Üzeyir Hacıbəyli

Ordan-burdan: [Stolıpin xəyalı]

"Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.
Əgər bilməsələr, onda keyf mənim olar. Duma da Osmanlı "Məclisi- məbusan"ına dönüb qalar ay batandan sonraya. Yox camaat yenə oyan-buyan eləsə, yenə taza duma quraram. Ancaq bu səfər elə kələklər gələrəm ki, dumanın üzvləri hamısı olar keşiş, molla, ravin, mahrasa və bu cürə adamlar.
Sonra günlərin bir günü onlara deyərəm ki, bax, lotular, bilirsiz nə var? Siz hamınız ruhanilərdənsiniz, ruhanilərin də borcudur ki, həmişə sağ olub, hökumətə "əl mənim, ətək sənin" desinlər. Ona görə, hər kəs sizdən sol olsa, vurub çıxardacağam bayıra. Əlbəttə, ruhani üzvləri heç biri özünü kələyə salıb, sol olmayacaqdır. Bir də baxıb görəcəyəm ki, dumanın hamısı olub sağ. Elə olan surətdə, daha nə var?
Mən deyəcəyəm belə olsun. Duma da deyəcək belə olsun. Daha durub indiki kimi fısqırıq qoparmayacaqlar ki, dediyim sözlərə də pəşiman olum".

                                                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 346.