Ordan-burdan
...Neçə gün bundan əvvəl bir firəng böyük bir hünər elədi: qırx beş verst eni olan bir dəryanın bu tərəfindən hoppanıb o biri tərəfinə düşdü; yəni quşa oxşayan bir hava gəmisinə minib dəryanı keçdi. Bu firəng məşhuri-cahan oldu; özü də bu anda hər gün min manatdan artıq pul qazanır. Bir tərəfdən şöhrət, o biri tərəfdən dövlət! İndi əgər bu adam, firəngin xasiyyətində olmaq şərtilə, bizim müsəlmanlarımızdan olsa idi, haman dəm biçim qara və paxıl qəlbimiz cuşə gəlib, haman həmcinsimizə quyular qazımağa başlardıq!
Mollalarımız deyərdi ki, bu adam babıdır və özünün də arvadı ondan boşdur.
Mollaların müridləri deyərdi ki, bu adam şeytandır və özünün də qətli halaldır.
İnteligentlərimiz deyərdi ki, bu adamı buradan qovmaq lazımdır. Çünki şöhrətin hamısını bu qazanır və onlara bir şey qalmır və əgər bu adam cavan olsa idi, onda da cavanlarımız onu məsxərəyə qoyub deyərlərdi ki, bəh-bəh millət qabağa getdi. Kişi qəribə hünər qayırdı, heç ermənilər cürət edib havaya qalxmırlar, amma bu gəlib ki, havada uçuram... (halbuki kişi uçubdur!)
Və bunların da hamısının səbəbi odur ki, millətpərəstlik, iftixari- milli kimi ali və nəcib hisslər hələ bizim qəlbimizdə yer tapmayıbdır. Çünki qəlbimiz də başqa hisslərlə doludur və hələ “vakansiya” yoxdur...
Amma firənglər haman hünər sahibini bu gün özləri üçün fəxri- millətlərinin ən böyüyü hesab edib, onun şərəfinə minlərcə qonaqlıqlar, bayramlar, şadlıq etdilər, əcnəbilər dəxi firənglərə həsəd və qibtə edirlər; firəng millətini təbrik edirlər ki, böylə adamlar meydana çıxarır.
İndi pərdənin o biri tərəfinə baxaq: həmin bu firəng böylə bir hünərindən naşi özgələrini sevindirdiyi kimi, özüdəcə sevinib bütün əfradi-millətini rəisi-cumhurdan, ministrdən tutmuş, axır hammala kimi öz külfəti bilib çox da şad və xoşbəxtdir ki, bu külfətini öz hünəri ilə başı uca elədi!
O, təvaze göstərmir çünki təvaze - qayırma, qəlp, saxta bir şeydir. O haman adamlığında qalıbdır, ondan ötəri bir hambalın təbriki vəzirlərin təbrikindən daha əziz və daha şərəfdir...
Amma bu adam bizim müsəlmanlarımızdan olsa idi - paho! Onun səmtinəmi durmaq olarmı! Özünü çəkərdi ərşi-fərşə və hamıya xoruz quyuya baxan kimi baxardı; müsəlmanları bəyənməzdi. Özü də həmişə rusca danışardı; sağ və salamat gözlərinə çeşmək taxardı, başına panama papağı qoyardı, yayın isti günü qaloş geyərdi, yanına gəlmək, eləmək istəyənləri 4 saat qapıda ayaq üstə saxladardı və onun istirahətini pozan adamlara da xeyli acığı tutardı. Amma digər tərəfdən hörmət sahibi olardı. Çünki həmişə zahiri “bazburuda” məğlub olan müsəlmanlar ondan çəkinib nə babı deyərdilər, nə şeytan və nə də ki, məsxərəyə qoyardılar... Heyf!..
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 99-100.
