Üzeyir Hacıbəyli

Ordan-burdan: [Niyyəti-xalisə]

Nədəndir ki, çox işlərimiz baş tutmayır? Milləti qabağa aparmaq üçün cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri ev kimi dağılır! Hansı işə baş qoşub əl atırıq, iş bizdən qaçır və ya axırda biz də işdən qaçırıq. Bu nədəndir? Bu barədə mən çox fikir elədim, amma bir səbəb tapa bilmədim. Axırda qərar qoydum ki, cəmiyyətlərə yığılan adamların əhvali-ruhiyyəsini yazım, sonra hesablayaq görək nə çıxır.
Bəli! Cəmiyyət qurulub, camaat hazır, cəmiyyəti bina edən zat ayağa qalxıb məramnaməsini bəyan eyləyir.
"Həzərat! Allah özü şahiddir ki, bu işi başlamaqda mənim məqsədim yazıq, zəlil millətimə bir rahi nəcat aramaq, milləti cəhalət və zillətdən qurtarmaq və bir növ ilə milləti qabağa aparıb özgələr ilə həmhüquq və müqavi etməkdir. Bəsdir bu qədər zillət"... və sairə o sözlər ki, oxucularımız əzbər bilirlər.
İndi görək natiqin bu nitqinə qulaq asan adamların o əsnada ürəklərindən keçən fikirlər nədir.
Onlardan biri (gözün diriyib natiqin üzünə və sağ əlinin şəhadət barmağını soxub burnunun sol deşiyinə) - Bu kişi əvvəlcə üzünü qırxdırırdı. Görəsən indi nə üçün saqqal qoyubdur. Bəlkə istəyirlər ki, saqqala salam versinlər. Yəqin o da millətpərəstlikdəndir... Bəs nə üçün başını daramır, bəlkə yazığın heç macalı yoxdur. Amma çox üzdən danışır. Bir belə sözü haradan alıb deyir, yəqin gecə sabaha kimi əzbərləyirmiş. Amma çox oxumuş adama oxşayır... (bu əsnada eşidir ki, yoldaşları "əlbəttə" dedilər, bu da bərkdən deyir: Əlbəttə!)
O biri (Çox darıxmış görünür. Əylə bil ki, tikan üstə oturubdur, tez-tez saata baxır) - Durum gedim... Yox ayıbdır, qoy bir az da gözləyək, paho, nə uzun danışır, at getdi, örkən apardı. Rəhmətliyin oğlu, elə bil ki, dilotu yeyibdir. Sən öləsən bunlar axırda lap zəhləmizi tökəcəkdirlər... Rəhmətlik uşağı xalqı işdən, gücdən qoyub dörd saat ac- susuz... dururam gedim. Nə ayıblığı var? Bəlkə bayırda işim var. Bəlkə naxoşum var, çox otura bilmərəm, deyəsən qurtarır... ("Əlbəttə" eşidir, bu da deyir: Əlbəttə! Və elə çığırır ki, hamı bunun üzünə baxır).
Bir ayrısı (bir əlini cibinə salıb küsmüş bir adam kimi oturub özü də stolun üstündən yeriyən qarışqaya tamaşa eyləyir): Vallah, çox qorxuram ki, axırda pul yığalar... Allah Məşədi Həsənə insaf versin, qoymadı yolumuz ilə gedək. Hərgah pul əhvalatı olsa deyərəm adımı yazsınlar, sonra... verərəm. Yoxsa indi üç manat verim çıxsın getsin, birdəfəlik canım qurtarsın?.. Əşi üç manatın üç min dərdi var... ( "əlbəttə" eşidir, amma heç dinməyir).
Bir başqası (bütün vücudilə bərqdiqqət olub qulaq asır. Danışılan sözlərdən xoşu gəldiyini hərdən başilə etdiyi işarətlə bildirir). -Nə gözəl sözlər, pəh, pəh, insanın ruhu ləzzət alır... Yaxşı olardı ki, hər gün buraya yığıla idik, bu da bizim üçün danışa idi... Qoy məclis qurtarsın, gedəcəyəm bunun yanına söhbət eləməyə, çox ləzzətli adamdır... Əlbəttə, əlbəttə!..
Bir özgəsi (başını aşağı salıb əlindəki karandaş ilə qabağındakı kağızın üstə bir quş şəkli çəkibdir. Quşun uzun dimdiyinin ucunda da bir alma qayırıbdır.) - Görəsən bunun axırı nə olacaqdır? O gəlir ki, millət belə oldu, millət elə oldu. Vallah hamısı yalan-palan sözlərdir. Mən imanım millət qeydi çəkən yoxdur, hamısı kələkdir... ("Əlbəttə" eşidir, yavaşca bu da bir "əlbəttə" deyir).
Bir digəri (bu da başını aşağı salıb dırnağı ilə stolun üstünü qazıyır və tez-tez boğazını artdıyır, dodaqlarını çeynəyir, başını qaşıyır) - Yalan deyirsən məlun! Bilirəm sənin fikrin nədir, özünü xalqın gözünə soxmaq istəyirsən, bədzat! Vallah, qoymayacağam iş görəsən...
(Natiqin səsi gəlir). - Millətə qulluqdan başqa, özgə məqsədim yoxdur! (Yalan deyirsən, şeytan).
(Natiq): Bu yolda var qüvvəmlə çalışacağam. (Vallah, qoymayacağam!)
(Natiq): Pis adamları içimizdən çıxartmaq - ki onların başçısı sənsən! (Natiq): Və bu cürə xeyir işlərdə Allah bizim hamımıza tovfiq versin! (Allah sənə də lənət eləsin!)
Natiq özü (ürəyində): Çox yaxşı danışıram, deyəsən, bir neçəsi ağlayır. Heyf ki, bəzi sözlərimə əl çalmırlar və görünür ki, nitqimi kəsmək istəyirlər... İndi demək olar ki, əvvəlimci adam oluram və bundan sonra da hər yerdə mənim adım çəkiləcəkdir... Deyəcəklər ki, əsil millətpərəst budur... Əşi doğrudan da, vallah, mən millətpərəstəm. Axı, bu millət mənim millətimdir, mənim övladlarımdır, özləri də çox yaxşı adamdırlar. Ancaq bunlara başçı lazımdır, başçı! O vəzifəni də ki mən üstümə götürürəm... qərəz görək nə olur...
İndi hesablayıb görürəm ki, bizim adamlarımızda xalis niyyət, işə əhəmiyyət vermək, yəni bu cürə böyük işin qədrini anlayıb bilmək kimi xasiyyətlər yoxdur. Onun üçündür ki, hər işimiz, uşaqların "evcik-evcik" oyununa bənzəyir... Amma o adamlarda da təqsir yoxdur. Milləti qabağa aparmaq hər yoldan ötənin işi deyil... Filankəs çox da urusi baş qoyubdur, o nə bilir ki, milləti qabağa aparmaq nədir!
Bəhmənkəs, çox da namaz qılır, o nə bilir ki, millət nədir.

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 103-105.