Üzeyir Hacıbəyli

Zemstvo məsələsi

Zemstvo məsələsinin (qoy urusca deyim) "vajnılığınını" biz hələ başa düşmürük. Axı bir baş ki, onun içi təkfir, təlin, fitnə, fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik və bu kimi şeylərin iğvası ilə dolu ola və yainki bilmərrə boş ola, o başdan nə ummaq?

Qərəz, zemstvo məsələsi bir məsələdir ki, Əgər onu biz də özümüzə, öz ehtiyacatımıza yarayan bir surətdə həll eləsək, əvvəla, məktəblərimiz artar, saniyən, yollarımız rahlanar, hər il minlərcə qoyun, qaramal və yüzlərcə adam aparan çaylarımıza körpü saldıra bilərik, salisən, hər kəsə, hər kəndliyə lazım olan su verilər ki, ta bir də insafsız mirabların, cüvarların, bəylərin bərəkətindən xalqın taxılı yanıb, ac qalmasınlar. Rabiən, içimizə ya heyvanlarımızın içinə bir azar-filan düşərsə tez qabağını kəsmək olar. Qərəz, zemstvodan çox mənfəət almaq olar.

İndi, bu gün ermənilər, gürcülər haman məsələnin üstünə düşüb, çox şirin-şirin həll etməyə məşğuldurlar. Əlbəttə, erməni yuristi bu məsələyə ermənilərin ehtiyacatı nəzərilə baxacaq, gürcülər də həmçinin gürcü ehtiyacatı nəzəri ilə.

İndi görünür ki, bunlardan başqa vışşi obrazovanie alanlarımız yoxdur.

Bəs bizim ehtiyacatımız nəzəri ilə kim baxsın və bu gözəl nemətdən məhrum olmağımıza razı olmasın? Heç kim yoxdur...  Biarlığımıza salıb dinməz-söyləməz oturmuşuq. Yenə bir cürə işlərdə üzümüzü ağardan və haqqımızın paybəşik olmasına namusi-millisi yol verməyənlərimiz var idisə, o da Əhməd bəy idi. Onu vətəndən qaçırtdılar... Əhməd bəydən keçəndən sonra doktor Qarabəy Qarabəyov idi. Onu da vətəndən qaçırtdılar. Bunlardan başqa, Əlimərdan bəy Topçubaşov idi, onu da vətəndən qaçırtdılar. Bunlardan savayı doktor Nəriman Narimanov idi, onu da qazamata saldırıb, bir bölük külfətini ac qoydurdular.

İndi böyük arsızlıq burasıdır ki, millətimizin qeydin çəkən və bu gün üçün bizə hər bir şeydən lazım olan o millət namusu çəkənlərimizin vətəndən iraq düşmələrinə təəssüflər etmək əvəzinə, hələ dallarınca da daş atırıq... Di, buyursun, içimizdən biri çıxıb onların yerini versin. Onların burada olmağı şəxsi mənfəətin millət mənfəətinə tərcih verənlərin xoşuna gəlmirdi. Çox əcəb, indi onlar yoxdur, meydan da boşdur və meydana atılmağın çox yaxşı məqamı və hünər göstərmək həngamıdır.

İndi haman o rəyasət fikrində olanlar buyursunlar meydana.

Gələn gəlsin, gedən getsin.
Buyur meydana, bismillah.
Biz də gendən tamaşaçıyıq.

Əgər meydana atılanlar, doğrudan da, millət mənfəətinə bir iş görə bilsələr, onlara qiymət qoymayan xaindir.

Yoxsa əlindən-başından bir iş kəlməyə-kəlməyə iş bilənlərə daş atmaq, sizi inandırıram ki, heç bir hünər deyil...

Nahaq yerə atılıb düşməyin ki, durduğunuz yerdə biabır olarsınız... Və bir də heç fəramuş eləməyəsiniz ki, camaat nə qədər cahil olsa, yenə də onu əldə karastı və alət eləmək olmaz. Yoxsa birdən işdir, camaat ayılar, sonra içindən xəta çıxar. Məhəmmədəli ilə Əbdülhəmidin əhvalatı camaatın gücünü sizə göstərmədimi? Siz bu camaatın xeyri üçün sədaqətlə çalışanları kənar edib, sonra rəyasət hirsi ilə camaatın başında dəlləklik eləmək istəyirsiniz. Bu yaxşı iş deyil, sonra peşiman olarsınız. Əgər əlinizdən bir xeyir iş gəlirsə, buyurun meydana. Çox yaxşı vaxt (dır) və illa bacarıq yoxdursa, dinməz oturmaq məsləhətdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 130-131.