Hökumət və millət
Bəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.
Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.
Ən əvvəl, hökumətin ixtiyaratı bir o qədər geniş olmayıb, millətin hər bir xüsusda və hər bir surətdə işə iştirak etməsilə məhdud idi. O vaxtlar hökumətə, özgə nəzərilə dəxi baxılırdı. Hökumət dəxi öz vəzifəsini özgə cürə anlayırdı. Millət hökuməti öz arasında vaqe olan mübarizat və mücadilati-daxiliyyəni rəf edə bilən bir hökm və xarici düşmənlərin hücumunu dəf etməyə borclu olan bir gözətçidir. Ümuri- idarəyə qalırsa bu babdə də hökumət millətə, nəinki millət hökumətə köməkçi idi.
Lakin sonralarda müruri-zaman ilə hökumətin əvvəlki şəkli təğyir tapıb, millət getdikcə hökumətə hər bir işlərdə hazır olmağa məcbur oldu. Hökumət də millət üstündə hökmfərma olmağa başlayıb, bir zaman yetişdi ki milləti özünə qul və nökər edib özü də hakimi-mütləq olsun və getdikcə iş o yerə çatdı ki, hökumət öz əvvəlki hakimlik və gözətçi və pasbanlıq vəzifəsini tamam yaddan çıxardıb, öz millətini təzyiqə başladı. Və bundan naşi olaraq, millətin öz işində cürbəcür siniflər, silklər və ayrılıqlar törənib, hamısı hökumət əlində müztər qaldılar. Orta əsrdə hökumət mütləqiyyəti və milləti übudiyyəti son dərəcələrədək varib, hər bir yerdə hökm sürmək və hökmə tabe olmaq qanuni bərpa oldu. Tərəqqi və təkamüldən layiqincə bərpa olan millətlər indi haman qanuna tabe olub yaşamaqdadırlar.
Əgər ülum və fünunca tərəqqi olmasaydı, Allah elə bilir ki, millətlərin hökumət əlində halı necə ola bilərdi? Lakin milləti hökumət mütləqiyyətindən xilas edən tərəqqi və təkamül oldu. Bunların bərəkəti sayəsində millət ağıl və kamal qazanıb, məişətin gözəl yollarını tanıdı və tanıyıb da ən əvvəl özünü hökumət çəngalından qurtarmağa səy etdi.
Tərəqqi və təkamülün parlaq bir dövrünə çatmış olan Yevropa millətləri hökumət ilə millət mübarizəsindən ibarət olan "inqilab"ın ibtidasını qoydular və mübarizələrdə qanlar töküb və canlar fəda etməklə, mütləqiyyətə qalib oldular. Və hökumətin ixtiyaratını məhdud edib, ümuri-idareyi məmləkətdə onu özlərinə köməkçi etmədilərsə də fəqət özləri ona köməkçi, həm də nazir oldular.
Əlan bizim bu Rusiyada vaqe olan inqilab dəxi rus milləti və rus hökuməti arasında iki min ildən bəri davam edən münasibatın üçüncü və axırıncı dövrüdür ki, burada millətin qalib olacağı şübhəsizdir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 290-291.
