Üzeyir Hacıbəyli

Köçürtmək məsələsi

"İrşad"ın 62-ci nömrəsində Əhməd bəy cənabları yer məsələsi haqqında yazmış olduğu məqaləsində, bunu yetirir ki, əgər kadet və sağ partiyaların yer haqqında olan məramnamələri dumada qəbul olunub ümumi dövlət qanunu halını kəsb etsə, ola bilər ki, hökumət bu qanundan istifadə edib, Qafqaz yerlilərinin ərazisinı rus mühacirlərinə versin; doğrudan da burası şayani-əndişə bir nöktədir və orası dəxi şayani-məsərrət bir haldır ki, müsəlman fraksiyası işin bu cəhətinə nəzər yetirib bunu kadetlərə ixtar edibdirlər və kadetlər məramnaməsinə görə yerin ümumi dövlətin olması əvəzində, əhalinin öz zəxirəsi olmaq qaydasını lüzumunca göstəribdirlər.
Doğrudan da, içəri rusiyalıların hökumət binagüzarlığı ilə Qafqaza köçürülüb, əhalinin yerlərini əllərindən almaları o qədər böyük bir ədalətsizlikdir ki, buna diqqət yetirib fəsxinə çalışmamaq olmaz. Bu işdə, yəni rusları daxili Rusiyadan köçürüb Qafqazda sakin etdirməkdə hökumətin fikri bir o qədər kolonizasiya təşkili deyil, nə qədər ki Qafqazın yerli əhalilərini sıxmaq və bununla ya rusluğa və yaxud tərki- vətən qəsdinə məcbur etməkdir. Tərəfi hökumətdən ittixaz olunmuş bu politika ibtidasından indiyə qədər yüz minlərcə Qafqaz yerlilərinin tələf olmasına və ya tərki-vətən edib dərbədər düşməsinə bais olubdur.
Biz böyük bir ümid bağlamışıq ki, Rusiyada məşrutiyyət əsasları möhkəm ediləndən sonra hökumətin bu nifrətli politikasına bir xitam çəkilib Qafqaz nəməli öz yerlərində asudəcə dolanmağa başlar.
Lakin bu yer məsələsi araya düşdükdən bəridir ki, Qafqaz yerlərinin rus mühacirlərinə verilmək qorxusu bəzi zəvatı əndişə və təlaşə sövq edir. Biz dəxi bu əndişəyə şərikik; fəqət digər tərəfdən bizə bir ümmidi-təsəlli verir ki, madam ki, Rusiya dövləti, bütün padşahlıq, monastr, mülkədar və sairə yerləri əhali sitifadəsinə vagüzar edəcək dərəcə məşrutiyyət halını kəsb edərsə, o surətdə rusifikasiya, cəbr və təzyiq politkası dəxi fəsx və məhv olunub gedər.
Doğrudan da bunu mülahizə edəlim ki, içəri rusiyalıları Qafqaza köçürməkdə hökumət bu səbəb göstərir ki, Rusiyada kafi dərəcədə yer yoxdur. Bu da doğrudur. Yerlərin lap yaxşıları və hələ demək olur ki, çox hissəsi padşahlıq, kabinə, monastır, mülkədar malı olduğu halda əlbəttə, yazıq kəndli üçün bir şey qalmaz.
Amma vaxti ki, bu yerlər azad olunub, büsbütün əhaliyə verilərsə, dəxi Rusiyada kəndli üçün yer yoxdur deməyə hökumətin haqqı olmaz və olmadığı halda içəri Rusiya kəndlilərini dəxi Qafqaza köçürtməyə heç bir səbəb araya bilməz.
Lakin bu ümid ilə bərabər, biz yenə xof və təlaşda olub, bu "pereselenie" məsələsinə böyük diqqət yetirib, azad olunan surətdə həll edilməsini canü dildən arzu edirik və kəmali-məmnuniyyətlə bunu eşidirik ki, Qars məbusu Atabekyansın yazdığına görə kadetlər duma sədrinə bir kağız verib soruşurlar ki, Qafqaz canişini Qafqaza dair bəzi mühüm məsələləri və əzoncümlə həman bu "pereseleniyanın" qət edilmək məsələsini dumaya yazıb bəyan edəcəkdirmi? Müsəlman vəkili Xanxoyski cənablarının nitqindən və erməni vəkili Atabekyansın bu yazdığından məlum olur ki, Qafqaz vəkilləri bu məsələyə lazım olan diqqəti yetiribdirlər.

                                                                                                                                               Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 312-313.