Üzeyir Hacıbəyli

Ordan-burdan: [Daha görün nə var!]

Dünən Zəngəzurdan, Sisiyan mahalından gəlmiş bir məktubu oxudum və yenə dünən Dağıstan tərəflərindən bir əhvalat eşitdim. Nə kağızın məzmununu və nə də əhvalatın nə olduğunu burada söyləməyəcəyəm və deməyəcəyəm ki, haman kağızın axırında on nəfər adamın qolu var idi və Dağıstan əhvalatını söyləyən adam da çox mötəbər şəxs idi. Heç burasını söyləməyəcəyəm ki, kağızı yazıb qol qoyanlar Sisiyan mahalında bəzi “Molla” adlı, amma, iblis sifətli adamlardan şikayət ediblər (belə rəvayət eləyirlər ki, iblis həmişə insanları bir-birinə yaği eləyir) və heç ağız açmayacağam ki, Dağıstan ətrafında qara-qara adamlar qara-qara xəbərlər salıb, qara-qara ağılları, qara-qara işlərə və qara-qara ürəkləri, qara-qara təmələrə həris etmək üçün qırmızı adamlardan qırmızı pullar alıb, qırmızı işlər görmək istəyirlər. Bunu dəxi ürəyimdə saxlayıb, heç kəsə deməyəcəyəm ki, haman “Molla” adlı və [...] sifətli adamlar mərifətsizlik zülmətinin içində ola-ola öz adlarını “alim” qoyub, nadan və qanmazların pislərindən də pis hərəkət çıxardırlar və həmin qara ürəkli adamlar da öz əcdadlarına ən alçaq bir nökərçilik edib, axırda öz qardaşlarının cəlladları olmaq divanəliyinə mübtəladırlar...
Qərəz, bu sözləri mən açıb, demək istəməyirəm, ancaq üzümü bütün müsəlmanlara tutub... əzoncümlə deyirəm: Daha görün nə var!
                                                                                                                * * *
Hamı bilir ki, ittifaq yaxşı şeydir və hamıya məlumdur ki, əgər şəhadət barmaq baş barmaq ilə ittifaq etməsə, heç vaxt ispiçkə çöpünü yerdən götürə bilməzlər.
Amma bainhəmə, hər kəs ittifaqı bir ayrı cürə anlayır. Məsələn, birisi deyir ki:
İttifaq çox yaxşı şeydir, amma bunun “donos” yazmağa heç bir dəxli yoxdur.
Bir ayrısı deyir:
İttifaq çox gözəl şeydir, amma bunun pul qırmağa və pul qırmaq üçün iki qardaşı bir-birinə qırdırmağa heç dəxli yoxdur.
Bir özgəsi deyir:
İttifaqın heç əvəzi yoxdur, amma bunun xalqı tovlayıb cibini kəsməyə nə dəxli var?
Bir qeyrisi də belə deyir:
İttifaq dedikcə yaxşı şeydir, amma bunun xalqa badalaq qurub yıxmağa nə dəxli var?
Və bunlar hamısı ittifaqı bu cürə anlayıb bu cürə də iş görürlər. Odur ki, məsələn, mənim kimi ittifaqı özgə cürə anlayan yazıqlar belə- belə zadları görüb, çox vədə mat qalırlar və az vədə deyirlər ki: Paho! Dünyada qəribə bic-bic adamlar varmış!..

                                                                                                                                               Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 285-286.