Üçüncü rəqib
İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır.
Bu rəqib Avropa arasında "Sultan Həmid dostu və aləmi-islam hamisi" adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində "Osmanlı evyıxanı" və "aləmi-islam düşməni" ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.
İki əvvəlinci rəqiblərdən ibarət olan Rusiya və ingilis istibdad giriftarı olan İrandan istifadə edirdilərsə də, bu üçüncü rəqib - Almaniya məşrutiyyət və vəkaləti-milliyyəyə nail olmuş İrandan nəfbərdar olmaq istəyir.
İki əvvəlincilərin təməhi nə qədər hədsiz olsa idi də bir o qədər təsəllibəxş idi. Çünki getdikcə xalqın göz açıb oyanmasına səbəb olardı və çox ola bilsin ki, oldu da; amma bu üçüncü rəqibin zühuru hələ ki, heç bir təsəlli verməyir.
Almaniya, ingilis qəzetlərinin yazdığına görə, İran ticarət bazarlarında şayani-əhəmiyyət bir mövqe işğal etmək üçün qəti təşəbbüsatda bulunmağa başlamışdır.
Belə ki, Almaniya "Orient bank"ı Tehranda və Təbrizdə özünə şöbələr açmaq üçün İrana xüsusi bir nümayəndə göndəribdir. Alman bankının burada məqsədi ondan ibarətdir ki, İran hökumətindən (Osmanlıdan aldığı kimi) müxtəlif imtiyaz (konsessiya)lar alıb, İran "Bank- milli"silə müahidələr bağlasın və hamısından ümdə budur ki, iki dəmiryol inşası üçün imtiyaz alsın ki, bunlardan biri Osmanlı sərhədinə və digəri isə Xəlici-farsda olan alman (port) bəndərinə çəkilsin. Bu axırıncı mövqe Bağdad dəmir yolunun dəxi intihasıdır.
"Slovo" qəzetəsinin yazdığına görə, alman qəzetələri açdıqca izhar edirlər ki, almanın bu təşəbbüsatı-tüccariyyəsinin ümdə səbəbi ingilis politikasına qarşı müxalifət göstərməkdən ibarətdir. Əgər ingilis nüfuzu artıq olub və alman bankı İran "Bakı milli"silə mətin bir etilaf düzəldə bilməsə, o surətdə Tehranda xüsusi və müstəqil bir şöbə açıb öz nüfuzunu İranda ümdə ticarət mövqelərində intişara başlayacaqdır.
Bununla bərabər, səy olunacaqdır ki, İranda alman ticarət paroxodstva (seyrisəfain)sı dəxi getdikcə artsın. Bunun üçün alman paroxodlan yük filan daşımaqda ingilis paraxodlanna nisbətən az qiymət alacaqdır.
Alman qəzetələrinin söylədiyinə görə, alman "Orient bankı" bərk ümiddədir ki, hökumət dəxi o xüsusda ona lazımı köməklər edib böyük bir tərəfdar olacaqdır. Çünki alman hökumətinin İrana dair nəzəri budur ki, "İran iranlılardan ötrüdür". Yəni alman hökuməti Rusiya ilə ingilisin İranda politika işlətməsinə razı olmayıb bu arzulardadır ki, onlara orada bir badalaq vura bilsin, ona görə öz bankına kömək edəcəkdir ki, ingilis və rus nüfuzlarını İranda azaltsın.
Bizim əqidəmizcə "İran iranlılardan ötrüdür" deməkdə Almaniya hökumətinin məqsədi İranın hər bir cəhətcə tamamiyyətini gözləmək deyil, bəlkə, bu tərazın əsasi rus və ingilislərə qarşı həsəd və paxıllıqdır. Hər halda, rus və ingilis məhafili-tüccariyyələri Almaniyanın bu təşəbbüsünə görə böyük əndişələrə düşübdürlər; Almaniya isə onlara təsəlli verir, yəni ruslara deyir ki: Artıq əndişə etməyin, mənim bu politikam büsbütün, ingilis nüfuzuna qarşı ittixaz olunubdur; ingilisləri isə bununla arxayın etmək istəyir ki, bəli, qorxmayın mən sizin İranda olan nüfuz və mənafeyinizə toxunmaram, ancaq öz ticarətimin tərəqqisinə çalışıram.
Lakin nə rus və nə ingilis məhafili-tüccariyyəsi təsəlliyab olmaq istəməyirlər. Çünki şübhəsizdir ki, alman politikası onların hər ikisinin İranda olan nüfuz və mənafelərini xələldar edəcəkdir.
İran məclisi-məbusanı Almaniyanın bu politikasına böyük bir əhəmiyyət nəzərilə baxıb, ehtiyatda bulunmalıdır və bunu dəxi unutmamalıdır ki, ingilisin alman dövləti başına min cürə kələklər açmasına səbəb həmin bu Almaniya və sultanın Almaniyaya hüsni-təvəccöhi oldu. Söz yoxdur ki, ingilis və demək olar ki, Rusiya dövləti bu yeni rəqib qabağında geri çəkilib, (pəs) deyəcək qədər ürəksiz deyildirlər; ona binaən bu üçünün arasında şiddətli bir rəqabət törəyəcəyi şübhəsizdir. Burada, mənim zənnimcə, İranın, yəni İran məclisinin təklifi, bu rəqiblərin heç birinə nə hüsni-təvəccöh, nə ədəmi-iltifat göstərməyib rəqabətlərindən bacarıb, vardıqca nəfbərdar olmaqdır, vəssalam!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 310-311.
