Rus inqilabi-kəbiri
Bu gün rus inqilabi-kəbirinin iki ıllığıdır. Əsrlərcə hökm sürmüş olan rus istibdadı zahirən əzəmətli görünürdüsə də, batinən o qədər boş və çürük bir halətə düşmüşdü ki, inqilab zərbəsinə davam edə bilməgib yıxıldı. İstibdad yıxılmaqla bərabər rus padşahlığının şan- şövkət, izzət və hörməti dəxi məhv olub, onun düvəli-müəzzəmə ailəsində möhtərəm bir üzv hesab olunan bu padşahlıq bugün tanınmaz və sanılmaz bir halə düşdü. Deməli, bu şan və şövkət, izzət və hörmət rus dövləti üzərində degil, rus istibdadı üzərində imiş ki, istibdad yıxılmaqla bu şan və şövkət və sairə dəxi onunla bərabər yıxılıb, məhv olub getdi...
Rus istibdadını yıxmış olan bu inqilabi-kəbiri şayani-təzim və səzayi-ikram ədd edib hər il səneyi-dövriyyəsi hülulində bir eydi- kəbir kimi salamlayıb əhəmiyyət və əzəməti qarşısında səfbəsteyi-ehtiram olub baş əgmək layiqdirmi?
Bəli! Rus çarlığı kimi qara bir istibdadı yıxıb-məhv edən bir inqilab, bu nöqteyi-nəzərdən şayani-təzim və ehtiramdır. Lakin yalnız bü nöqteyi-nəzərdən!
Vəilla aləmşümül müharibə müşkülatı nəticəsi olaraq meydana gəlmiş olan bu inqilabın təsiri aləmşümül degildir. İstibdad yıxmaq cahan tarixində yeni bir hadisə ədd edilməz. Tarix uzunu bir çox istibdadlar yıxıldığı məşhurdur. Sosializm fikrinin rəvac və intişarına və bu yoldakı nəzəryatın həyata tətbiq edilməsi işinə gəlincə rus inqilabi-kəbiri bununla dəxi aləmi-bəşəriyyəti heyran edə bilməz. Çünki sosializm fikrini meydana atan rus inqilabı degildir. Sosializm bəşəriyyət əfradi fikrini rus inqilabından əvvəl olaraq məşğul etmədə idi və hala etmədədir. Rus inqilabı yeni olaraq meydana calibi-diqqət bir şey çıxardısa o da bolşeviklikdir. Lakin bolşevikligin ideyası dəxi sosializmdən çıxan bir fikir olaraq ruslara məxsus olmayıb, ruslara məxsus olan cəhəti yalnız bir adi və bir də bu fikrin Rusiya həyatına qismən tətbiqi keyfiyyətidir.
Fəqət rus bolşevikligi nəinki bəşəriyyəti, hətta Rusiya toprağında yaşayan millətləri boylə sevindirmədi. Biləks bir çox cəhətdən ikrah edib bu fikirdən üz döndəridi. Əgər din və millət ayrılığını aradan götürmək istəyən rus bolşevikliyi meydana "sinif’ ayrılığı salıb da insanları iki müxasim hissəyə bölməsə və yalnız şəxsin kim olur-olsun hər bir süni qeyd və əsarətdən qurtulub da tam mənası ilə hürr və azad olmasına çalışsa idi, o ümumbəşəriyyətcə təqdir ediləcək bir inqilab kimi tələqqi oluna bilərdi. Vəilla burjuyluğu öldürmək əvəzində "burjuy" adlandırdığı minlərcə bəşəriyyət əfradini divanəvar bir vəhşilik ilə öldürən bolşeviklik kənardan baxanların ancaq istekrahına mucib ola bilər.
Pəs rus inqilabi-kəbiri aləmşümül bir mənayi-hayiz ola bilmədi və yalnız bir istibdadi yıxmaq şərəfincə nami-xeyrilə yad olunub bayram edilə bilər.
Əmma... əgər rus inqilabını törədənlər bu inqilaba bəşəri bir əhəmiyyət vermək istəsə idilər, verə bilərdilər və verməgə də əllərində böyük bir vəsilə var idi.
Cahanşümul müharibə bədayətində çaylarca axan insan qanının bəşəriyyət vicdanına toxunan sui-təsirini azaltmaq və insanları öz tərəflərinə cəlb etmək istəmiş olan müharib dövlətlər: "biz bu müharibəyi əsir millətlərin azadlıq və istixlası üçün açmışıq",- - deyə meydana bu kimi dilfırib bir şüar atdılar.
Bu şüar filhəqiqə əsir olan millətləri dərin bir sevinc ilə mütəəssir qıldı. Əsarətdən bilaxirə azad olmaq arzusu əsarət zülmətinin təzyiqi altında sönmüş olan ümidləri təkrar işıqlandırdı. Bir şəxsi qul halında saxlamaq kimi rəzalət və zəlalətdən qurtulmuş olan bəşəriyyət, bu aləmşümül müharibə bədində bir milləti digər bir millətə qul və əsir etmək şərəfsizligindən dəxi xilas olacaq deyə hər əsir millətə ruh verən bu şüar rus inqilabının ruhi olub da istibdad yıxıldıqdan sonra rus imperializmi qurbanı olan millətlər tamamilə azad edilmiş olsa idi, o halda bu inqilab istibdadı yıxmaq şərəfindən başqa bir də əsir millətləri azad etmək kimi cahanümun bir təsir bəxş edib "daha bir millət, digər bir millət üzərində ağa və sahib olmaz" fikrini bütün aləmə nəşr ilə ümumcahanda əsir halında yaşayan millətlərin istixlasına böyük bir yol açmaq izzəti ilə şayani-təzim və layiqi-ehtiram sanılan cahanı bir inqilabi-kəbir olardı.
Millətləri azad etmək fikrinin nə qədər haizi-əhəmiyyət bir ideya olduğunu bolşeviklər rəisi Lenin dəxi iqrar edirmiş ki, aləmi-islama muraciətən bir intibahnamə buraxıb "sizləri imperializm əsarətindən azad edəcəyik", deyə müsəlmanların təvəccöhünü qazanmaq istəmişdi.
Əgər Lenin öz sözünə əməl edib də Rusiyadakı millətləri azad etmək kimi məqduri olan əmri yerinə yetirsə idi, bolşevikligə böyük bir xidmət göstərmiş olardı, halbuki azadlıq əvəzinə nə gördük? Azad olmağa cürət etmiş olan millətlərin bolşevik qoşunları tərəfindən qətliam edilməsini gördük... Və bu qətliam hansı millətlər üzərində icra edildi? O millətlər üzərində ki, imperializm əsarətinin ən ağır- bənd və zəncirləri altında inləməklə hamıdan əvvəl azad olmağa möhtac və layiq idilər.
O millətlərin bir çoxu "yanğıdan çıxdım, yaluva düşdüm" məfadincə, Nikolay istibdadı zülmündən xilas edilib də bolşevizm əsarəti altına düşməklə, indi də bu əsirliyin qurbanı mənzələsində acı və ağır bir ömür sürməkdədirlər...
Türküstan, İdil boyu və Qərim müsəlmanlarının təkrar əsarət altında qalmalanna acınmaq və yanmaqla bərabər, sevinirik ki, biz Azərbaycan türkləri qəhrəman Osmanlı türk qardaşlarımızın imdadi-bəradəranəsi ilə bizi əsirlik təzyiqi altında məhv etmək istəyən, rus inqilabçılarının müxalifi-insaniyyət olan bu arzusuna qarşı qiyam edib qanlar tökdük, canlar qurban etdik, xanimanlar yandırdıqda bilaxirə əsarətdən qurtulduq, lakin bu əsir saxlamaq hərsi nə qədər "şirin" bir ehtirasat qəbilindən imiş ki, bu ehtirasat mərəzinə mübtəla olan güruhlar hər bir növ ilə dami-təzvirlər qurub bizi təkrar əsir etmək həvəsilə dörd tərəfimizdə dolanırlar.
Lakin səyləri bicadır. Dami-təzvirin nə yerlərdə gizlədilmiş olduğunu görən gözümüz və hiylə kəməndinin iplərini qıracaq qollarımız olduğu kimi demokratizm, sosializm fikirlərinin də mənasını anlayacaq başımız vardır. Bugünkü arzumuz xarici əsarətdən qurtarmaqdır. Vətənimizin daxili tərzi-idarəsini təyin və təşkil etmək isə öz xüsusi işimizdir. İstərik bolşevik idarəsi qurarıq, istərik menşevik olarıq, qərəz özümüz bilərik, millətimiz öz səlahına baxar və ümum- millət əfradının mənafeyini nəzərə alıb hürr və azad olaraq demokratik bir dövlət əmələ gətirər. Arzuyi-yeganəmiz, təkrar edirik ki, özgələrin əsiri və qulu olmamalıdır. Vəssalam!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 117-119.
