Ordan-burdan
Strajniklərmi? Quldurlarmı?
Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnik- quldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı - yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik - yəni rəsmi quldur!
* * *
Heyf! Heyf! Rəfiqimiz "Həyat" qəçetəsinin 67-ci nömrəsində cənab Əşrəf "hər sənətdə olmalıyız" ünvanlı "laf, kəzaf’ında deyir ki, "qəflət yuxusundan oyanaq", "məktəb açaq", "elm və maarif kəsb edək" sözləri qəzetə sütunlarında o qədər çox təkrar edilir ki, bu sözləri ağzıma almaq istəmirəm... "Məktəb lüzumini", "elm və maarif faydasını", "tərəqqi və təkamül qanununu" ağzıma almağa qeyrət edəcəyəm... Heyif, heyif! Təəssüflər olsun! Bu sözlərdən Ə.Əşrəf cənablarının acığı tutur! Heyif, heyif! Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba? Cənab Ə.Əşrəf! İltifat edin, sənət-filan hamısı bizim bu yaraların sağalmağına bağlıdır. Və sağalmaq üçün də vasitələr lazımdır. Vasitə tapmaq üçün dəxi deyib danışmaq, arıyıb axtarmaq lazımdır. Və illa, vasitə öz başına yerdən çıxmaz, bu əyyamda sehr-filan yoxdur... Doğrusu, cənab Ə. Əşrəf, bu iki böyük yara bizim hamımızı "nervinni" edibdir. Odur ki, yaralarımıza əl vurulanda açığımız tutur, elə deyilmi?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 194-195.
