Ordan-burdan
Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:
- Allahın altında, adam gələcəyi bilə idi!
O birisi: Necə?
Əvvəlki: Əşi, necə!.. Heç olmasa, onda dumanın bu tez zamanda buraxılacağını bilib ürəyimizdə olanı danışardıq.
Birisi: Əşi, vallah, mən bilsə idim ki, duma bağlanacaqdır, danışmaqda fitil-fitil əsərdim, heç kəsə macal verməzdim, lap Aladini də ötərdim.
Bir digəri: Adə! Mən bilsə idim ki, duma bağlanacaqdır, məgər qoyardım ki, Petrosyan müsəlmanlar haqqında bir böhtan söyləsin? Sən nə fikir edirsən, əgər mən bilsə idim ki, duma buraxılacaqdır... Daha nə deyim, "hamı tayfadan məzlum biz müsəlmanıq" – deyib Tavriçeski dvoresə bir qışqırıq salardım ki, gəl tamaşa elə! Amma nə qayırım ki, dumanın bu tezliklə bağlanacağını bilmirdim...
Bir ayrısı: Sözün doğrusu, mən çox bir utancaq adamam, nə qayırım. Valideynim mənə belə tərbiyə veriblər ki, utandığımdan ürəyimdə olan sözü də açıb deyə bilmirəm, amma bainhəmə, hərgah dumanın bu tezliklə bağlanacağı mənə əvvəlcə məlum olsa idi, mərd- mərdanə deyirəm ki, utancaqlığı-zadı kənara tollayıb, o ki var danışardım, əhalimizin bütün ehtiyacatmı lap "naxalnim obrazom" söylərdim. Mən qorxaq deyiləm, ancaq mənim ağzımı yuman bu yerə batmış utancaqlığım oldu... Nə qayırım?!
Bunların başçısı ki, onun əyləşdiyi kreslonun nömrəsi, başçının zirəkliyinə görə, hamıya məlum olmuşdu, dedi ki, əşi, bu danışıqlar nəyə lazımdır, canım. Dumada atılıb düşməklə iş görmək olmazdı. Çox o yan-bu yan elərdin, Allah göstərməsin, axırda tutub qazamata soxardılar! İnsan gərək elə dolansın ki, nə şişi yandırsın, nə də kababı. Bir də mən sizə bir söz deyim, durub hökumətin ziddinə danışardın, hökumət səndən inciyərdi, durub Petrosyanın-filanının ixtiralarına rədd cavab deyərdin, ermənilər səndən narazı olardı; doğrudur, danışmayanda da müsəlmanlar narazı olurlar, amma iş buradadır ki, qoy səndən təki müsəlman narazı olsun, nəinki hökumət və ya erməni tayfası! Onun da səbəbini siz özünüz bilirsiniz... Qərəz insan gərək bu cürə politikaları əldən buraxmasın, yoxsa, axırda peşman olar. Vallah, budur sizə, açıq-açığına deyirəm ki, mən bu saat min-min şükürlər eləyirəm ki, nə yaxşı, durub dumada ağır sözlər danışmamışam!..
Belə danışırlar ki, başçının bu gunə "nəsihətamiz" sözləri sairələrinin də əqlinə batıb, onlar üçün böyük bir təsəlli olubdur...
* * *
Bəs bizim təsəllimiz nədir? Bizim də təsəllimiz odur ki, Dövlət duması, biz üçün bir ibrət kitabı idi ki, açılıb bir para mühüm dərsləri bizə öyrətdi və indi də o "kitab" yumulub, bizə fürsət verdi ki, öyrəndiyimiz dərsi yaxşıca əzbər edək ki, yadımızdan çıxmasın.
Görək bizdə o şüur olacaqdır ki, aldığımız dərsi yadımızda saxlayıb, ondan nəfibərdar olaq!..
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 248-249.
