"Əsli və Kərəm"
Dörd pərdə və altı şəkildən ibarət olan "Əsli və Kərəm" operasının premyerası 1912-ci il mayın 18-də Bakıda, indiki Akademik Opera və Balet Teatrının binasında olmuşdur. Maraqlıdır ki, həmin il, bir neçə ay əvvəl - yəni 1912-ci il martın 10-da Nikitin qardaşları sirkində Üzeyir bəyin başqa bir yeni operasının - "Şah Abbas və Xurşidbanu" operasının - ilk tamaşası göstərilmişdi. Bir il ərzində iki böyük operanın bəstələnməsi və tamaşaya qoyulması bəstəkarın nə dərəcədə gərgin və məhsuldar işləməsinə, opera artistlərinin isə öz işlərinə nə qədər ciddi və həvəslə yanaşmasına dəlalət edir.
Operanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Üzeyir bəy özü idi. Kərəm rolunda Hüseynqulu Sarabski, Əsli rolunda isə Əhməd Ağdamski çıxış etmişdir. Operanın ürəkləri riqqətə gətirən süjeti, ustalıqla işlənmiş librettosu, ruhu qanadlandıran gözəl, rəngarəng musiqisi ilk tamaşadan dinləyicilərin, tamaşaçıların qəlbinə yol açdı, sevildi, təqdir olundu.
Üzeyir Hacıbəyli "Əsli və Kərəm"ə qədər milli operanın iki modelini təcrübədən keçirmiş və dörd opera bəstələmişdi. "Şeyx Sənan"dan sonra yaranan "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu" operaları da, hardasa "Leyli və Məcnun"a yaxın idi. Yəni bu operalarda müəllifin orijinal musiqisi üstünlük təşkil etsə də, muğamlara hələ geniş yer verilirdi. Lakin Üzeyir Hacıbəyli opera yaradıc ilığında yeni bir mərhələyə qədəm qoymaq, daha yeni bir söz demək istəyirdi. Bu yeni söz məhz "Əsli və Kərəm" operası oldu.
"Əsli və Kərəm" mövzusuna müraciət etməklə Üzeyir bəy öz əsərlərinin mövzusu üçün yeni bir mənbəyə, xalq dastanlarına və aşıq musiqisinə üz tutdu. Bu yenilik əsas amil kimi həm onun təməlini qoyduğu milli operalarımızın yeni mərhələsini, həm də yeni forma quruluşunu şərtləndirdi. Əgər "Leyli və Məcnun"da, "Rüstəm və Söhrab"da əsasən muğamlar üstünlük təşkil edirdisə, "Şeyx Sənan" və "Şah Abbas və Xurşidbanu"da şərti olaraq adlandırdığımız "avropasayağı" musiqilərə geniş yer verilmişdi. "Əsli və Kərəm"də isə Üzeyir bəy öz "yenilikçi" əqidəsinə sadiq qalaraq, ilk dəfə "leytmövzuya", "refrenə" - yəni bütün opera boyu qəhrəmanı səciyyələndirib, onu daim müşayiət edən sabit bir mövzuya, habelə aşıq musiqisi ritmlərinə, xalq dastanlarına xas olan bir sıra elementlərin intişarına geniş meydan açmışdı. Bir sözlə, "Əsli və Kərəm" milli operalarımız arasında yeni və yeniliklərlə dolu bir opera oldu.
Operanın əsas məziyyətlərindən, mühüm yeniliklərindən biri - əsərin mövzusunun sırf Azərbaycan həyatından alınması idi. Leyli və Məcnun Ərəbistandan, Şeyx Sənan Bəlxdən, Rüstəm və Söhrab irandan, Şah Abbas və Xurşidbanu Səfəvi səltənətindən alınma qəhrəmanlar idisə, Kərəm Azərbaycan dastanlarının sevimli qəhrəmanı, Gəncə xanı Ziyadxanın oğludur. Librettonu tərtib edərkən Üzeyir bəy Kərəmi Gəncə xanının oğlu kimi yox, İsfahan padşahının oğlu olaraq göstərir. Əlbəttə, bu halı səhnə əsərinin təsir gücünü artırmaq və miqyası daha geniş göstərmək üçün müəllif tərəfindən istifadə olunan teatral üsul, vasitə kimi də qəbul etmək mümkündür.
Kərəmin nakam məhəbbəti, sevgilisinin dalınca diyar-diyar gəzib ürəkparçalayan şeirlər qoşması, saz götürüb ilahi qüdrət ilə "haqq aşığı" məqamına yüksəlməsi əsrlər boyu xalqımızın dillər əzbəri olmuşdur. Onun dilindən qopan şeirlər, qoşduğu saz havaları bu günə kimi Azərbaycan xalqının ruhunda, qanında, canında, qan yaddaşında yaşayır. Xan Kərəmi opera səhnəsinə gətirməklə Üzeyir bəy Azərbaycan dastanlarına diqqəti yönəltdi, inkişaf edən musiqi mədəniyyətimizin zənginləşməsində onların yeni məna, məzmun və maraq kəsb etməsinə təkan vermiş oldu. Sonralar yaranacaq neçə-neçə səhnə əsəri zəngin mənbə kimi məhz dastanlara üz tutacaqdı.
İlk tamaşasından bir neçə il keçdikdən sonra opera artıq Azərbaycanın hüdudlarından kənarda da tamaşaya qoyulurdu. Opera Qafqazın və Orta Asiyanın, İranın və Türkiyənin teatrlarında oynanmışdı.
Özbəkistanda nəşr olunan "Vaxt" qəzeti yazırdı: "... 1916-cı ildən başlayıb Daşkənddə və Özbəkistanın başqa şəhərlərində göstərilən "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları və "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyaları özbək tamaşaçılarına nəhayətsiz dərəcədə xoş gəlirdi."
Rəşid Yasəminin Tehranda nəşr etdirdiyi "Ədəbiyyati - müasir" kitabında isə belə sətirlər vardır: "... Birinci Dünya müharibəsinin axırlarında... bir dəstə Rusiya və Qafqaz oyunçuları (artistləri - S. F.) irana gəldilər... Xüsusilə Qafqazın "Arşın mal alan", "O olmasın, bu olsun" operettalarını və "Əsli və Kərəm" operasını əvvəlcə türkcə oynadılar, sonra onları farscaya tərcümə edib, farsca bilən türklərin iştirakı ilə oynadılar, işləri çox xoşa gələn tərzdə irəli getdi."
Milli operamızın səhnəsində neçə -neçə müqtədir sənətkarlar bu operada öz istedadlarını, məharətlərini nümayiş etdirmişlər. Unudulmaz Hüseynqulu Sarabskidən sonra Kərəm rolunda - Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Əbülfət Əliyev, Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov kimi ustad sənətkarlar, Əsli rolunda isə Gülxar Həsənova, Sara Qədimova, Zeynəb Xanlarova, Rübabə Muradova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Qəndab Quliyeva kimi gözəl müğənnilər çıxış etmişlər.
Operaya müxtəlif illərdə bir sıra quruluşlar da verilmişdir. Hüseynqulu Sarabski, Agakərim Şərifov, Hüseyn Rzayev, Şəmsi Bədəlbəyli - rejissor, İzzət Seyidova və Əyyub Fətəliyev - rəssam, Hənəfi Terequlov və Nicat Məlikov - xormeyster, Müslüm Maqomayev, Niyazi, Əfrasiyab Bədəlbəyli və Kazım Əliverdibəyov dirijor kimi "Əsli və Kərəm" operasının ayrı - ayrı quruluşlarında iştirak etmişlər.
"Əsli və Kərəm" operasında, digər milli opera və operettalarımızda olduğu kimi, müxtəlif illərdə müəllif tərəfindən bir sıra redaktələr aparılmışdır. Obyektiv səbəblərlə baglı olan bu hallar, əsasən opera teatrında orkestrin və xorun ildən-ilə genişlənməsi, keyfiyyət etibarı ilə mükəmməl hala gəlməsi ilə əlaqədardır. Hətta 20-ci illərdə Üzeyir Hacıbəylinin əsərdə yeni redaktələr aparacağı haqda opera teatrı ilə imzaladığı müqavilə taktı da mövcuddur. Bununla belə, 1957-ci ildə bəstəkar Nazim Əliverdibəyova opera teatrı tərəfindən "Əsli və Kərəm" operasının yeni redaktəsi həvalə olunur. Üzeyir Hacibəylinin üslubunu, yaradıcılıq xüsusiyyətlərini və musiqi irsini dərindən mənimsəmiş Nazim Əliverdibəyov bu işi uğurla başa çatdırmışdır.
Üzeyir Hacıbəylinin bədii, publisistik və elmi yaradıcılığını əhatə edən möhtəşəm "Üzeyir dünyası" layihəsində, əlbəttə, "Əsli və Kərəm" də öz şərəfli yerini tutmaqdadır. Bir daha "Əsli və Kərəm" operasının partiturasının ilk dətə nəşr olunmasını xüsusi qeyd etmək istərdik.
Bu partituranın ərsəyə gəlməsində öz yaradıcı və təşkilatçı istedadını səfərbər edərək var qüvvəsini əsirgəməyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin və uzun illər bu operaya dirijorluq etmiş, indi isə redaktoru kimi partituranın hazırlanmasında böyük qüvvə sərf edən əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının dirijoru Kazım Əliverdibəyovun, habelə xalq artisti, Kərəm rolunun ifaçısı olmuş Canəli Əkbərovun fədakar əməyini xüsusi məmnunluq hissi ilə qeyd etməliyik.
Bu partituranın nəşri ilə dahi Üzeyir bəy Hacıbəylinin yaratdığı "Əsli və Kərəm" operası daha yeni bir mərhələyə qədəm qoymuş oldu. Onun bütün Üzeyirsevərlər"in və mədəniyyətimizin yüksəlişini arzu edən hər kəsin qəlbini sevinc, fərəh hisslərinə qərq edəcəyi şübhəsizdir. Qarşıda isə belə anlarımız daha çox olacaq.
Sərdar Fərəcov
Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi
