İndi başa düşürlər
İstiqlalımıza qarşı qurulmuş olan zabastovka hökumət və millətimizin səyi və himməti ilə yatırıldı. İstiqlalımızın düşmənləri olan zabastovkaçılar basıldılar. Özləri də biabırçılıqla basıldılar. Biəzm və bədnam oldular. Hörmətdən və gözdən düşdülər və hər bir nüfuzlarını itirdilər. Deməli, xain və xasirlənə layiq olan mənəvi cəzalarına çatdılar.
Bu biabırçılığın şiddətini azaltmaq və itmiş nüfuzlarını geri qaytarmaq kimi təşəbbüslərə girişməyin müvəffəqiyyətpəzir ola bilməyəcəgini dərk etmiş olan zabastovkaçılar "vahid cəbhə" qurulduğundan sonra partiya-partiya olub, bir-birlərindən ayrılmağa tələsdilər. Tələsdilər ki, məğlubiyyətlərini, təqsirini bir-birlərinin üzərinə atmaqla hər kəs öz adını təmizə çıxartsın.
İştə iki gün əvvəl yığılmış olan "raboçi konfrans"da bu məğlubiyyət məsələsi müzakirə edilərkən, bolşeviklər menşevikləri və bunlar da onları ittiham etməgə başlamışdılar.
Təqsirin ən böyüyünü və məsuliyyətin ən ağırını türk sosialistlər firqəsi olan "Himmət" üzərinə yıxıbdırlar və deyibdirlər ki, əgər "Himmət" himmət eyləsə imiş, zabastovka yatırılmazmış.
"Himmət"i müdafiə etmək üçün güc və bəla ilə söz ala bilmiş olan Əhməd Cövdət əfəndinin "müdafiənamə"sində görünür ki, daşnaklardan dönmə bolşeviklər tərəfindən qurulmuş olan bu zabastovka necə ki, biz kərratla demişik və necə ki, türk füqərayi-kasibəsi özü də hiss və dərk etdi, məhz Azərbaycan türklərinin istiqlalına qarşı qurulan bir kələk imiş.
Safdərun "Himmət’çilər səy edirmişlər ki, zabastovkanı Azərbaycan hökumətinə qarşı degil, ingilis politikası əleyhinə çevirsinlər. Hökumətimizin vaxtilə demiş olduğu sözlərini ki, lazım və mümkün olduğu halda Həştərxana neft göndərərik. Əldə dəstavuz edib də Həştərxan ilə mal mübadiləsinə mane olanlar yalnız bir ingilislərdir deyə çalışırlarmış ki, zabastovka məhz siyasi bir rəngdə olub, ingilis siyasətinə qarşı bir protesto olsun.
Lakin hiyləgər daşnak bolşeviklərin əsl məqsədləri mal mübadiləsi məsələsi olmayub da Azərbaycan hökumətini dağıtmaq və Azərbaycan türklərinin istiqlalını məhv etmək olduğundan safdərun sosialistlərimizin sözlərinə məhəlgüzar olmayıb öz dediklərində durubdurlar. Əmma sonradan özlərinin basıldığını görüb təqsiri genə müsəlman sosialistlərinin üzərinə atıb, onları "proletariya" dedikləri cəmiyyət üzərində bədnam etməklə bir güllə ilə iki dovşan vururlar. Əvvəla, biabırçılıqlarının təqsirini özlərindən götürür və saniyən türk sosialistlərini xəyanətlə ittiham edirlər.
Daşnak bolşeviklərin və daşnak menşeviklərin bii cürə hiylələrini, ürəklərinin xainliklərini və ümumtürklügə, türk füqərayi- kasibəsi və türk sosialistləri də buraya daxil olmaq şərtilə düşmən kəsildiklərini biz çoxdan bilirdik. Mart və martdan sentyabra qədər dəvam edən faciələr bu əhvalatı ümumtürklügə və baxüsus Azərbaycan türklərinə açıb, aşkar etdi. Təəccüb ediləcək hal burası idi ki, bu aşkar şeyi hamı görürdüsə də safdərun sosialistlərimiz görə bilməyub, sosializm fikrinə də və istiqlalımıza da düşmən olan və "maskalar altında işləyənlərə etibar edib onlarla əlbir olmağı özlərinə rəva görürdülər.
Əlbəttə, əlbir olmaq, dilbir olmaq degildir və biz haşa türk sosialistlərini xainlərlə dilbir olmaqda məznun görənlərdən degilik. Parlamanımız güşadında Şeyxülislamov əfəndinin dililə Azərbaycan türklərinin istiqlalını müdafiə yolunda birinci cərkədə biz sosialistləri görərsiniz! Və bu zabastovka günləri Əhməd Cövdət və Ağamalıoğlu əfəndilərin ağzı ilə, "biz istiqlalımızı sağdan və soldan müdafiəyə hazırıq" deyən sosialistlərimizi, bu istiqlalımızı sarsıtmaq və məhv etmək istəyən daşnakdan dönmə "sosialist"lərlə dilbirlikdə ittiham etməgə haqqımız yoxdur. Təəcçübləndigimiz əhval bunların onlarla əlbir olmağı və bu yalançılara inanmağı və sosializm maskası altında gizlənən xain sifətləri görməməkləri idi.
İndi şükür olsun ki, bu zabastovka xainlərin maskasını yırtdı və əsil sifətlərini bizim sosialistlərə köstərməklə bunları nifrətləndirdi və zənn edirik ki, gözlərini açdı. Türk sosialistlərinin naşiri-əfkarı olan "Zarya"2 qəzetəsi həman xainlər xüsusində dünənki baş məqaləsində deyir ki, "bu adamlar yalan deməgi, cəmaəti aldatmağı və iftiralarla məşğul olmağı vicdanlarına rəva görürlər. Bu xüsusda nasional bolşeviklər (yəni daşnakdan dönmələr) və sosial bolşeviklər dilbirdirlər... Prezidium seçmək işində Mikoyan utanmaya-utanmaya kələklər qurub Əbilovu və Pepinovu rədd edib, firqənin başqa əzalarını da işə qəbul etmədi... O adam ki, hələ dünənləri daşnak partiyası cərgəsində idi, bu gün üzünə kommunist (bolşevik) maskası geyib türk-sosialist firqəsinin başçılarını fələlər qarşısında bədnam etmək istiyor. Bu yalançıların və maska geyənlərin hamısına bizim bir cavabımız var: murdar əllərinizi geri çəkin. Siz fələlər və fələ rəhbərləri arasında provakasiyalar düzəldə bilməzsiniz. Türk füqərayi-kasibəsi ağır ibrət rusları vasitəsilə öz maskalı "dosf’larını yaxşıca tanıdı..."
Bu əhvalatdan və bu sözlərdən sonra biz də ümidvar olmalıyıq ki, türk füqərayi-kasibəsinin martdan bəri gözəlcə tanımış olduğu "mehriban dostlarını türk sosialistləri gec də olsa bugündən tanıyub və tanıyanları da tanımayanlarına tanıdıb, xain və xasirlərlə daha bundan sonra əlbir olmaz və onların istiqlalımıza qarşı qurmaq istəyəcəkləri zabastovkaları yatırtmaqda türk fiiqərayi-kasibəsiııə köməklər edərlər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 170-172.
