Üzeyir Hacıbəyli

"Vətən dili"

Yeddinci çapı: müəllifi—Zaqafqaziya 
seminariyasının sabiq inspektoru Çernyayevski

"Vətən dili" üsuli-sövti üzrə tərtib olunmuş təlim kitablarının anası mənziləsindədir. Otuz sənə bundan qabaq bizim məktəblərdə müəyyən bir üsuli-təlim və qanuni-tədris olmadığı halda "Vətən dili" vücuda gəlib, məktəblərimizi işıqlandırdı, maarif işlərimizin rövnəq tapmasına səbəb oldu.

"Vətən dili" hər yerdə rəğbət və hörmət kəsb edib, sürətlə intişar tapdı. Müəllifi-kitab cənab Çernyayevski sabiqdə Zaqafqaziya seminariyasının cünbündə olan müsəlman şöbəsinin naziri idi, türk dilini yaxşı bilirdi və özü də mahir və qabil pedaqoqlardan birisi hesab olunurdu. "Vətən dili"ni elə asan sadə türk dilində tərtib qılıbdır ki, məktəb uşaqları onu artıq şövq və həvəslə mütaliə edirlər. Onda dərc olunan təmsilat və hekayələr nəinki xırdaca uşaqları həvəsləndirir hətta, onların valideynini xoşhal edib, artıq şövqlə onların mütaliəsinə qulaq asmağa rəğbətləndirir.

Yeddinci çap gözəl şəkillər ilə müzəyyəndir. Kitabçanın hürufatı aydın və kağızı əladır. Qiyməti isə baha deyil - 35 qəpikdir. "Vətən dili"nin həmin çapı Zaqafqaziya seminariyasının elmi-ilahi müəllimi olan məşhur pedaqoq və yazıçılarımızdan möhtərəm Firidun bəy Köçərli cənabları tərəfindən islah edilib, gözəl surətə salınıbdır.

Firidun bəy cənabları kimi üsuli-tədrisə və ədəbiyyata mükəmməl surətdə aşina olan bir zatın iştirakı "Vətən dili"nin faydalı və lüzumlu bir kitab olduğu təmin edir.

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 245.