Üzeyir Hacıbəyli

Ordan-burdan

Kazan qəzetələri bu məçmunda şey yazırlar:
"Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər".
Burada istəyirəm ki, bir-iki söz deyəm, amma yox, qoy, əvvəl bunu yazım:
"Bürhani-tərəqqi" qəzetəsində bir belə şey oxudum:
"Həştərxanın yanında olan Fonton kəndində bir nəfər molla camaatı başına yığıb, həmişə deyirdi ki, ay camaat, məndən sizə əmanət, həmişə bacarın, sədəqə verin, sədəqə verin, bir də sədəqə verin. Bir dəfə camaat yığılıb, sədəqə üçün hər evdən bir manat yığdılar və həman mollanın yanına da gedib, dedilər ki, di buyur, özün de bir manat sədəqə pulu çıxart. Ravi belə rəvayət eləyir ki, mollanın bu sözlərə bərk acığı tutub dedi ki, rəhmətlik uşağı, siz nə axmaq tayfasınız, mən özüm elə hazır burda sədəqə yığıram, siz gəlib, məndən də sədəqə pulu istəyirsiniz, utanmırsınız? Heç ayıb deyil? Bu saat yığdığınız pulu bura verin, yoxsa bilirsiniz sizin başınıza nə oyun açaram?!
Ravi deyir camaat məəttəl qaldı".
Burada istəyirəm ki, bir-iki söz deyəm, amma yox, qoy əvvəl bir bunu da yazım.
"Ülfət" qəzetəsinin 70-ci nömrəsində bir belə şey oxudum.
"Bir dəfə atamız azarladı. Gedib molla Abdullanı çağırdıq gəlmədi. Bir də çağırdıq gəlmədi. Bir də çağırdıq gəlmədi. Axırda atamız onu gözləməyib, durdu çıxdı getdi axirətə. Gedib Molla Abdullanı bir də çağırdıq, bu dəfə gəldi və gələn kimi dedi atanız mənə nə vəsiyyət elədi? Dedik, bir at və bir inək.
Başınıza dönüm, bu molla bir fısqırıq çıxartdı ki, gəl tamaşa elə. Əşi, dedi mən uşağam ki, mənə bir at, bircə də inək bağışlayırsınız? Bu saat mənə iki at, iki inək və bir az da pul verməsəniz atanızı dəfn eləməyəcəyəm. Şəriətcə üç gün meyiti saxlamağa mollanın ixtiyarı var. İndi öz keyfinizə baxın! Başladıq yalvarmağa ki, ay molla, axı belə eləmə, kişinin meyidi yerdə qalıb, əvvəl bir onu dəfn elə, sonra istərsən gəl, bizi lap soy! Dedi: Siz öləsiniz olmaz. Dediyim şeyləri yanıma yığmasanız, atanızın meyidi ortalıqda qalacaqdır. Özünüz bilin...
Axırdan-axıra qonum-qonşu gəlib yalvarır, mollanı bir təhər könülə gətirdib və maldan, puldan arxayın eləyib, rəhmətlik kişini dəfn elədik.
Burada istəyirəm ki, bir neçə söz deyəm...".
(Rəhmətliyin oğlu, nə var ki, nə deyəsən?).
                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 345-346.