Cəmiyyət başçılarının nəzər-diqqətlərinə
Mədəniyyətli tayfalar içində bir cəmiyyət təşkil olunduğu vaxt bu cəmiyyətin bani və müəssisləri işin orasına diqqət yetirirlər ki, həmin cəmiyyətə əza olan şəxslər cəmiyyətin görəcəyi işlərdə ixtisas sahibi olsunlar, yəni əhli adamlardan olsunlar. Haman işi mütəxəssis və ətraflı surətdə bilsinlər. Söz yoxdur ki, əgər elə bir cəmiyyətin əzaları cahil və nadan olsalar, o cəmiyyətin işləri heç bir səmər verməz.
Lakin bizlərdə camaatımız içində elmli adamlarımız az olduğuna görə cəmiyyətlərimizin əzalığına cürbəcür adamlar intixab olunur ki, cəhalət və nadanlıqları üzündən cəmiyyət və idarə işlərini ləngə salıb işin sürətinə, irəliləməsinə mümaniət göstərirlər.
Əgər belə cahillərin cəmiyyət içində təşkil etdikləri mümaniəti cəmiyyətin sair qəyur və bilikli əzaları bərtərəf etməyə müvəffəq olurlarsa, yenə iş bir xeyli irəli getməyə başlayır.
Lakin bədbəxtlik burasındadır ki, əgər o, ya bu cahil adamlar öz cəhalətləri üzündən qeyrilərinin bilik və iş bacarıqlarını görüb təşəkkürlər etmək və bilmədiklərini elələrindən öyrənmək əvəzinə boxl və həsəd büruzə verib, cəmiyyətin o sabiq xidmətçilərini xalq nəzərində töhmətli və üzüqara göstərmək yolunda əllərindən gələn xuliqanlıq və fitnəbazlığı müzayiqə etmirlər. Və belə karkün adamlar olmasa, cəmiyyət batacağını yəqin bilə-bilə yenə də bunları ləkələndirmək üçün bütün cəmiyyəti qurban etməyə utanmırlar.
Mən öz ömrümdə aramızda cürbəcür cəmiyyətlər görmüşəm və təəssüflər olsun ki, belə cahil vücud əzaları və cəmiyyətlərin əzasi idarəsi içində olmuşam, belə müfəttinlərin ucundan bəzi cəmiyyətlərin tamamilə batdığını da görmüşəm! Bainhəmə belə müfəttinlərin hərəkatına diqqət yetirib onların vurduğu zərəri nəzəri-əhəmiyyətə alan başçılar olmuyubdur. Halbuki əgər hər bir cəmiyyətimizin işi belə gedərsə, axırda cəmiyyətlərimizin səmərəsini görmək çox çətin olar.
Cəmiyyət başında duran möhtərəm zəvatlara cəmiyyətin hər bir işindən millət yanında və Allah yanında məsul olduqlarına görə cəmiyyətə zərər vuran və onun işlərini ləngə salan və mənafeyini xələldar edən belə vəqələrə artıq nəzər yetirmələri bədihidir ki, vacibatdandır. Çünki belə cahil və nadan müfəttin və hüsudların, xatai-fahiş olaraq, cəmiyyətə intixab edilmələrindən məqsud əsal cəmiyyətə xeyir yetirmək deyil, bəlkə öz “mən”liyini bildirmək üçün cəmiyyət içində fitnə və fəsad qovzamaqdır. Çünki bunlar alçaq fitnə ilə “sekret” tapa bilərlər.
Onsuz deyil ki, bir neçə qəyur adamlar öz bilik və təcrübələri sayəsində və ya şövq və həvəsləri bərəkətindən kəmali-sədaqət üzrə can və dil ilə cəmiyyətə xidmət edirlər. Heç bir şeyə ləyaqəti və bacarığı olmayan müfəttin və hüsudlar isə cəmiyyətin bu sabiq adamlarını əvam arasında çirkin surətdə göstərmək üçün onları haqq-nahaq tənqidə başlayıb, min cürə iftira və böhtanlar ilə onları cəmaata fəna bir surətdə göstərməyə başlayırlar. Vay olsun ki, kisrəti şüğlüdən yorulmuş olan o sadiq xidmətçilər öz işlərində cüzi bir müsalihə göstərsinlər. Müfəttinlər haman dəm bunu əllərində dəstəvüz edib və birinin üstünə beşini artırıb onların dalınca şəbədələr qururlar. Halbuki özlərinin haman cəmiyyətə zərrə qədər xeyirləri olmayıb, külli-zərərləri olduğu məlumdur. Bunların da belə fitnələri və naşükürlükləri haman sadiq xidmətçilərin qulağına yetişdikdə, onlardan ən nadirləri belə fitnəyə etina etməyib, öz işlərində davam edirlər. Amma bir çoxları bu əhvaldan inciyib işdən soyuyurlar və axırda lap əl çəkirlər. İş də dağılır, batır və içindən bir fayda çıxmır.
İştə belə vəqələri cəmiyyətlərimiz başında duran zəvatə mətbuat vasitəsi ilə yetirmək və onların diqqətini belə güvara işlərə cəlb etmək bizim müqəddəs borcumuzdur. Yerdə qalan tədbirlər isə bütün məsuliyyəti ilə belə haman başçıların öz öhdələrindədir. Və illa sonrakı peşmançılıq fayda verməz.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 130-131.
