Üzeyir Hacıbəyli

"Corciən Meil"in məqaləsi

Tiflisdə nəşr edilən ingiliscə “Corciən meil” qəzetəsinin tərcüməsi dərc etdigimiz məqaləsinə oxucuların nəzər- diqqətini cəlb ediyoruz. Daşnak politikasının əsaslarından biri olan yalançılıq üsuluna qarşı etiraz edən və bu üsulu Qafqaz millətləri arasında düşmənçilik dəvamına bais bilib də bu yolda dadü-fəryad edən indiyə qədər qafqazlılar idilər, bunlardan da baxüsus Azərbaycan türkləri idi. Bu gün isə boylə bir etirazı artıq avropalılar ağzından dəxi eşitməklə qəlbimizdə bir məmnuniyyət hissi dərk etdigimizi heç də gizlətmək istəmiyoruk. Arzumuz budur ki, bu məqalə Avropa mətbuatına dəxi keçib, daşnaq ilanlarına inananları ayıldıb doğru və həqiqətə qarşı yumulmuş olan gözləri açdırsın və bu yalanlar vasitəsilə nə qədər zəlalət və rəzilət törəndigini və bunun nəticəsi olaraq nə kibi haqsızlıqlara yol verildigini Avropa əfkari-ümumiyyəsinə anlatsunlar.

Bu məqalənin zühuru daşnak partiyasının yeni bir məğlubiyyətidir. Erməni matəminin müqəddəratını əlinə almaqla millətin özünə aid olan bu haqqı qaba bir yol ilə qəsb etmiş və öz-özünü bu millətin başında "terror” gücü ilə qəyyum tikmiş olan bu iqbalsız partiya, erməni cümhuriyyəti elanı günündən bəri hər bir təşəbbüsündə və hər bir iqdamətində məqul və səmimi olmağlarına görə məğlubiyyət ardınca məğlubiyyət yeməkdə və bu məğlubiyyətlərin hər bir vüqui erməni millətinə taqətfərsa və təhəmmülsuz zərər və ziyanlar verməkdədir. Bu millətin səbrinə heyran qalmamağ qabil degildir!

Hakimlikdə zalım, qonşuluqda həsud, xüsusiyyətdə bədxasiyyət olan bu partiya siyasiyətdə dəxi cahildir. Azərbaycan, Gürcüstan, Dağıstan və başqa cümhuriyyətlərin millətləri kimi özlərilə öz müqəddəratlarını təyinə çalışmaq əvəzində bunlar, bu daşnaklar bu işi, yəni erməni millətinin təyini-müqəddəratını “Avropanı qorxudur” deyə boylə zənn edirlər ki, Avropa siyasiləri gəlib Azərbaycanı bir tərəfə, Gürcüstanı başqa bir tərəfə və Türkiyəni başqa bir tərəfə itələyib ermənilərin yerini gcnləndirəcək və bu yol ilə meydana bir “Hayastani-kəbir” zühur edəcəkdir. Bunun üçündür ki, Avropanı qızışdırmaq və bu əmr icrasına vadar etmək üçün bir yalançılıq kompaniyası təşkil edib, Ermənistan mühitində olan bütün qonşuları zalım və vəhşi, erməniləri isə məzlum və mədəni bir millət şəklində təsvir və tovsif etmək vəzifəsini ifaya məşğul olurlar. Bundan nə hasil olur? Avropalılar gəlib isə vüquf yetirirlər və görürlər ki, ermənilər iddia edən miqyas üzərinə vaqeən bir “Böyük Ermənistan” təşkil edilərsə, böyük Ermənistan əvəzinə, böyük bir haqsızlıq əmələ gələ bilər. Çünki boylə bir dövlətin əhalisi içində ancaq yüzdə üç faizi erməni millətinə mənsub ola biləcəyindən böylə bir cüzi əqəliyyətin əksəriyyəti-qahirə üzərində hakim olması, bu fahəş haqsızlığın təbii nəticəsi olacaq. İxtişaş və ixtilallara səbəbiyyət verər.

Daşnak ədasının nə qədər haqsız oldığıni məhləndə təhqiq edən avropalılar daşnak mənbəindən çıxan xəbərlərində bir o qədər yalan olduğını öyrənib bu haqsızlığı bir tərəf və bu yalanları rədd etmək istədikdə daşnaklara yas və nov növmidi ariz olub “hal təbdən” çıxarır və yevropalıların özlərini söyməgə və “vəfasız”lığından şikayət etməgə başlayırlar.

İştə daşnak qəzetəsi “Hayastani-aşxatavur”ın ingilis “Corciən meil’in fövqəlzikrin təkzib və təkdiri zühurini mucib olan məqaləsi - daşnakların “hal təbədən çıxmış”, bir halında yazılmış və daşnak təbiətini təmamilə biruzə vermiş kizb və iftiradır ki, ingilis yazıçısı buna qarşı şiddətlə müqabilə etməgə məcbur olmışdır.

“Corciən meil’in bu məqaləsi şübhəsiz ki, Londra mətbuatına dəxi keçəcək və ingilis əfkari-ümumiyyəsində daşnaklar və bilümum ermənilər əleyhinə olmaq üzrə bir təbəddülat əmələ gətirəcəkdir.

Zənn edirik ki, daşnak kompaniyasının bütün yalançılıqları təmamilə meydana çıxarsa, bundan nəinki yalanlardan mütəzərrir olanlar, bəlkə erməni milləti özü də bilaxirə mənfəət görə bilər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 251-252.