Üzeyir Hacıbəyli

Ordan-burdan: [Müsəlmanların halı]

Hökumət qapısında:
- Kərbəlayı Bədəl, görə bildin?
- Görə bildim.
- Nə dedi?
- Dedi, "Zavtra!"
Ağalar qapısında:
- Məşədi Fərəcullah, ağa evdə idi?
- Bəli, evdə idi.
- Səni gördü, nə dedi?
- İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında:
- Mahmud əmi, razı oldumu?
- Balam, yox!
- Nə üçün?
- Dedi, beş yüz manat ver yazım.
Dövlətli qapısında:
- Kərbəlayı Müseyib, getmişdin?
- Hə, getmişdim.
- Görə bildin?
- Balam, yox: səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.

                                                                                                                                          Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 307.