Üzeyir Hacıbəyli

Ordan-burdan: [Bizə dair]

Müsəlmanların mehmannəvaz adamları da çoxdur.
Yəni müsəlmanlar içində, çox qonaqsevən və qəribi dost tutan adamlar var. Əgər bir kişi gəlib bunların birisinin evində qonaq ola, səhər yerdən duranda görər ki, cibi sağ və səlamətdir və bir qəpiyi də oğurlanmayıbdır. Və yainki bir qərib gəlib birisinin qonşusu ola - heç vaxt onun evini daşa basmazlar və heç vaxt onun evini yarmazlar.
Müsəlmanlar içində xain, taməkar adam yoxdur. Yəni müsəlmanlar bir-birinə o qədər mehribandırlar ki, heç vaxt bir-birinin xainliyini çəkməzlər və istərlər ki, özlərinə nəf olan kimi özgələrə də olsun. Məsələn, əgər bir müsəlman dükançısı görə ki, bir ayrısı da gəlib onun yanında dükan açıbdır - heç vaxt ona kağız yazdırıb deməz ki, əgər burdan təşrif aparmasan dükanını dağıtdıracağam və özünü də öldürəcəyəm.
Qərəz, camaatımız içində "gözəl" sifətli adam çoxdur. Ancaq mən burada hamısını demək istəmirəm. Çünki öz-özümüzü tərifləmək bir az yaxşı deyil.
                                                                                                                                        İrana dair
Bizə belə xəbər gəlibdir ki, bu saat İranın cəmi adamları üç böyük partiya olubdurlar.
Bu partiyalardan biri deyir ki, gərək İran "məşruə" olsun.
O biri partiya deyir ki, xeyr, İran "məşrutə" olsun.
Üçüncü partiya deyir ki, yox, gərək İran "məşrubə" olsun.
Hökumət də qalıb əli qoynunda. Bilmir ki, bunların hansına qulaq versin. Ancaq Avropa padşahlıqları ona məsləhət görürlər ki, görsün bu üçüncü partiya ilə əlbir ola bilərmi?
                                                                                                                                  Firəngistana dair
Bu saat Firəngistanın aşağı tərəfində bir "vur çatlasın"dır ki, gəl tamaşa elə. Buna da səbəb odur ki, Firəngistanın haman yerlərində xalqın dolanacağı çaxır qayırıb satmaqladır. Amma di gəl ki, bu il orada çaxır boldur, amma alan yoxdur. Ona görə xalq da güzərandan düşüb hökuməti qısnayıblar ki, ya bu saat bizə çörək ver, ya da çaxırımızı sat.
İndi Firəngistan hökumətinin cəmi ümidi ondadır ki, bəlkə İran "məşrutədən" dönüb "məşrubə" ola və Firəngistanda satılmayan çaxır boçkalarını oradan yumalıyalar düz İrana.

                                                                                                                                      Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 346-347.