Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun: [4 aprel 1923-cü il]

Salam-duadan sonra Cəmala yazmış olduğun məktub və əsərin gəlib yetişdi. Mən sənə mart 2 tarixli məktub və pul göndərdim. Alıb-almadığın xüsusində bir məlumat vermirsən. Genə bu kağız ilə sənə pul göndərirəm. Yetişdiyi barəsində mənə əhval verərsən.

Baqi nənəm sağ və salamətdir. Bəlkə dəxi indi yaxşı olub, əmma genə də hələ müalicəsinə davam edir. Yerdə qalan qohum-aşnalar və Aişə xanımgil hamısı sağ və salamətdirlər. O barədə arxayın olasınız.

Əlavə bunu biləsən ki, mənim ali təhsil almağa fikrim Maarif Komissarlığı tərəfindən hüsni-qəbula keçdi və bu xüsusda Maarif Komissarlığı kollegiyası tərəfindən qərar çıxdı ki, mənim ali təhsilimi bitirmək üçün iki il müddətinə komandirolka olmaq üzrə Almaniyaya gedim. Mənimlə bərabər üç nəfər doktur dəxi göndərilir. Kənari bir məmaniət olmasa iyunun birində yola düşməliyik. Şübhəsizdir ki, mənə təhsildən qayıdandan sonra Maarif Komissarlığı hökumət ali konservatoriyasının idarəsini mənə tapşıracağdır, çünki bunca illər göstərdi ki, başqaları bu işi bacarmiyorlar və bu xüsusda Azərbaycana bir mənfəət gətirə bilmiyorlar.

Maarif Komissarı yoldaş Mustafa Quliyev mənim işləməgimi çox təqdir edir, odur ki, ali təhsilimi bitirməgə cani-dildən razı olub, məni təbrik etdi. Başqa komissar yoldaşlar dəxi müvafiqət göstərdilər.

Hal-hazırda işlərimi bitirmək üzrəyəm. Baqi sonra genə məktub yazaram. Zöhrəyə və uşaqlara hamısın çox- çox salam-dua deyib, üzlərindən öpərsən.

Bəradərin Üzeyir. 4 aprel. (1923), Bakı

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 343.