Dağıstana imdad
Dağıstana imdad məsələsi görünür ki, qövldən fələ gətirilmək üzrədir. Şayani-diqqət və səzai-əhəmiyyət partiyalarımızın bu imdad işinə rəsmi hökumət imdadından ауrı olaraq könüllü surətdə girişib də könüllü dəstələri təşkil etmələridir.
Bir tərəfdən müsavat, bir tərəfdən sosialistlər ittifaqı və digər tərəfdən də bitərəflər partiyası hər biri öz adından könüllü yazılmaq və yazdırmaq dəftəri açıb dağıstanlı qardaşlarımızın imdadına yetişmək üçün çalışmaqdadırlar.
Azərbaycan türk və islamlarının əhali müməssilləri olan partiyalarımızın bu xüsusda çalışması Azərbaycan və Dağıstan xeyirxahlarını sevindirəcək dərəcə layiqi-təqdir və şayani-təhsin bir əməldir. Yalnız bir arzu qalır ki, o da bu çalışmadan hasil olacaq nəticələr, yerini tutsun və imdad bihəqq bir imdad olub dağıstanlı qardaşlarımızı müşkül haldan çıxara bilsin.
Bu son arzunun hüsulə gəlməsi üçün hər bir partiyanın üzərinə, könüllü yığmağdan başqa, digər vəzifələr dəxi tərəttüb ediyor ki, bu vəzifələr əhəmiyyətcə böyük bir mövqe ehraz etməkdədirlər.
O vəzifələrin ən başlıcalarından biri bu "Dağıstana imdad" işini birləşdirmək və bu yolda ittihad və ittifaqilə iş görməkdir. Bu işdəki ittifaq, partiya əzalarını "kənardan baxanlar" yanında məhcub edəcək və özlərinə töhmət, məzəmmət yetişdirəcək ittifaqlardan ədd oluna bilməz. Madam ki məqsəd birdir - o halda bu məqsədin hüsuli yolunda sərf edilən əmək və əməllərdə bir olmalıdır ki, işin içindən bir nəticə çıxsın.
Hər bir partiyanın xüsusi olaraq könüllü yığmasına sözümüz ola bilməz. Çünki təbiidir ki, könülli yazılmaq istəyənlər öz bəyəndigi partiyanın başına yığılacaqdır. Arzumuz fəqət budur ki, hər partiyanın könüllüləri yığıldıqdan sonra bunların Dağıstana ezami və orada nə vəchlə iş görmələri məsələləri ümumiliklə həll edilmək üçün bir mərkəzə mərbut edilsin. Yəni partiyalar əzalərdən birər iki şər nəfərlər iştirakilə xüsusi bir komision təşkil edilib yığılmış könüllüləri göndərmək. Dağıstanda lazım olan mövqelərdə yerləşdirmək saxlamaq, yemək, içmək ehtiyacatı rəf etmək və bu Azərbaycan könüllü qüvvəsini vahid bir qüvvə surətində dağıstanlı qardaşlarımızın imdad yolunda sərf etmək işi o komisyona tapşırılsın.
Bu Dağıstana imdad məsələsinin bir cəhətidir ki, zənn edirik, buna qarşı əsas etibarı ilə etiraz edən olmasın gərək, zira etiraz edən olursa müxtəlif proqramlı partiyaların bu məsələ üzərində və bu işdə ittihad və ittifaqı partiyalıq nöqteyi-nəzərindən "imkan xaricində" bir iş kibi tələqqi edənlər çıxarsa öylələrin Dağıstana imdad məsələsində imdaddan başqa özgə bir məramın dəxi təqibində olduğlarına güman aparmağa haqqımız olar.
Məsələnin başqa bir cəhəti dəxi vardır ki, o da dağıstanlı qardaşlarımızla Denikin qaragüruhunun arasında vaqe olan müharibə gedişindən və iş nə yolda və nə vəziyyətdə olduğundan, dağıstanlı qardaşlarımıza nə miqdar imdad lüzumundan kəmalınca vüquf və ittilat hasil etməkdir ki, bu da məhəlində, yəni Dağıstanın özündə mümkündür.
Məlumunuz olduğu üzrə bunun üçün xüsusi adamlar seçilib bu günlərdə Dağıstana gedəcəkdirlər. Genə arzu edərdik ki, müxtəlif partiyalara mənsub olan bu adamlar Dağıstana gedərkən xüsusi bir komisyon sifətilə getsinlər və gedib də hal və övzaən necəligindən dürüst məlumat əxz etsinlər. Ondan əlavə burdan göndəriləcək olan könüllü köməginin orada nə surətlə qəbulu və istemali xüsusinda da piş əz vəxt hazırlıqlarda bulunsunlar. İşin müəyyən bir nizam və qaidə ilə yürüməsinə diqqət yetirsinlər. Sistemsiz və xudsəranə işlər görülməsinə yol verilməsin. Qərəz səy edilsin ki, imdad həqq ilə imdad mahiyyətində olub da dağıstanlı qardaşlarımızın felən hiss edəcəgi mərtəbə müəssər olsun.
İştə bu birlik və nizam ilə iş görmək arzumuz əmələ gəlirsə, ümidvar olarıq ki, dağıstanlı qardaşlarımıza həqiqi kömək yetirə bilib onları da, özümüzü də qaragüruhlar təcavüzatından mühafizə edə bilərik. Bunun üçün partiyalarımızı bu mühüm işdə birligə dəvət edib də müvəffəqiyyətlərini təmənna edirik.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 148-149.
