Ordan-burdan
Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq... Adam qəzetəni əlinə alıb açanda "müharibə"dən başqa bir şey görmür.
Hərçəndi bu halda, lap qızıq bir şey varsa, o da yenə elə "müharibə" xəbərləri, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq.
Götürək, məsələn, bizim boşboğazlarımızı və buradan bir haşiyə çıxaq.
Bu halda Avropa adamlarının hansı biri ilə danışıq eləsən və hansı məsələyə əl vursan, baxıb görərsən ki, bu adamın hər bir məsələdə bir müəyyən nəzəri vardır. Amma bizlərdə elə deyil.
Məsələn, Kərbəlayı Əliquluya deyirsən ki: Kərbəlayı Əliqulu, qatıq ağdır, Kərbəlayı Əliqulu deyir ki, doğrudur ağdır. Bir də görürsən ki, boşboğazlarımızdan biri çıxdı və dedi: Xeyr, qatıq qaradır və onun ağlığı da məhz qaralığındandın Kərbəlayı Əliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb Kərbəlayı Əliqulunu inandırır ki, qatıq qırmızıdır. Kərbəlayı Əliqulu inanır... deyirlər sarıdır, - inanır... yaşıldır, - inanır. Qərəz, Kərbəlayı Əliqulu olur bir yaş çubuq, hara əyirsən ora əyilir.
Bu nədən belə olur? Nə üçün Kərbəlayı Əliqulu ora-bura əyilir.
Bu ondan ötrü olur ki, Kərbəlayı Əliqulunun qatığın ağlığı barəsində nəzəri müəyyən, etiqadı dürüst və imanı kamil dəyil. Kərbəlayı Əliqulu qatığın rəngindən bixəbərdir, odur ki, hər kəs hər nə deyir ona qulaq asır və axırdan axıra yenə bilmir ki, qatıq nə rəngdədir.
Əlbəttə, Kərbəlayı Əliquludan murad-umum camaatımızdır və qatıqdan da murad camaat işlərimizdir.
Bəli, insanın gərək nəinki bir din və ayin, bəlkə hər bir barədə dürüst bir etiqadı olsun. Amma bəşərtiha və bəşirutiha! Etiqadı yaxşısına olsun, pis şey olmasın. Məsələn, deməsin ki, mənim etiqadıma görə oxuyub yazmaq haramdır və ya zərərdir. Əksinə, etiqad etsin ki, elm və mərifət ən vacib şeylərin böyüyüdür və hərgah boşboğazın birisi desə ki, oxuyub yazmaq pis şeydir - cavab versin ki, xeyr, boş danışırsan.
Boşboğaz kimdir?
Boşboğaz - camaat işlərinə zərər vuran, bir para bi-məni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə həsuddurlar, xain və xasirdirlər.
Sənətləri nədir?
Onu pisləmək, bunu pisləmək, bacarıqlı adamları söymək, iş görənlərə zərər yetirmək, fitnə salmaq. Camaətimizin, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarına vursun, yol verməsin, qudurtmasın və bu yol ilə onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun... Amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dəm aşkar olsun...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 170-171.
