Cavanşir uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub
"Dusti-mehriban", cənab Şəfi bəy!
Əvvəla, ümdeyi-mətləb vücudi-zicudinizin səlamət və afiyət üzrə bərqərar və payidar olmağıdır. Və saniyən, əgər iltifat məqamına gəlib, bu tərəfin əhvalatını xəbər alsanız, əlhəmdülillah vəlminnə sağ və səlamət olub, "ömri - kiranbahanizə daim duagu varıq". Və salisən, neçə vaxtdan bəridir ki, siz cənablardan heç bir əhval yox idi. Bu isə bizi bir qəm və ələm dəryasına qərq etmişdi. Amma bu günlərdə sizin başınızın sahibi və naçalnikiniz Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördüyünüz zülm və sitəmin "şöhrəti" bütün afaqə əyan olduğundan, biz də ondan xəbərdar olub, "şadiman, məsərrətə nail olduq". Bundan sonra siz bizim "mədari-iftixarımız" oldunuz. Biz acizlər tərəfindən "təşəkkürlər" qəbul etməyinizi artıq-artıq rica edirik. Doğrudur, siz bu iyirmi beş ilin ərzində kamali-sədaqətlə ifasında olduğunuz pristavlıq dövründə hökumətə çox böyük qulluqlar edibsiniz, sizin qamçı (qırmanc) ınız altında ölmüş müsəlmanların, odunuzla yanmış evlərin, hökmünüzlə darmadağın edilmiş mal və mülklərin, "həya"nızlə bihəya olmuş arvadların, şirk-jəyanlara mənsub nərənizlə bağrı yarılmış uşaqların ədədini götürüb, mülahizə etsən görərsən ki, neçə-neçə qəbiristanların təmiri sizin "hünəriniz"ə vabəstə imiş. Amma bu axırkı günlərdə ibraz etdiyiniz "hünər" şədid zülmkarın şöhrətini batırıbdır. Sağ olunuz, var olunuz! Sizin bir namazqılan və oructutan pristav olduğunuz bizim hamımıza məlumdur. Buna görə də aşağıdakı nidanı bəndəyi-həqirinizdən qəbul edin:
Ey su yerinə müsəlman qanı ilə dəstəmaz alıb, razü niyaz edən abid! Və ey, arvad-uşaq əşkilə qüsl edib, ibadətə məşğul olan zahid, behiştin əla dərəcəsində məqamınız var!... Qafqazda tamam 25 il pristavlıqda qalmağınızdan rəncidəxatir olmayınız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağıdan ev-eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəməyin! Belə bir gün olar ki, hökumət sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiyiniz qan və əşklər sizin vicdanınızı, insaf və ədalətinizi yuyub aparıbdır, əvvəlcə yumşaq yaradılmış ürəyiniz müruri-əyyam ilə bərkiyib, daşa dönübdür. Lakin zərər yoxdur, bu naçalnik olmağa mane ola bilməz. Çünki başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət, insaf və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olun, səbr və səbat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başınıza olsun, Onları özünüzə nümuneyi-imtisal tutub, hankı uçastok və uyezdə dəyişilsəniz onlar kimi müsəlmanlara zülm və sitəm etməkdə davam edin. Axırda da onların mənsəbinə çatarsız. Və bir də bağışlayın, mənim sizə "yol göstərməyim" əbəsdir, siz öz "dərsinizi" yaxşı bilirsiniz. Artıq dərdisər vermək lazım deyil. Bu axırkı "şöhrətiniz" Qarabağda adınızı baqi qoyacaqdır. Ölülər çəsədlərindən sizə bir yadigar rəkz etmək Qarabağa vacibdir. Sağ olunuz, var olunuz! Sayeyi-mərhəmət vayənizi biz həqirlərin üstündən kəsməyin…
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 251-252.
