Üzeyir Hacıbəyli

Xəbərdarlıq (I)

Sentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər, şübhəsiz ki, dolmayacaqdır.

Gürcülərdə, ermənilərdə, yəhudilərdə, hələ firəng, ingilis ilə işim yoxdur, ruslarda uşaq oxutmaq bir qanundur. Qanun nədir? Qanun odur ki, hər kəs onun hökmünə əməl eləməsə tənbeh olunar. Məsələn, adam öldürmək olmaz, bu bir qanundur. Ona görə hər kəs bu qanuna əməl etməyib adam öldürsə, onu ya asarlar, ya Sibirə göndərərlər (hiss edirəm ki, oxucu mənə gülür və ürəyində belə deyir: bəs Bakının Martınovundan qabaq Bakıda nə qədər adam öldürüldü, bəs nə üçün onları öldürənlər nə asıldılar, nə də Sibirə getdilər?.. Sözün doğrusu, bu bir belə iraddır ki, bunun cavabı bizi mətləbdən uzaq salar. Onun üçün qoy oxucu gülsün, cavab verməyəcəyəm).

Yaxşı, yaxşı, oxutmaq qanununa əməl etməyib, uşağını oxutmayan erməni və ya gürcünün tənbehi nədir?

Onun tənbehi müsəlman olmaqdır...

Yəni haman uşaq oxumayıb böyüdükdən sonra, dilsiz, ağızsız, qulaqsız, başsız cahil müsəlman kimi gah bəyin, gah mollanın, gah qaradavoyun, gah yasavulun qapazı altında qalar...

Bunu yazırdım ki, rəfiqlərimdən biri əhvalatdan xəbərdar olub mənə dedi ki, səhvin var. Erməni, gürcü və sairlərinin uşaq oxutmaqları qanunluqdan keçib, lap adət olubdur. Mən buna razıyam. Onlar üçün uşaq oxutmaq bir adətdir. Sədi deyir ki:

Tərke-adət bemocibi-mərəzəst.

Odur ki, məsələn, biz gecələr yatmağa adət elədiyimizə görə, yatmadığımız surətdə əhvalımız pərişan olur.

Rəfiqlərimizdən biri həmişə mənə deyir ki, qəzet oxumaq mənim üçün tiryəki adət olubdur, odur ki, qəzet olmayan gün başım ağrıyır.

İndi qonşularımız üçün uşaq oxutmağın tiryəki adət olmağı nədəndir?

Elm və mərifətin mənfəətini dürüst anlamaqdan. Bir erməniyə deyəsən ki, uşağını oxut, çünki bu yaxşı şeydir; bu ona bənzər deyəsən ki, çörək ye, yoxsa ac qalarsan.

* * *

Amma bizim müsəlmanların yüzdə doxsanı elm və mərifətin mənfəətini qanmır. Odur ki, iki məktəb açılanda, görürsən biri boş qaldı. Elə bilirsən ki, daha uşaq yoxdur. Amma baxıb görürsən ki, küçələr uşaqla dolub aşıq- aşıq oynayırlar və valideynin təhti-tərbiyəsində öyrəndikləri lövün-lövün söyüşləri bir-birlərinə deyirlər.

Gedirsən atalarının yanına, əhvalpürsanlıqdan sonra soruşursan ki, nə üçün uşaqlarınızı məktəbə qoymursunuz? Onda da bu cürə cavablar gəlir:

- Qorxuram oğlum babı ola. Kafir ola. Mürtəd ola.

- Onu kim deyir?

- Hamı.

- Məsələn?

- Məsələn, Qubadakı lənkəranlı molla.

- Aya, onun əlində bu sözlər üçün bir dəlil varmı?

- Əlində dəlil yoxdur, amma bir yekə çomaq var ki, hər kəs ondan dəlil-filan istəsə, çomağı endirir təpəsinə.

O biri belə deyir:

- Əşi, oğlum oxuyub mənə qızıl yumurta gətirməyəcək ha!

Bir özgəsi deyir:

- Vallah, allah insaf versin mənim atama, hərgah o məni oxutsaydı, indi mən bilirəm mən nə idim.

- Çox əcəb, bəs nə üçün öz oğlunu oxutmursan?

- Öz oğlum heç, öz oğlum dəlidir. Onu oxutsam da mənim kimi olmaz.

Kənd camaatı deyir:

- Oğlum gedib məktəbdə oxusun, bəs danaları kim otarsın?

Bir firqəsi deyir:

- Kasıbam, pulum yoxdur.

Bir cürəsi deyir:

- Oxumaq yaxşı şeydir, hərgah şəriət də öyrədələr.

Bax, ay camaat, bunlar hamısı bəhanədir. Pulsuz məktəblərimiz var. Şəriətli ruhani məktəblərimiz var. Hər bir şey amadədir. Aparın uşaqlarınızı oxudun. Məndən sizə əmanət, sonrakı peşimançılıq fayda verməz.

Sentyabr yaxınlaşır, məktəblərimiz açılacaqdır və hamısı ağzına qədər, şübhəsiz ki, dolmayacaqdır...

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 121-122.