Üzeyir Hacıbəyli

Andranikin məsələsi

İngilis komandasının və qismən bizim hökumətimizin təhriri və şifahi tədabirinə rəğmən Qarabağ əhalisinin dadü-fəryadını genə də eşitməkdəyik.

Aşkardır ki, Bakıdan deyilən sözlər, nəsihətlər və xəbərdarlıqlar, hətta general Tomsonun təhdidi boylə, Andranikə heç də əsər eləmiyor. O, öz işindədir. Müsəlman kəndlərini dağıdır, əhalisini öldürür, ya qaçırdır, arvadların irzü-namusuna sataşır, əsir edir, ərzi-qüvvətcə zəif yerlərimizə soxulub bildiyini edir və Bakıdan gedən sifarişlərə - aşkardır ki, məhəl-güzar olmır.

Zənni-acizanəmizlə Andranik məsələsinə ciddi surətdə əhəmiyyət verənlər, Azərbaycan müsəlmanlarının cinayətkar ünsürlərin zülm və sitəmi altında məhv edilmələrinə razı olmayanlar və Azərbaycanın qoparılmaz bir qismi olan ümum Qarabağ müsəlmanlarının daim qorxu altında yaşayıb da, yedikləri, içdikləri güzəran və məişətləri haram olmağına soyuq nəzərlə baxmayanlar və bilaxirə münasibəti qeyri-müəyyən qonşu millətdən olan müsəlləh bir qüvvənin hüdudumuz sahilində xudsəranə hərəkətdə bulunmasının aqibətini nəzər-diqqətə alanlar, bu məsələni tezlik ilə bu tövr, ya o tövr həll və fəsi etmək üçün Andranikin kim olduğunu, yəni simayi-siyasiyyəsini, məmuriyyətini, kimin tərəfindən bu əmrə məmur olduğunu bilib, bu cürə vəhşi hərəkətlər vasitəsilə təqib edilən, məqsədlərin mənayi-həqiqisindən lazımınca xəbərdar olmalıdırlar.

Məsələn, deyirlər ki, Andranik türklər ilə ermənilər arasında vaqe olmuş müsalihədən dolayı erməni hökumətindən küsüb, “özbaşına” olubdur. Və məsuliyyəti öz öhdəsinə almaq üzrə cürbəcür işləri də özbaşına görür.

Ola bilər, kim bilir? Bəlkə Andranik erməni hökumətindən küsüb də, erməni cəmaəti içində şöhrət qazanmaq istəyir və bu şöhrətə malik olmaq yolunun ən rastını tapıb müsəlmanların əlsiz-ayaqsız qisminin üzərinə top və tüfəng ilə hücumlar edib “rəşadət” göstərir. Yəni istəyir ki, “igit” Andranikin adı ermənilər arasında dillərdə zikr olunub, hər kəsin məhbul-bülqülubi olsun... Nə deməli! Bəlkə “qəhrəman” Andranikin günlərin bir günü erməni padşahı olmaq fikri də vardır. Zatən hal və ovza öylə bir surət peyda etməkdədir ki, hər “avantürist’in başından cürbəcür xəyallar keçir.

Vaqeən əgər iş boylə isə yəni, Andranikin qonşu erməni hökumətinə heç bir dəxli yoxsa və gördükləri vəhşiliklərin cavabdehligi dəxi məhz öz boynuna isə, o halda bu Andranik, erməni camaətinin gözündə “igit” olsun, “qəhrəman” olsun, nə olur-olsun bizim gözümüzdə adi bir quldurdur, çünki bir şəxs ki, başına adam yığıb kənd-kəsək üstə tökülüb qətlü-qarətə məşğul ola, o şəxsə quldur deyərlər.

Boylə olan surətdə bir quldurun yanına “deleqat” göndərmək, onu kağız vasitəsilə quldurluqdan mən qılmaq və ya həddini bildirmək üçün teleqram vasitəsilə təhdid etmək nə hökumətimizin şanına layiqdir, nə ingilis komandasının və bir də məşhur məsəldir ki, “Quran oxumaqla donuz darıdan çıxmaz”. Quldurların qabağına lazım olan qədər güc göndərmək istər ki, dəstəsini də, özünü də dəstgir edib, məhkəmə qarşısına gətirsin və cəzai-səzasına çatmaq üçün təhti-mühakiməyə verilsin.

Bu bir.

Bu da ola bilər ki, Andranik erməni hökumətindən heç də küsməyibdir, özü də həman hökumətin məxfi və ya ələni bir ajanı, bir məmurudur və ya daha açığı təhti-komandasında hökumətin rəsmi qoşunu olan bir nəfər erməni generalıdır. Sərhəd məsələsini Tiflis konfransında sülh və sazişlə həll etmək istəməyən erməni hökuməti, həmin bu məsələni qılınc zoru ilə qurtarmağa qərar verib, general Andraniki də göndəribdir ki, hüdudumuzu keçib müsəlmanları tədhiş ilə pərakəndə qılmaqla arzu etdikləri yerləri təhti-təsəllüt və təsərrüfə keçirib, Ermənistan toprağına qatışdırsınlar. Deməli, bu surətdə Andranikin hərəkəti vəhşiyanəsindən məsul tutulacaq adamlar ən əvvəlcə erməni hökumətinin başında duran şəxslər olur. O halda genə Andranikin yanına mürəxxəslər göndərmək və ya kağız ilə sifarişlər etmək kimi vecə gəlməz tədbirlərin heç bir mənası yoxdur. Bu sifarişlərin, bu teleqramların məhəlli-aidinə, yəni erməni hökuməti başında duranlarına göndərilməsi icab edər. Bilək görək ki, erməni hökuməti bizə qarşı müharibə meydanımı açır, ya bu vəhşiliklərin mənası nədir? Bəlkə Ermənistan Cümhuriyyətini müstəqil bir surətdə yaşatmaq üçün özlərində qabiliyyət və istedad olduğuna inanmayan və bu təqdirdə qonşuların da müstəqil yaşamalarını istəməyən daşnaklar Qafqazın orasında, burasında andraniklər vasitəsilə qəsdən şuluqluq salıb, ölkəmizin təkrar qəyyumlar əlinə keçməsi məqsədini təqib eləyorlər! Qərəz, bu işgillərin bizim üçün aydın və aşkar edilməsi dəxi xaricən vacibi olan işlərimiz cümləsindəndir.

Bu iki.

Bir də o mümkündür ki, Andranik nə quldurdur, nə də erməni hökumətinin rəsmi məmuru, bəlkə məhz müsəlman qanı tökməkdən xüsusi bir ləzzət hiss etmək mərəzinə mübtəla olan bir nəfər erməni mütəəssibidir ki, bunun bu vəhşi hərəkətinə Ararat hökuməti də razı deyil, lakin ipini çəkməyə qolunda güc yoxdur.

Bu da üç.

Şübhəsiz bu üç zəndən başqa Andranik məsələsinin qaranlıq yollarına işıq salan dördüncü və beşinci və doqquzuncu zənlər iradı dəxi mümkündür. Fəqət bizcə, zənni-qalib bu üçdədir. Ondan əlavə bizdən ötrü vacib olan dəxi budur ki, görək Andranik quldurmu, rəsmi məmurmu və ya, təkrar qırğın olmağa bais olan bir nəfər mütəəssib ermənimi. Çünki ciddi tədbirin itxaz və tədbiqi bu üçdən birinin təyininə bağlıdır.

Lakin bunu təyin etmək işinin öz yoluyla icrasına məşğul olmaqla bərabər, bir tərəfdən zülmü-sitəmə məruz qalan müsəlmanları tezlik ilə xilas etmək və digər tərəfdən bu vaqeənin getdikcə böyüyüb başımıza əngəl olmağına imkan verməmək üçün səri və müəssir tədbirlər ilə Andranik hərəkətini nə tövr olsa dayandırmaq lazımdır. Fəqət bu yoldakı tədbirlər yalnız ingilis komandasını təkrar-təkrar müraciətlərlə təciz etməkdən ibarət olmamalıdır. Zatən bu müraciətlərin nəticəsi o ola bilər ki, öz-özümüzü qorumaq qabiliyyət və qüvvəmizə şübhə edənlər olar. İngilisləri əhvalatdan vaqif etmək əlbəttə borcumuzdur. Qafqazda nizam və asayişin bərqərar edilməsi, işlərinin icrası da ingilislərin borclarıdır. Bunu özləri elan edibdirlər. Və ola bilər ki, ingilislər andraniklər hərəkatını böyük nüfuzları sayəsində mənəvi bir qüvvə ilə də dayandırmağa müqtədirdilər, lakin biz dəxi bu cürə hərəkətləri cismani qüvvələrimiz ilə durdurmağa müqtədir olduğumuzu lazım olan dərəcəyə qədər bildirməliyik. Andraniklər dəxi türklər gedəndən sonra baş qalxızıb zənn etməsinlər ki, biz qoşunsuz və əsgərsiz qalmışıq. Lazım olan yerdə hamımızın arvadlarımıza qədər əsgər olduğumuzu, andraniklər içində bilənlər yox deyil, zənn edirəm. Fəqət bir bu qədər tökülən qanlardan sonra bəşəriyyət artıq zara gəlub sülh, sülh deyə sevindiyi halda bu sülh axşamı bir də təkrar qan tökmək igidlik deyil, rəzalətdir və o qana səbəb olanlar, bəşəriyyət lənətinə gəlməkdən başqa özgə bir mənfəət qazana bilməzlər. Bu cürə vəhşi hərəkətlər icrası ilə erməni millətinə xoş gəlməyi qəsd edən andraniklər, zənn edirəm ki, səhvdədirlər. Onlara afərin deyib əl çalanlar, bugün erməni millətinin içində də çox az tapılar. Bir ay bundan əvvəl qonşuluq təriqinə müvəffəq sülh və sazişlə yaşamaq naminə xanımlarımıza müraciət edən erməni xanımları, fələlərimizi çağıran erməni fələləri əminəm ki, andraniklərin bu yolu çox haqq şekənanə hərəkətlərindən son dərəcə dilgir olmaqla bərabər, müraciət etdikləri və çağırdıqları qonşuları qabağında “qəhrəman” andraniklərin xəcalətini çəkirlər. Burasını da yaddan çıxarmasınlar ki, Andranik məsləkli başçılarının bu qədər mənhus politikası nəticəsindən cürbəcür fəlakətlər çəkmiş olan erməni milləti, bir kərə qalxıb da bu yalançı pəhləvanları öz əllərilə üstlərindən dəf və rəf edər ehtimalı da meydanda yox deyildir.

Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu öylə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin, ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin.

Zənn edirik ki, möhtərəm parlaman əzaları, baxüsus Qarabağ məbusları Andranik məsəlasi haqqında hökumətdən izahat istəməsə də, hökumət özü bu işdə nə növ tədbirlər görüldügünün və görüləcəyini və bununla bərabər bu işə nə nəzərlə baxdığını da parlaman hüzurunda bəyan və elan edəcək.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 38-41.