Ordan-burdan: [Çoxluq]
Birisi yazıb, bizdən sual eyləyir və deyir ki: hamıya məlumdur ki, Bakı camaatı, məsələn, bu gün qoç döyüşdürməkdə, məsələn, bu gün xoruz vuruşdurmaqda, məsələn, bu gün dəvə üləşdirməkdə hamıdan mahir olub, bu cürə gün keçirməkdən ləzzətli bir şey bilmirəm.
Aya, indi nə olubdur ki, Bakı camaatı hökumət ilə dumanın döyülməyinə heç bir məhəlgüzar olmayıb, vəkil də göndərməyirlər.
Bu suala biz bu cürə cavab veririk: Əfəndim, çox da yaxşı eləyirlər və əllərinin içindən gəlir. Çünki özünüzə məlumdur ki, keçən il dumanın müsəlman üzvləri az idi və ona görə də heç bir firqəyə-mirqəyə bölünməyib dinməzcə oturmuşdular. Amma bu il dumada müsəlman üzvləri özlərini çox görüb bir-birindən ürkübdürlər və ürkdüklərinə görə də ayrılıb iki firqə olubdular.
Bundan belə məlum olur ki, əgər Bakıdan dumaya üzv getsə idi, lap çox olub, lap ürkərdilər və lap ürkdüklərinə görə də, olsun ki, üç- dörd firqəyə bölünüb nahaq yerə aralığı pozardılar.
Məxfi qalmasın ki, burada çoxluq barəsində yadıma bir məsəl düşdü. Amma heyf ki, onu qəzetədə yazmaq bir az eyibdir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 302.
