Üzeyir Hacıbəyli

İspaniya-Fas müharibəsi

Ülamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi:
“Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə dammır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”.
Doğrudan da biz bu heyvanları özümüz üçün vasitəyi-məişət edib də, keyfimiz istədiyi yolda işlətdiyimiz kimi, mədəniyyətli yevropalılar dəxi onlardan mədəniyyətcə alçaq olan öz növlərini, yəni insanları özləri üçün heyvan ittixaz edib, onlar ilə heyvan kimi müamilə edirlər.
İnsan mədəniyyətin nə qədər alçaq dərəcəsində olsa da, heyvandan əqilli və fərasətlidir və ona görə də heyvanı özünə tabe və müti edə bilər. Mədəniyyət isə şüur və fərasəti artıran bir şey olduğuna görə mədəniyyətli bir insan üçün mədəniyyətsiz insan heyvan dərəcəsindədir.
Mədəniyyətli ispaniyalılar Amerikanı kəşf edib, mədəniyyətsiz amerikalıları qırıb tələf və yerdə qalanını özünə müti etdilər.
Bu tərəfdən mədəniyyətli ingilislər bütün Amerikanın şimalını əllərinə aldılar. Sonra haman ingilislər - bir növ sürətlə mədəniyyətə üz qoyub, İngilis və Yevropa hökmranlığını rəşadət və mərdaniliklə rədd etməklə müstəqil hökumətlər təşkil etdilər.
Qərəz, bütün mədəniyyətsiz yerlər, cəzirələr hamısı mədəniyyətlilərin əlinə keçib, bədbəxt əhalisi də heyvan yerinə işləməlidirlər.
İndi haman oylə mədəniyyətdən məhrum yerin biri də Fas dövlətidir ki, mədəniyyətli yevropalıların tələsinə düşüb çıxa bilmir. Fas dövləti Afrika qitəsinin şimal-qərbində vaqe olub böyük bir islam dövlətidir; onun adına yevropalılar Marokko deyirlər, müsəlmanlar isə Mərakeş və ya Fas deyirlər.
Ərəb mədəniyyətinin şəşəəli bir zamanında, yəni o vaxt ki, Yevropa mədəniyyətcə əhli-islamdan alçaq idi, haman yuxarıda ərz etdiyimiz hikmət üzrə Fas dövləti öz qonşusu olan İspaniyanı həmişə təhdid və təzyiq altında saxladığı halda, bu gün ispaniyalılar mədəniyyətcə onlardan qabaq olduqlarına görə, Fasın içinə girib müsəlleh və qeyri-müsəlleh surətdə məmləkəti təsxir etmək istəyirlər. Və bu məqsədlərinə nail olmaq üçun Fas əhalisindən hər bir cürə zülm və sitəmləri müzayiqə etmirlər.
Bir kəndli, ağır bir arabanı çəkə bilməyən atın başına, gözünə şappadığı halda, gendən baxanların ata yazığı gəlib, arabaçıya acığı tutduğu kimi, bizim də və hər bir əhli-insafın da ispaniyalıların faslılara qarşı göstərdikləri boş müamiləyi-vəhşiyanədən acığı tutur.
Amma bununla belə, faslıların özünə daha artıq acığımız tutur. Çünki arabaçının şallağı altında əzilən atın belə bir zülmdən qurtarması, yenə həmin arabaçının özünün və yaxud başqa bir insanın rəhminə, mürüvvətinə bağlıdır.
Özünə olan zülmü rəf və dəf etməyə heç bir qüdrət yoxdur.
Zira, əql yoxdur və onun üçün də müdafiə yolunu bilmir, lakin faslılar heyvan deyildirlər, insandırlar. İnsan isə əqlə malikdir və o əqli artırmaq uçün də mədəniyyət kimi doğru bir yol vardır. Nə üçün ispaniyalılar fransızlar ilə eyni müamilə etmirlər və yaxud böyür-böyrə olduğu Portəgiz dövlətilə işi yoxdur. Çünki onlar ispaniyalılar kimi və daha artıq mədəniyyət sahibidirlər. Müdafiə yolunu yaxşıca bilirlər. Faslılar isə hər bir mədəniyyəti “təkfir”, “təlin” kimi boş və çürük məsələlərə məşqül olub, əvvəldə olan mədəniyyəti-islamiyyəni bilmərrə unudub heyvan kimi ömr sürürlər. Soltanları məmləkətlərinin abadlığına, mədəniyyətinə çalışmaq əvəzində bütün mənhus əmrlərini mütröbbazlıqda, ləhvü-ləəbdə keçirib əqilli yevropalıların əllərində meymun kimi oynayırlar. Üləmaları isə dünya elmlərini küfr hesab edib, o yoldaki fitfaları ilə yazıq əhalini mədəniyyətdən kənar edirlər. Məşhur qamusnəvis Şəmsəddin Sami həzrətləri Fasm maarif və mədəniyyəti haqqında bir baxınız nə yazır:
“Fasda maarifi-cədidəyə şimdiyə qədər əsla meyl olunmayıb, maarifi-qədiməyi-islamiyyə dəxi çox tədənni etmişdir. Hər nə qədər Fasm böyük şəhərlərində mütəəddid-mədaris var isə də, bunlarda dəxi ülumi-ədəbiyə və diniyyə oxunur. Finunə əhəmiyyət verilməz və təhsil ilə məşğul olanların çoxu kimya və nücum kimi ülumi- mohumə həvəsinə düşüb, məmləkətin tərəqqisinə xidmət edəcək ülumə rəğbət etmirlər. Məkatibi-ibtidaiyyədə isə (bizim xaraba qalmış “məktəblərimiz” kimi) yalnız Qurani-kərimin hifzi ilə lövhələr üzərinə təhriri mötad olub, bununla sibyan (uşaqlar) bir az ibarə oxumağı va cüzi yazı və imla öyrənirlər.
Bu məktəblər də şəhər və qəsəbələrə məxsus olub, çəryələrdə (kəndlərdə) bulunmadığmdan əhalinin qismi-əzəmi oxuyub yazmaq nemətindən dəxi məhrum bulunur... Yevropanın yanı başında olan böylə gözəl bir məmləkətdə əlyovm nə bir mətbəə var, nə bir qəzetə çıxır, nə də bir kitab basılır”.
İndi o səbəbə görə də yevropalılar və əzcümlə bu gün ispaniyalılar buraya soxulub da döyürlər, əzirlər, basırlar və bildiklərini eyləyirlər.
İştə faslıların böylə zillət və fəlakətlərinin ən birinci və baş səbəbi özlərinin mədəniyyətsizliyi, yəni ülum və fünuni-cədidədən kənar olmalarıdır. Başqa səbəbləri və ispaniyalıların vəhşiyanə zülmlərini sonra yazarıq.

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 97-99.