Nuri-didə Ceyhun!: [12 iyul 1924-cü il]
Salam-duadan sonra mən anamgili Bakı bağlarına göndərib, özüm Məleykə ilə bərabər "Yesintuki"də sanatoriyada oluram. Burada Məleykə palçıq vannaları götürür mən də yalnız istirahət edirəm. Başqa bir naxoşluq yoxdur. Dünən Zülfuqardan bir məktub aldım, sənin ona göndərmiş olduğun kağızın məzmununu mənə yazıbdır, mən oxuyub xeyli mükəddər oldum, o qədər ki, təmam istirahətim pozuldu. Zülfüqar dəxi sənin kağızından mütəəssir olduğunu mənə yazır.
İndiki iş boylə oldu, biz gərək məsələni aydınlaşdırağ və ona görə də müəyyən bir qərara gələk. İş bundadır ki, biz hamımız indiyə qədər bu fikirdə idik ki, siz orada asudə və istirahətlə yaşayırsınız. Ona görə də bir o qədər maraq etməyib görüşəcəgimiz güni səbr ilə gözləyirdik, bizim boylə bir zənddə olduğumuzun bir səbəbi də o idi ki, sən öz kağızlarında dolanacağınızdan şikayət etməyirdin və öz əhvalınızdan açığ və müəyyən bir şey yazmırdın, fəqət bu axırki Zülfüqara yazılan kağızlarından boylə göıünür ki, əvvəla orada siz çox pis dolanırsınız, və saniyən, boylə bir güzəran səni qara-qara fikirlərə salıb əsəbi naxoşluğuna səbəb olubdur. İşin bu surəti həm Zülfüqarı, həm də məni artıq fikirlərə salıbdır, ona görə ciddi tədbirlər görmək lazım gəlir. Mən işin hər tərəfini fikirləşib bu qərara gəlirəm ki, siz gərək tezlik ilə yığışıb Bakıya qayıdasınız. Sizin Bakıya qayıtmağınız, bizim oraya gələ bilməgimizdən çox-çox asandır. Çünki əvvəla sən qaçaq degilsən, müxalif siyasi firqələrdə olmamısan, və saniyən, komissar yoldaşlarımızın hamısı sənin kim olduğunu və nə olduğunu çox yaxşı bilirlər. Hər gah Vətənə qayıtsan şübhəsidir ki, qulluq sahibi olub şairələrdən artıq hörmət sahibi olarsan. Hərgah sənin oradan çıxmağına bir məmaniət yoxsa və hərgah özün də gəlmək istəyirsənsə mənə açığ-açığına yaz ki, mən də bu xüsusda, bu "napravleniya"da çalışım və sənə xəbər edim ki, gəl. Yoxsa bizim və ya mənim gəlməgim uzun məsələdir və bir də nənəmi qoyub heç bir yerə gedə bilmirəm, çünki nənəm bizdə olur və istirahət yeri də ancaq bizdədir. Hamısından məsləhət, təkrar edirəm ki, sizin Bakıya gəlməginizdir. Ona görə, əlbəttə, mənə kağız yaz və gəlmək istədiginizi mənə bildir ki, mən də bu yolda çalışım. Səni inandıra bilərəm ki, bizim Bakı bu saət sizin Parisdən heç də pis degildir. Biz burada çox yaxşıca dolanırıq. Siz gəlsəniz siz də, biz də daha gözəlcə dolanarıq. Bu kağız sənə çatıb, səndən cavab gəlincə mən Bakıda olaram. Ona görə kağızı Bakıya mənim adıma yaz. Adresimiz: V. Priyutski 63.
Biz iyulun 25-də Kislovodskiyə gedib orada bir on beş gün Narzan vannası götürəcəyik və sentyabrın 10-da Bakıya qayıdacağıq. İnşallah, gələn yay bir yerdə Kislovodskiyə gedib səni dürüst müalicə edərik.
Əlavə səndən çox artıq təvəqqe edirəm ki, mənim həkimligimə qulaq asıb mənim təcrübə ilə sınadığım müalicəni sən də edəsən. İş bundadır ki, mən Bakıda olarkən baş yorğunluğuna mübtəla olmuşdum, yəni heç bir barədə fikir edə bilmirdim, boylə ki, o qədər pis olmuşdum ki, ta özümdən əl çəkmişdim. Həkimlər müalicəsi mənə kömək yetirmirdi. Axırda bir nəfərin tövsiyyəsi ilə boylə müalicəyə başladım.
Səhər yerdən durub "Müller’in sistemi ilə gimnastika edirdim. Sonra yaş məhraba ilə bütün bədənimi, baxüsus belimi sürtüldüm və sürtən kimi qurulayırdım, onu qurtarandan sonra umuvalnik yanında "ablivaniya" edib, sonra da quruluyub "rastiraniya" edirdim. İki-üç gün boylə edib gördüm ki, mən tazədən dirildim. Yaxşı baş yorğunluğum bilmərrə itib gecələr saət üçə kimi işləyib yorulmuram. Bu cür müalicənin möcüzəyab əsəri məni heyran qoydu. Əlif-əlbəttə, sən də boylə edərsən heç olmasa imtahan üçün elə.
Məndən və Məleykə tərəfdən Zöhrənin və uşaqların üzündən öp və heç bir qəm eləmə, inşallah, bu yaxınlarda görüşərik. Ancaq kağız gözləyirəm.
Bəradərin Üzeyir. 12 iyul 1924, Yesintuki
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 356-357.
