək Azərbaycan dinləyicilərinin məhəbbətini qazanmış ən sevimli əsərlərdən biridir. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının daimi repertuarındadır.

Hacıbəylinin məhz Füzuli poemasını seçməsinin əsas səbəbi, Füzulinin "Leyli və Məcnun"-unun Azərbaycan dilində olması və poemanın ayrı-ayrı hissələrinin çoxdan xalq ifaçıları tərəfindən muğamların ifası zamanı istifadə olunması idi. Bəstəkar operadakı qəzəllərin bəzilərini Füzulinin “Divan”ından götürmüşdü. Əsərin librettosunu yazarkən Füzuli poemasının mətnini xeyli ixtisar etmiş, bir sıra hissələrin mətnini isə bəstəkar özü yazmışdı. 

Beləliklə də, “Leyli və Məcnun”-dan sonra Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur. 

"Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Bu opera zəngin folklor materialı olan muğamlar və lirik mahnılar əsasında qurulmuşdur. Və bundan sonra not yazısı və solo vokal improvizasiyanı birləşdirən muğam-opera janrı yaradılmışdır. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını – ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz etmişdir. Qəhrəmanların obrazlarının açılmasında, ümumilikdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. Leyli və Məcnun – da musiqi dramaturgiyasının tədricən, lirik-epik planda inkişaf etməsi onun obraz-emosiya məzmunundan, intonasiyasının inkişafı və kompozisiya quruluşundan irəli gəlmişdir. Operanın bir çox səhnələri muğam üstündə qurulmuşdur. Hacıbəyli muğamların not yazısını verməmişdir. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar. Üzeyir Hacıbəyli muğamların əsrlər boyu təşəkkül tapmış ənənəvi emosional təsir gücünü, qavranılma xüsusiyyətlərini nəzərə almışdır. Məsələn, I pərdədə Leyli və Məcnunun qarşılıqlı məhəbbətinin sevinc və fərəhi lirik xoş əhvallı  Segah muğamı; oğlunun vəziyyətindən narahat olan Məcnunun atası həyəcanlı, gərgin Çahargah muğamı ilə verilmişdir. Sonrakı pərdələrdə talelərinin faciəviliyini anlayan qəhrəmanların partiyasında kədər, iztirab ifadə edən Şur, Bayatı-Şiraz muğamları səslənir. Nofəlin cəngavər obrazı üçün Hacıbəyli mətin, marş xarakterli heyratı zərbi muğamından istifadə etmişdir. Üzeyir Hacıbəyli muğamları səhnə hadisələrinə uyğun seçməklə, onların ifadə vasitələrinin yeni xüsusiyyətlərini üzə çıxarmışdır. Eləcə də, “Leyli və Məcnun”-da klassik Azərbaycan xalq mahnı melodiyalarından istifadə edilmişdir. Müxtəlif funksiya daşıyan xor musiqisinin geniş tətbiq edilməsi “Leyli və Məcnun”-un başlıca xüsusiyyətlərindəndir. Məsələn,operanın I pərdəsində mədrəsə şagirdlərinin xoru – “Evləri var xana-xana”; Məcnunun səhradakı səhnəsindəki qızlar xoru - “Bu gələn yara bənzər” əsas yer tutur. Həmçinin, əsas qəhrəmanların psixoloji vəziyyətinin, məişət səhnələrinin xarakterizə olunması, səhnə hadisələrinə münasibət bildirilməsində xorlar vasitəçi rol oynayırlar. Xorların musiqi fakturası sadə, melodiyası əsasən birsəslidir. Operanın orkestr heyəti ilkin variantlarda çox sadə yalnız simli musiqi alətlərindən ibarət olmuşdur. Muğam səhnələrində müğənni yalnız tarın müşayiəti ilə oxumuşdur. Əsərdə uvertüra, “Ərəb rəqsi” (Leyli və İbn Səlamın toy səhnəsində), antrakt (III pərdənin sonuncu şəklində) kimi müstəqil orkestr parçaları vardır. “Leyli və Məcnun”-un musiqisi Hacıbəylinin yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıc, əsas mənbə olmuşdur.

Hacıbəyli muğam ifaçılığına səciyyəvi olan imitasiyalı polifoniya elementlərindən istifadə edərək “Arazbarı” zərbi muğamı üstündə qurulmuş parlaq simfonik əsər - sonuncu pərdənin antraktını yaratmışdır.

1908-ci il yanvarın 25-də Tağıyev teatrında “Leyli və Məcnun” operasının ilk tamaşası olmuşdur. İlk redaktədə əsər 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə idi. İlk tamaşanın rejissoru Hüseyn Ərəblinski, ilk dirijoru isə Əbdürrəhimbəy Haqverdiyev (yalnız premyerada) olmuşdu. 

İlk tamaşada Məcnun obrazını böyük məharət və ustalıqla yaradan Hüseynqulu Sarabski uzun illər boyu bu rolun əvəzsiz ifaçısı olmuşdur. Leyli rolu isə tamaşa da bir çox çətinliklə üz-üzə qalmışdır. Çətinliklərdən biri Leyli roluna ifaçı tapmaq məsələsi idi. Axı müsəlman qayda-qanunlarına görə, qadınlar səhnəyə buraxılmırdı. Uzun axtarışlardan sonra tamaşanın təşkilatçıları Əbdürrəhim Fərəcov adlı gözəl səsi olan bir aşbaz şagirdinə rast gəldilər. Leyli rolunu oynamağa razı olur, amma bir şərtlə ki, bunu heç kəs bilməsin. O bu rolu yalnız premyerada ifa etdi, sonrakı tamaşalarda bu rolu müvəffəqiyyətlə ifa edən Ə.Ağdamski (Ə.Bədəlbəyli) oldu.

Ancaq sonralar operamızın özünəməxsus qəlbəyatan ifası ilə tamaşaçı məhəbbəti qazanan başqa parlaq Məcnunları da yetişdi. Təbii ki, “kişi Leylilər” epoxası bitəndən sonra sıra-sıra yeni əsl Leylilərimiz – qadın Leylilərimiz də yaranırdı. “Leyli–Məcnun”ların bütün tarixini göz önünə gətirəndə ən yaxşı Məcnun, ən üstün Leyli barədə düşünərkən həmişə ən ucada dayanan iki ad var. Məcnun – Hüseynqulu Sarabski, Leyli – Rübabə Muradova. Rübabə Muradova güclü, təsirli və müxtəlif çalarlı səs diapazonuna və orijinal ifaçılıq üslubuna malik xanəndə idi. O Leyli rolunda səsinin özünəməxsus yanğısı ilə səmimiyyəti və həssaslığıyla ifa edirdi. Sovet dövründə Leyli rolunu ecazkar, unudulmaz yaşayaraq ifa edən Rübabə Muradova nakam məhəbbət və Vətən ayrılığı ilə öz həyatının uşaqlıq və gənclik yaşlarında gördüyü hədə-qorxular “olmazlar”a rəğmən Leyli rolunu sanki Leylinin yaşadığı hisslər ilə qələmə vermişdir. Rübabə Muradova “Leyli və Məcnun” operasında Leyli rolunu cəsarətlə oynamışdır. 

İlk tamaşanı xatırlayan Üzeyir Hacıbəyli yazırdı: “Biz gənclər “Leyli və Məcnun” operası üzərində böyük ruh yüksəkliyi ilə işləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmişik. O zaman nə ciddi ifaçılıq mədəniyyətimiz, nə müəyyən bir nəzəri hazırlığımız, nə də öz səhnəmiz vardı. Bakıda neft sənayeçilərinin “Nicat” xeyriyyə cəmiyyəti özünü kulttregerlər və incəsənətin himayəçiləri kimi qələmə verirdi. Ehtiyac məni  “Leyli və Məcnun” operasının müəlliflik hüququnu cüzi məbləğ müqabilində həmin cəmiyyətə satmağa məcbur etdi, tapmaq mümkün olmur və böyük gəlir götürülürdü”.  

1913-cü ilin yayında opera bəstəkarın böyüdüyü Şuşa şəhərində də səhnələşdirilmişdir. Azərbaycandan kənarda operanın ilk səhnələşdirilməsi Tiflisdə baş tutmuşdur. Hələ inqlabdan əvvəlki illərdə Azərbaycan aktyorları Cənubi Qafqazın müxtəlif şəhərləri, o cümlədən Orta Asiya və İranda operanı nümayiş etdirirdilər. Sonradan opera Rusiya, Ukrayna, İran, Türkiyə Gürcüstan, Özbəkistan və Türkmənistanda səhnələşdirilmişdir.

Hacıbəyli bu opera üzərində dəfələrlə işləmiş, təkmilləşdirmiş, yeni musiqi parçaları əlavə etmiş, lakin əsərin bənzərsiz, təravətli musiqi üslubunu qoruyub saxlaya bilmişdir. “Leyli və Məcnun”-un təsiri ilə 1916-1917-ci illərdə İranda demokrat şair M. Eşqi “Rəstaxize-səlatine-İran” (“İran səltənətinin dirçəlişi”) muğam operasını yazmışdır. “Leyli və Məcnun” Qafqaz bölgəsində, eləcə də Orta Asiya və İranda dəfələrlə nümayiş etdirilmiş, bu xalqların professional musiqi mədəniyyətinin təşəkkülündə əhəmiyyətli rol oynamış və indi də oynamaqdadır.

1930-cu illərdə Üzeyir Hacıbəyli zamanın tələblərinə uyğun olaraq, operanın yeni redaksiyasını hazırlayaraq, muğam hissələrini ənənəvi opera formaları ilə əvəz etmək haqqında düşünür. Həmin illərdə o, "Məcnunun ariyası"nı yazır və onu operada əsas qəhrəmanın partiyasına əlavə edir. Bundan sonra Hacıbəyli Məcnunun atası "Əbül-Qeysin ariyası"nı yazır. Lakin, sonradan bəstəkar qərara gəlir ki, milli musiqi incəsənətinin ilk nümunəsi kimi "Leyli və Məcnun" operası muğam operası kimi qalmalıdır.

1940-cı ildə ilk dəfə səhnələşdirilmiş "Leyli və Məcnun" operası da eyni ərəb əfsanəsinin motivləri əsasında yazılmış və operanın musiqisində floklor musiqisi nümunələrindən, o cümlədən özbək məqamlarından istifadə edilmişdir.

1996-cı ildə "Azərbaycantelefilm" yaradıcılıq birliyi tərəfindən Şamil Nəcəfzadə və Nazim Abbasovun rejissorluğu ilə opera əsasında iki seriyalı "Leyli və Məcnun" film-operası çəkilmişdir. Filmdə əsas rolları Ümbülbanu Qulamova və Aqil M. Quliyev ifa etmişlər. Film, 2002-ci ildə Sankt-Peterburqda Cistıye qrezı (Чистые грёзы) festivalında nümayiş etdirilmiş, rejissor Şamil Nəcəfzadə isə "Təsvir həllinə görə" mükafata layiq görülmüşdür. 

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanda operanın 100 illik yubileyi qeyd edilmişdir. Elə həmin il operanın 100 illik yubileyi həm də UNESCO səviyyəsində qeyd olunmuşdur. 2009-cu ilə kimi "Leyli və Məcnun" operası müxtəlif teatrların səhnələrində 20.000 dəfədən çox təqdim edilmişdir. 23 noyabr 2008-ci ildə Qətərin paytaxtı Dohada "Leyli və Məcnun" operasının Yo-Yo Ma ansanblının ifası, qərb və şərq musiqiçilərinin iştirakı ilə hazırlanmış multimediya aranjimanı təqdim edilmişdir.

Növbəti il "Leyli və Məcnun" operası məşhur violonçel ifaçısı Yo-Yo Manın ABŞ-nin bir sıra şəhərlərində gerçəkləşdirilən "İpək yolu" layihəsinin bir hissəsi olmuşdur. İfa zamanı ənənəvi şərq musiqi alətləri və klassik musiqi alətlərindən istifadə edilmişdir.

15 mart 2011-ci ildə II "Muğam dünyası" Beynəlxalq Festivalı çərçivəsində yeni quruluşda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində təqdim edilmişdir. Bu səhnələşdirmənin quruluşçu-rejissoru Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov olmuş, Leyli partiyasını Azərbaycanın xalq artisti Nəzakət Teymurova, Məcnun partiyasını isə Azərbaycanın xalq artisti Mənsum İbrahimov ifa etmişdir.

10 noyabr 2012-ci ildə opera ilk dəfə San-Fransisko şəhərində səhnələşdirilmişdir. Bu səhnələşdirilmədə Leyli partiyası Vüsalə Musayeva, Məcnun partiyası isə İlkin Əhmədov tərəfindən ifa olunmuşdur. İfaçıları kamançada İmamyar Həsənov, tarda Rüfət Həsənov, həmçinin Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr müşayiət etmişdir.

2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə operanın motivləri əsasında "Leyli və Məcnun" opera-filmi çəkilmişdir. Ssenari müəllifi və rejissoru Mehdi Məmmədov olan filmdə əsas rollar Azərbaycanın Xalq Artistləri Mənsum İbrahimov və Aygün Bayramova tərəfindən ifa edilmişdir. Film-operanın premyerası 17 mart 2013-cü ildə III "Muğam dünyası" Beynəlxalq Festivalı çərçivəsində Bakıdakı Nizami kinoteatrında baş tutmuşdur. Premyerada Fransa aktyoru Jerar Depardye və kinoprodüser Arno Frillen də iştirak etmişlər.