Üzeyir Hacıbəyli

Məcburi müdafiə

Qəzetimizin dünənki nömrəsində "Elan lazım" ünvanlı bir şey oxudum, çox təəccüb elədim. Məqalənin imzasına göz yetirdim, lap mat qaldım.

Haman "Elan lazım"da camaata elan olunur ki, "...bir neçə zamandan bəri məktəbimizin ibtidai siniflərində müəllimlik edən iranlı Mirzə Baba (Abdulla Ziya)nın suyi- rəftar və tədrisə ədəmi-iqtidarı ələlyəqin məlum olunduğundan məktəbdən xaric oldu".

Bəli! Buraya qədər çox gözəldir və hərgah bunun dalınca da haman "suyi-rəftar və tədrisə ədəmi-iqtidar" bəyan edilməyəydi, lap gözəl olardı. Amma heyf ki, Əhməd Kamal cənabları onların bəyanını "lazım" və rəva görübdür və bununla da bütün məqaləyə hər kəsdə suyi-təsir hasil edəcək bir ruh veribdir.

"Elan lazım"ın məzmununa görə, müəllim Mirzə Babanin suyi-rəftarı bunda imiş ki, bir çox adamlara borclu imiş...

Əcəba, bu əyyamda borclu olmaq suyi-rəftardırmı! Eylə isə bütün dünyada xoşrəftar adam tapmaq çox çətindir.

Bundan başqa, Mirzə Babanın, məsələn, xəyyat Seyid Əhmədə və filan, filana borclu olub olmadığını xəlqə bildirməkdən məqsəd nədir? Onun bizə nə xeyri?! Məncə, bir adamın şəxsi və öz nəfsinə aid olan işinə qatışmağa heç kəsin haqqı yoxdur.

Və bir də Mirzə Babanın borcluluğu müəllimliyinə zərər yetirmiş olsa da, onu elan etmək, məncə insanlıq heysiyyətinə toxunmaqdır.

İndi keçək iranlı Mirzə Babanın "tədrisə ədəmi-iqtidarı"na. "Elan lazım”da deyilir ki, xəyyat Seyid Əhmədə 29 manat, kitabçı Mirzağaya 10 manat və sairələrinə filan qədər borclu olan müəllim Mirzə Baba.

"O özü türkcə bilməz, farsidən bir kəlmə olsun başa düşməz, hətta, şəriət imtahanlarında aşkar olubdur ki, "şəriətdən də ən cahil və bir möminə lazım və vacib olan dərəcədə də olsun bir şey bilməz".

Yaxşı! İndi Əhməd Kamal cənablarından sual edirəm: bu dilsiz və biliksiz müəllim "bir neçə zamandan bəri, yəni iki ildən bəri ibtidai siniflərdə nə qayırırmış?! Madam ki, türk və fars dillərini bilməz, bəs hankı dil ilə dərs deyirmiş və madam ki, şəriəti də bilməz, bəs nədən dərs deyirmiş? Vallah, burası çox təəccübdür!

Məncə, Mirzə Babanı borclu olduğu üçün deyil, dilsiz və dinsiz olduğu üçün və iki il keçdikdən sonra deyil, iki gün keçdikdən sonra ixrac etmək lazım idi.

O halda bu cürə təəccüblü "Elan lazım"a da ehtiyac olmazdı. Bəlkə müəllim Mirzə Baba səy edib, dil və bilik öyrənərdi, özü də bu cürə təhqir edilməzdi.

Bu sözlərimdən məqsəd Mirzə Babanı Mirzə Baba olduğu üçün müdafiə etmək deyil, mən heç onu tanımıram. Məni incidən zəif bir insanın düçari-həqarət olduğudur.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 101-102.