Dövlət duması buraxılacaqmı, yoxmu?
Əlan bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir.
Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada "sol firqə"lərin əksəriyyət təşkil etmələrini gələcək hökumət üçün bir falı-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın "sol"ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdılar ki, bu da onların qovulmasına bəhanə olsun.
Hər bir halda, mənim zənnimcə, stolıpinlər burasını nəzəri-etibara almalıdırlar ki, dumaya və dumanın tələbatına qulaq asmaqsızın, onu buraxmaqla axırda acı bir peşimançılıqdan başqa heç bir şey qazanmaq olmaz. Bu da məlumdur ki, dumanın mövcud olmağı hamının diqqətini cəlb edib, getdikcə rahatlıq və sakitliyə səbəb olduğu halda, onun buraxılması min cürə nizamsızlıqlara mucib olub, axırda məmləkəti anarxiya halına sala bilər.
Lakin ola bilsin ki, cənaban Stolıpin nizamsızlıqlardan və anarxiyadan da heç bir bak etməyib, onları hər dəfə yatırtmağı öz qüdrət və qüvvətləri dairəsində ədd edirlər. Elə isə stolıpinlər birinci dumanın buraxıldığı gündən indiyə qədər şiddətlə davam edən nizamsızlıqları ya görmürlər və yaxud millət davasına, millət mübarizəsinə "qorxutmaq" politikasını müqabil edib, buna ümid bağlayırlar.
Fəqət bizim gördüyümüz və hiss etdiyimiz budur ki, "cəbr və zülm" və ya "qorxutmaq" politikası bu həngamda hökumət üçün heç bir nəf gətirməyib, hər iki tərəfdən, yəni həm də millət tərəfindən tələf olan qurbanların getdikcə ədədini artırır, bu isə hökumət üçün zərər olan kimi, millət üçün də zərərdir.
Fəqət burada hökumətin zərəri millətinkindən daha artıq hiss olunur. Çünki millət və camaat mübarizəyə qalxdığı vaxt öz zərər və ziyanına bir o qədər əhəmiyyət verməyib, onları öz məqsədi-alisi naminə qurban verir. Hökumət isə məqsədi hər cür ülviyyətdən ari olduğuna görə, cüzi həyəcanları da özü üçün ağır və təsirli hesab edir.
Əgər bu şuriş, bu inqilab ki, bütün Rusiyanı bürüyüb və ənzari-əcanibi cəlb edibdir-Rusiyada olan özgə bir tayfanın müvəqqəti bir qiyamına və üsyanına oxşasaydı, demək olar ki, onu vaqiən, "cəbr və zülm" və "qorxutmaq" politikası ilə təskin edib yatırtmaq mümkün olardı. Lakin elə iş burasındadır ki, Rusiyanın bu azadlıq hərəkatına müvəqqəti qiyam və üsyan demək olmaz. Bu, Polşa (Löhistan) qiyamı deyildir, Dağıstan üsyanı deyildir, erməni cümbüşü deyildir ki, onu top, tüfəng və əsgərlər vasitəsilə sakit etmək mümkün olsun.
Bu, ümumrusiya dövləti əhalisinin müruri-zaman ilə artmaqda olan tərəqqi və təkamülündən irəli kələn tarixi bir hadiseyi-əzimədir ki, onun bir bu qədər davam etməsi təbii görünən kimi, heç bir cəbr, zülm və sitəm ilə yatırılmayacağı dəxi bir o qədər təbii görünməkdədir.
Bu bir zamandır ki, ümum millət indiyə qədər ağzı, dili yox bir qul kimi yaşadığını anlayıb, bundan sonra da eləcə yaşamayacağını qəti surətdə elan edibdir. Cəbr və zülm ilə millət öz sözündən geri durmaz, bəlkə öz qərarını daha şiddətli, daha qəti bir surətdə isbata çalışar.
Əgər bir qul öz əhvali-müəssifəsini anlayıb, cəbr və təzyiq altında qul kimi öləcəyini başa düşərsə, zənnimcə, qiyam və mübarizəyə qalxıb qəhrəman kimi can verməyi əfzəl bilər.
Rusiyada ümuri-idarənin fəna və pərişanlığı, əhalinin həyat və məişəti-içtimaiyyə və iqtisadiyyəsinin pisliyi, mədəniyyət və mərifətcə pəsmandəliyi və nəhayət, Yapon kimi kiçik bir millətə basılmağı onun qul kimi haldan düşüb, zəifləşməyinə dəlildir. Millət dəxi bunu anlayır. Qulluq boyunduruğundan bir tezcə xilas olmağa da dartınır. Əgər buna mane olsalar da, onu cəbr və zülm ilə bu xilas olmaq niyyətindən əl çəkməyə məcbur etmək istəsələr, müvəffəq olmazlar. Çünki bir vaxt yetişər ki, ümum millət bir ruh və bir cism olub, son və qəti qərarını elan edər.
Ölmək ölməkdirsə, qul kimi ölməkdən qəhrəman kimi ölmək yaxşıdır!..
Görəsən, stolıpinlər bunu anlayırlarmı və bu gələcək anı pişəzvəxt nəzərə alırlarmı? Əgər elə isə onlar dumanın dağılması niyyətlərindən sərfi-nəzər etməlidirlər və deyilmək üzrə birinci dumanın dağılmasıdan, doğrudan da, peşimandırlarsa, ikinci dumanın dağılmasından daha acı bir peşimançılıq çəkəcəklərini indidən özlərinə təlqin etməlidirlər.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 74-75.
